Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-20 11:12:54
İmtahandan yüksək bal toplayan müəllim:” Suallar yanlış deyil, düşündürücüdür və elə ona görə də...”  

“Mən 60 sual arasında heç bir yanlışa rast gəlmədim. Sadəcə, suallar düşündürücü idi. Onları diqqətlə oxumaq lazım idi. Hər tapşırığın müəyyən cavabı vardı”.

Bu sözləri AzEdu.az-a açıqlamasında müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqədə  yüksək nəticə göstərənlərdən biri Şəhran Güləmmədova deyib. 58 bal toplayan müəllim iki səhvinə görə təəssüf hissi keçirdiyini bildirib:

“İmtahanın adı belə adamı həyəcanlandırır. Mənim isə məqsədim 60 bal toplamaq idi. İki səhvim olduğuna görə, çox təəssüf  edirəm. İnsan həyəcanlananda maksimum bal toplaya bilmir.

İmtahan çox yaxşı, elektron sistemlə təşkil olunmuşdu. Bu sistemdə imtahan bitən kimi balı görə bilirdik. Amma hansı fəndən səhv, hansından düz cavab yazmağımız görünmür. Amma bir səhvimin məntiqdən olduğuna əminəm. Bunu yalnız şəxsi səhifəmə gəldikdə biləcəm. Bu isə imtahanlar tam başa çatdıqdan sonra mümkün olacaq”.

Sualların çətinlik dərəcəsi haqda danışan müəllim 12 illik təcrübəsi olduğunu qeyd edib:

“Suallar elə də çətin deyildi. Amma düşünüdürücü tərtib olunmuşdu. Asan və orta səviyyəli test tapşırırqları da vardı.  Bilən adam üçün sualların çətinliyi normal idi.

Mən imtahana hazırlaşmamışam. Yalnız məntiqdən özüm məşğul olmuşdum. 12 illik təcrübəm var və işləyirəm. Sadəcə, yerdəyişməyə görə imtahan vermişdim”.

O, imtahanda aşağı nəticə göstərən müəllimlərə də münasibət bildirib:

“Az bal toplamaq öz üzərində çalışmamaqdan irəli gəlir. İnsan qarşısına məqsəd qoyur və çalışırsa, mütləq nəticə əldə edəcək. Bütün suallar kitablardan salınır.  Sadəcə o kitabları oxumaq və istiqamət lazımdır. Heç bunun üçün əlavə hazırlığa getməyə də də ehtiyac yoxdur. Biz elə yaşdayıq ki, oxuduğumuz şeyi özümüz də şərh edə bilərik. Yüksək nəticə əldə etmək istəyən sadəcə əziyyət çəkməlidir”.

Müəllimlərin səhv suallarla bağlı iradına cavab olaraq isə testlərin yanlış deyil, sadəcə, düşündürücü tərtib olunduğunu vurğulayıb: 

“Bəzən, sosial şəbəkələrdə müəllimlərin iradına rast gəlirəm. Deyirlər ki, suallar səhv tərtib olunduğuna görə aşağı bal topladıq. Amma mən 60 sual arasında heç bir yanlışa rast gəlmədim. Sadəcə, suallar düşündürücü idi. Onları diqqətlə oxumaq lazım idi. Hər tapşırığın müəyyən cavabı vardı. Bu, böyük imtahan olduğu üçün yəqin ki, suallar yoxlanmadan verilməzdi. Suallarda səhv olduğuna inanmıram.

Mən Bakıda işləmək istəyirəm. Elə buna görə də yüksək bal toplamaq üçün çalışırdım. Mən Naxçıvanda yaşayıram. Ailəm Bakıya köçdüyünə görə bura yerdəyişmə etmək istəyirəm”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları