Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-12 14:30:00
Təhsil ekspertindən həyəcan təbili: "Bizə həkim lazımdır, yoxsa idman müəllimi?"

“Regionlarda həkimlərə ciddi ehtiyac var. Məncə, Nazirlər Kabineti plan yerlərinə yenidən baxmalı, tibb ixtisası üzrə plan yerləri artırılmalıdır. Gələcəkdə bu azalmanın mənfi nəticələri olacaq”.

Bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

O, plan yerlərini keçənilkilərlə müqayisə edərək ciddi azalma və artım müşahidə edilən ixtisasların adlarını açıqlayıb:

“2018-2019-cu tədris ili üçün ali məktəblərin plan yerləri açıqlanıb. Demək olar ki, btrün ixtisaslar üzrə plan yeri artıb. Kəskin artım daha çox bədən tərbiyəsi, ciddi azalma isə tibb ixtisası üzrə oldu.

Belə ki, 2017- ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə (Bakı və Naxçıvan daxil olmaqla) 1075 yer ayrılmışdı. Bu il isə  bu rəqəm 785olub. Yəni, keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayı 290 yer azalıb.

İdman ixtisassı üzrə isə 2017-ci illə müqayisədə 2018-ci ildə plan yerləri ciddi sayda artıb. Keçən il Azərbaycan və rus bölməsinə bədən tərbiyəsi üzrə 1155 plan yeri ayrılmışdı. Bu il isə yerlərin sayı artaraq 1505olub. Yəni 2017-ci illə müqayisədə 2018-ci ildə bədən tərbiyəsi üzrə plan yerləri 350 yer artıb”.

 Onun sözlərinə görə bədən tərbiyəsi ixtisasını bitirənlərin böyük əksəriyyəti bu sahə üzrə çalışmır:

“Əlbətdə, ölkəyə sağlam, idmançı gənclər lazımdır. Amma etiraf edək ki, bədən tərbiyəsi ixtisasına qəbul olanların böyük əksəriyyəti başqa ixtisas qruplarına daxil ola bilməyib, “təki universitet olsun” prinsipi ilə bura gələnlərdir. Üstəlik bədən tərbiyəsi ixtisasını bitirənlərin demək olar ki, böyük əksəriyyəti bu istiqamətdə çalışmır”.

Tibbin  plan yerlərinin azalmasından narahat olan ekspert gələcəkdə bunun mənfi nəticələri olacağını bildirib:

Halbuki, regionlarda həkimlərə ciddi ehtiyac var. Məncə, Nazirlər Kabineti plan yerlərinə yenidən baxmalı, tibb ixtisası üzrə plan yerləri artırılmalıdır. Gələcəkdə bu azalmanın mənfi nəticələri olacaq. Bizə həkim lazımdır yoxsa idman müəllimi?”

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları