Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-17 10:14:00
Tələbələrin ixtisas seçimində ciddi çətinliklər: "Yer ayrılmadı, məcburən seçimimi dəyişdim”  

Dünən rezidenturaya qəbul olunmaq istəyənlərin ixtisas seçimi başa çatıb. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq, bitirdiyi fakültəyə müvafiq ixtisasları  “Rezidentura” jurnalının III nömrəsində dərc olunan “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib, təsdiq ediblər.

Bu ildən etibarən,  rezidenturaya məqsədli qəbul aparıldığına görə, DİM namizədlərə ixtisas seçimi zamanı  daha diqqətli olmağı tövsiyə edib. Belə ki, məqsədli qəbul aparılan ixtisasları seçənlər rezidentura təhsillərini başa vurduqdan sonra ixtisasın qarşısında qeyd olunan tibb müəssisəsinə təyinat alaraq, 3 il orada çalışmalıdırlar.

Elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər isə müsabiqəyə buraxılmayacaqlar.

Bəs, rezidenturaya imtahan verənlərin ixtisas seçimi zamanı üzləşdikləri əsas çətinliklər nələrdir?

Tibb məzunları ixtisas seçimində üzləşdikləri çətinlikləri AzEdu.az ilə bölüşüblər. Onlar əksəriyyəti  xəstəxanalarda çox ixtisaslara yer ayrılmadığına görə  qərarsızlıqla üzləşiblər:

Azərbaycan Tibb  Universitetinin tələbəsi, rezident namizəd Xəyalə Məmmədli başqa ixtisasları yazmaq məcburiyyətində qaldığını bildirib:

“Əvvəldən nəzərdə tutduğum xəstəxanada istədiyim ixtisasa yer ayrılmadı. Çoxlarında olduğu kimi mənim də əsas çətinliyim bu baxımdan oldu. Buna görə ixtisas seçərkən, qərarsızlıqla üzləşdim. Başqa ixtisasları yazmaq məcburiyyətində qaldım. Yəqin ki, yazdığım ixtisaslardan  birinə düşərəm”.

Azərbaycan Tibb  Universitetinin tələbəsi Nağızadə Kənanənin sözlərinə görə bu il rezidentlərin seçim şansı azalıb:

“Keçən ilə qədər çox yaxşı rezident  hazırlayan xəstəxanalar vardı. Bu il isə onlarda yer açılmadı. Yəni, əvvəlki illərə müqayisədə seçim şansımız azaldı”.

O, qəbul olunacağı klinikanın ürəyincə olmayacağını bildirib:

“Bakı şəhəri üzrə bəzi ixtisaslara ümumiyyətlə, yer verilmədi. Məsələn, qastroenterologiya ixtisasına. Əvvəldən nəzərdə tutduğum M.Nağıyev adına Klinik Tibbi Mərkəzdə yer açılmadığına görə məcburən seçimimi dəyişməli oldum. Yəqin ki, elə ilk sıralarda yazdığım ixtisaslara düşəcəm. Sadəcə, klinika ürəyimcə olmayacaq”.

Azərbaycan Tibb  Universitetinin tələbəsi  Leyla Süleymanlı isə xəstəxana seçimində çətinlik çəkdiyini qeyd edib:

“İxtisas seçimi zamanı əsas çətinliyin qərarsızlıq, bir neçə ixtisas arasında qalmağım və xəstəxana seçimi ilə bağlı oldu.

Əsasən terapevtik yönümlü ixtisaslara üstünlük verirəm. Məsələn, kardiologiya, pediatriya və s”.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanı ikimərhələli keçirilir. Suallar birinci mərhələdə baza, ikincidə isə kliniki fənlər əsasında tərtib olunur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları