Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-10 13:00:00
“İcra hakimiyyəti  orqanlarında  memarların olmaması şəhərsalma işlərində müəyyən problemlər yaradır” – MÜSAHİBƏ

Gülçöhrə Məmmədova: “Çox istərdim ki, Azərbaycanın öz təhsil modeli olsun” 

AzEdu.az-ın “Danışır rektor” layihəsinin budəfəki qonağı  Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovadır:

 

-Son aylarda təhsil camiəsində yaşanan  prosesləri necə qiymətləndirə bilərik? Sizcə, baş verən dəyişikliklər – əsasən də yeni nazir təyinatı - Azərbaycan təhsilinə nələr bəxş edə biləcək? 

-Yeni təyin  edilən nazir əslində, təhsil sistemimizdə  təzə  deyil; o, uzun müddət təhsil nazirinin müavini vəzifəsində çalışıb və biz onu çox gözəl tanıyırıq. Bu  illər ərzində  iş üslubu ilə  tanış olmuşuq. Nazirin  özü də ali məktəblərlə, ali təhsil sistemimizlə çox yaxşı tanışdı; dəfələrlə tədbirlərimizdə iştirak edib.  İntellektual səviyyəsi yüksək, çox ziyalı, ağıllı, təmkinli şəxs, iş görən  insandır. Ona görə də  düşünürəm ki, belə bir nazirin təyinatı yalnız və yalnız təhsilimizin inkişafına öz müsbət təsirini göstərəcək.

 

-Bizdə  təhsil haqqında çərçivə qanunu  2016-cı ildə  qəbul edilib. Bundan sonra da  bir neçə törəmə qanun - məktəbəqədər təhsil və  peşə texniki təhsil ilə bağlı qanunlar - qəbul edildi. Bu gün sırf ali təhsil müəssisələri ilə bağlı  qanunun qəbuluna  sizcə nə dərəcədə ehtiyac var?   

- “Təhsil haqqında” Qanun çox böyük müzakirələrdən sonra qəbul edildi. Yadımdadır, bu qanun layihəsi o zaman  ümumxalq müzakirəsinə  verilmişdi.
Bununla bağlı ictimaiyyət nümayəndələri, təhsil işçiləri ilə görüşlər oldu, müzakirələr aparıldı, çoxsaylı fikirlər söylənildi.  Nəhayət, bu qanun qəbul edildi. Artıq o vaxtdan uzun müddət  keçib, bugün  həm dünya, həm Azərbaycan çox böyük sürətlə inkişaf edir.  Heç nə donmuş  vəziyyətdə  qalmır; həyat inkişaf edir və inkişaf etdikcə,  yeniləşdikcə qanunlara da müəyyən yeniliklərin əlavə olunma zərurəti ortaya çıxır. 

Bu yaxınlarda Milli Məclis  Təhsil Nazirliyinin  “Təhsil haqqında” Qanuna  müəyyən dəyişiklər və  əlavələrlə bağlı göndərdiyi təklifləri  müzakirə edib.   Artıq  “Təhsil haqqında” Qanuna  müəyyən  dəyişiklər barədə Milli Məclis qərar qəbul etdi və Azərbaycan Prezidenti bununla bağlı Fərman imzaladı. Dəyişikliklər çox proqressivdir və təhsilin yenilənməsi, inkişafı üçün yaxşı əsas yaradır.

O ki qaldı ali məktəblərə,  bilirsiz,  əsas məsələ  o deyil ki, bu gün hansı  təhsil növü daha vacibdir və  ona aid qanun layihəsini daha tez  hazırlamaq lazımdır.  Bu işlər müəyyən  ardıcıllıqla görülür. Digər tərəfdən də ali təhsil  o qədər mürəkkəb,  o qədər sürətlə dəyişən,  dünyanın müasir tələblərinə uyğunlaşan bir sistemdir ki,  onunla bağlı  qanunu hazırlamaq daha  çətindir. Hər halda, düşünürəm ki, Milli Məclisin planında bu da var  və ümid edirəm ki,  belə bir qanun da hazırlanacaq. Həmçinin, hesab edirəm ki, hər bir universitet rektoru,   ali məktəblərin professor -müəllim heyəti də bu qanunun yazılmasında, formalaşmasında canla-başla iştirak etməyə hazırdır.

 

-Milli Məclisin Elm və Təhsil Komitəsində  müzakirə olunan məsələlərdən biri də yeni nazir Ceyhun Bayramovun  beynəlxalq fənn olimpiada  qaliblərinin   imtahansız və xüsusi güzəştlərlə ali məktəblərə  qəbul olunması təklifidir. Siz bir   professor və  rektor kimi bu təklifi  necə qiymətləndirirsiz? 

-Müsbət qiymətləndirirəm! Doğrudan da, şagirdlərimiz, gənclərimiz   nüfuzlu beynəlxalq olimpiyadalarda  böyük mükafatlar əldə edib, yüksək yerlər tuturlarsa, onların uyğun  ixtisaslar üzrə universitetlərə qəbul olunması  çox arzuolunandır. 

Şəxsən mən buna çox  şad olaram. Əgər  bizim universitetə beynəlxalq  olimpiyadaların qalibləri olan şagirdlərdən   10-15 nəfəri qəbul olunsa, bu, universitetimiz  üçün gözəl hadisə olardı. 

-Təhsil haqqında qanuna təklif edilən bu əlavə Milli Məclisdə müzakirəyə çıxarılanda Asim Mollazadə  və bir başqa millət vəkili  də bunun əleyhinə çıxmışdı. Onların fikrincə,   bu zaman imkanı olan şəxslərin uşaqları olimpiyadalara göndəriləcək və   irəli getmələrinə şərait yaradılacaq. Eyni zamanda,   maddi baxımdan aşağı təbəqənin  övladları belə olan halda, heç cür  yer tuta bilməyəcəklər...  

Başqa məsələ də var: olimpiada qalibi yalnız bir fənndən yaxşı nəticə göstərib, uğur qazanır, amma hər qəbul qrupunda 5 fənn var.  Həmin şagird bəlkə yerdə qalan fənləri zəif bilir.... 

-... Əlbəttə, hər məsələdə fikir ayrılığı ola bilər və   hər kəsin şəxsi  fikrini söyləmək ixtiyarı var.  Mənimsə fikrim belədir ki, bu, çox  müsbət  addımdır.  

İkinci məsələ isə, deyirsiniz ki, şagirdlər  imtahan verdikdə, bilikləri bir neçə fənn üzrə sınanılır, olimpiyada da isə yalnız bircəsindən əla nəticələri var... 

Düşünmürəm ki, məsələn, kimyadan   beynəlxalq olimpiyadada - Azərbaycan sərhədlərindən kənarda - yüksək yer qazanan şagird  riyaziyyatı heç olmasa, orta səviyyədə bilməsin. Adətən, yaxşı oxuyan  tələbələr, şagirdlər bütün fənlərdən   eyni,  yaxud, yaxın nəticələr göstərirlər.  Zəif oxuyan şagirdin  hansısa beynəlxalq   olimpiyadada  yer tutması  məncə, mümkün deyil.  

Yüksək mükafatları alacaq şagirdlərin  yalnız  müəyyən yüksək  təbəqəyə  aid olacağı ilə razı deyiləm. Bir baxın, abituriyentlərimiz  içərisində  700 bal qazananların neçə  faizi yüksək təbəqədəndir? Şəkinin  kəndindən də, hansısa ucqar rayonumuzdan da,  məcburi köçkün məktəbindən də yüksək nəticə göstərənlər  var. 

Hesab etmirəm ki, bu əlavə  kiminsə hüquqlarının pozulmasına səbəb olacaq, əksinə,  yalnız yaxşı oxuyan şagirdlərimizi  daha da yaxşı oxumağa, həvəsləndirməyə  gətirib çıxaracaq. Mən belə düşünürəm. 

Bir də, hansısa fənn üzrə bir qrup şagirdimiz harasa göndəriləndə  düşünmürəm ki, onların hamısı öz atasının verdiyi yol xərci ilə xarici ölkələrə yollanırlar. Yəqin ki, bunu təşkil edən təşkilatlar var,  Təhsil Nazirliyi  tərəfindən  yəqin,  bu işlərə  sponsorlar  dəvət olunur, yaxud,   dövlət qurumları da bunlara müəyyən   dəstək verirlər.  Yəni   fikrimcə,  şagirdlərin beynəlxalq uğur qazanmasında o problem olmayacaq. 

- Bu gün  Dövlət  İmtahan Mərkəzi  ilə Təhsil Nazirliyi arasında  kollegial əlaqələr genişlənib, inkişaf edib. Əvvəllər etiraf edək ki,  bu iki qurum arasında müəyyən  bir mübahisələr yaranır, müəyyən konfliktlər yaşanırdı. Amma Mikayıl Cabbarovun gəlişindən sonra  bu aradan qalxdı, əməkdaşlıq sürətləndi və hazırda getdikcə artmaqdadır. Sizcə, bu gələcəkdə Azərbaycan təhsilinə hansı istiqamətdə müsbət fayda verəcək? 

-DİM-lə nazirlik arasında  əvvəllər  müəyyən məsələlərə görə fikir ayrılığı var idisə,   bu,  yalnız  elə “fikir ayrılığı” idi və ümumi fəaliyyətə təsir etmirdi.  Müzakirə olunan və ümumi qərar çıxarılana qədər  hər  bir adamın,  qurumun öz fikrini, mövqeyini söyləməyə haqqı var.   Hər hansı fikir ayrılığı  müzakirə platformasında idi.  Sonda  isə bir ümumi qərar qəbul edilir və hər iki qurum bu ümumi qərarı yerinə yetirirdi.

Hər iki qurum  Azərbaycanın ümumi  strategiyası, ümumi siyasətinə qulluq  edir, onların çərçivəsində  hərəkət edir. Hər ikisinin  məqsədi Azərbaycanda  gözəl təhsil  qurmaq və  ölkəmizə gözəl mütəxəssislər  yetişdirməkdir. Əsas məqsəd budur və ona çatmaq üçün əgər hansısa taktiki məsələlərdə fikir ayrılğı varsa, düşünürəm ki, onlar da  müzakirə zamanı həll olunmalı və ümumi strategiyaya əsasında həyata keçməlidir. 

-Bəs AMEA   ilə universitetlərin, başqa cür desək,   bu gün elm və təhsilin  inteqrasiyası, yaxınlaşması qarşılıqlı əlaqəsi  sizi nə dərəcədə qane edir?

 

- Bu istiqamətdə həm Azərbaycan Milli Elmlər Akademiyası, həm universitetlər tərəfindən işlər aparılır. O işlərin bir neçə  istiqamətini    sadalaya bilərəm. Məsələn, bilirsiniz ki,  bütün elmi təqdiqat işlərini  AMEA koordinasiya edir.  Orada müxtəlif  elm sahələri üzrə koordinasiya şuraları formalaşıb.  Şuralara  həm Milli Elmlər Akademiyasının, həm də universitetlərin əməkdaşları daxildir. Beləliklə,  Azərbaycanda  elmi tədqiqat  istiqamətləri bir mərkəzdə koordinasiya edilir. Sonra universitet müəllimləri, universitetin tədqiqatçıları  akademiyanın müxtəlif institutlarında fəaliyyət göstərən  alimlərlə birgə  elmi layihələr hazırlayıb, birgə elmi mövzular ətrafında işləyirlər.  

Üçüncü faktor  isə, AMEA-nın elmi təqdiqat institutlarında universitetlərin   baza kafedralarının açılmasıdır. Biz bu səviyyədə də əməkdaşlıq  edirik.  Həmin o filiallarda  da birgə elmi təqdiqat işləri eyni zamanda təhsil prosesi həyata keçiriləcək.  Bizim magistratura pilləsində təhsil alan tələbələrin bu baza kafedralarının imkanlarından istifadə edəcəklər.

Biz  əvvəllər də , elə indi də AMEA-nın aparıcı əməkdaşlarını, alimlərini universitetimizə  tədrisə - mühazirə oxumağa, dərs deməyə - dəvət edirik. Bizim Memarlıq fakültəmizdə AMEA-nın Memarlıq və İncəsənət   İnstitutunun iki elmlər doktoru, professoru uzun müddətdir,  dərs deyirlər və onlar  ən  hörmətli  müəllimlərimizdən hesab olunurlar. Birgə işin  bir neçə fəaliyyət  istiqamətini sadaladım.  Deyim ki, bu gün həm AMEA, həm də  universitetlər  daha yaxşı inteqrasiya üçün yeni yollar arayırlar. 

-Məktəbəqədər təhsil müəssisələri- bağçalar bu gün yerli icra hakimiyyətlərinin  tabeliyindədirlər.  Bu gün həmin bağçaların  oradan alınıb Təhsil Nazirliyinin tərkibinə verilməsi ordakı  tədris metodologiyasının inkişafı üçün  sizcə nə dərəcədə faydalı ola bilər?

 

-Bu suala cavab vermək üçün gərək,  məktəbəqədər təhsil ocaqlarının işi ilə yaxşı tanış olasan, oradakı prosesləri yaxşı biləsən ki,  dediyin söz hansısa  faktlara əsaslansın. Məndə bu faktlar yoxdur, çünki fəaliyyət sahəm tamamilə başqadır - ali təhsildir, universitetlərdir, elmdir...  Amma sadəcə, bir şeyi bilirəm ki, son illərdə  bizdə məktəbəqədər təhsil çox inkişaf edib. Çoxsayılı yeni  uşaq bağçaları, bu səviyyədə fəaliyyət göstərən  başqa təhsil mərkəzləri  yaradılıb.  Eşitdiyim iki   rəqəmi nəzərinizə çatdırmaq istəyirəm:  əgər  əvvəllər məktəbəqədər  yaşda olan uşaqlar yalnız 30% bağçalarla təmin  edilirdisə, indi  təminetmə  faizi 60-a yaxındır.

Qısa müddət ərzində faiz göstəricisi  iki dəfə çoxalıb. Son 5-6-ildə və bu sahədəki durum xeyli yaxşılaşıb.  Lakin sizin sualınıza – idarəetmə cəhətdən bağçaların hara tabe olunması yaxşı olar? -  cavab verməyə çətinlik çəkirəm. 

-Gülçöhrə xanım, bu gün  dünyada  inkişaf  mexanizminə görə seçilən məşhur təhsil modelleri var: Finlandiya, ABŞ, Koreya, Yaponiya, Sinqapur və s.

Hansı xarici  ölkənin təhsil modelinin  Azərbaycanda tətbiq olunmasını istərdiniz?

 

-Mən istəyərdim ki, Azərbaycanda  elə Azərbaycan təhsil modeli  formalaşsın.  Çünki Azərbaycan bu gün çox böyük sürətlə inkişaf edir,  bir çox sahələrdə  öz sözünü deməyi bacarır.  Bu gün Azərbaycanın iqtisadi inkişaf  modeli var və   bir sıra ölkələr tərəfindən  bu model öyrənilir, başqaları onun  necə tətbiq edilməsi barəsində düşünürlər. Buna görə də  istərdim ki, Azərbaycanın özünün təhsil  modeli olsun!

Bu modeldə də əlbəttə ki,  bizim XX əsrdə formalaşmış təhsil ənənələrimizin  müsbət məqamları da  saxlanılsın.  Eyni zamanda, çağdaş  dünyanın və  müasir təhsil sisteminin  tələbələri də orada öz əksini tapsın.

-Gülçöhrə xanım,  hazırda  Memarlıq və İnşaat Universitetinin apardığı əməkdaşlıq layihələri, müxtəlif elmə yönəlik fəaliyyətləri haqqında danışaq...

 

- Universitetimizin beynəlxalq əlaqələri çox genişdir. Burada söhbət həm müxtəlif beynəlxalq təşkilatlarda üzvlükdən, həm  müxtəlif dünya universitetləri ilə ikitərəfli  müqavilələr əsasında əməkdaşlıqdan gedir.  Söhbətin bu yerində universitetimizdə oxuyan  xarici tələbənin də sayını qeyd etmək lazımdır. Çünki  bu,  çox vacib  faktordur: universitetdə bakalavratura, magistratura pilləsində təhsil alanların  10% xarici vətəndaşlardır.  Bu da Azərbaycan üçün yüksək  göstəricidir.  

O ki qaldı konkret layihələrə,   mən bir neçəsinin adını çəkmək istəyirəm. Bilirsiniz ki, Avropa Birliyinin həyata keçirdiyi Erasmus+ lahiyələrində  bütün Azərbaycan universitetləri iştirak etmək üçün çalışır.  Biz də  belə layihələrin  bir neçəsində iştirak edirik.  Tərəfdaşlarımız  Portuqaliya,   İspaniya, Fransa, İtaliya və Baltikyanı ölkələrindəndir. Bizim distant təhsilə həsr olunmuş bir layihəmiz var. Onu bu ildən reallaşdırmağa başlayacağıq. 

Həmçinin, Fransa, İspaniya, İtaliya universitetləri ilə apardığımız çoxsayılı layihələr nəticəsində,  tələbələrimiz həmin ölkələrin universitetlərində müəyyən vaxt təhsil alıb universitetimizə qayıdırlar.  Bunun  çox böyük əhəmiyyəti var.  Çünki tələbəmiz  xarici təcrübə ilə tanış olur, Avropa universitetləri mühitində  formalaşır və təhsil motivasiyası artır.  Tələbələrimiz xaricdən qayıdıb gələndən sonra ətrafdakı  kütləyə də  təsiri çox böyük olur.   

Erasmus layihələri çərçivəsində  tək tələbələrimiz yox, eyni zamanda, müəllimlərimiz də , əməkdaşlarımız da  ixtisasını artırır, müəyyən təqdiqat işləri aparırlar.   

- Bu gün Azərbaycanın,   xüsusən də Bakının  həm regional planlarında, həm də  yerli icra hakimiyyətlərində memarlıq şöbələrində  Memarlıq və İnşaat Universitetinin tələbələrindən sizcə nə dərəcədə   istifadə olunur? 

-Memarlıq və İnşaat Universitetinin məzunlarına ölkəmizin şəhərsalma, memarlıq və inşaat fəaliyyətini həyata keçirən bütün qurumlarında ehtiyac var. Məzunlarımızın 60% çoxunun öz ixtisası üzrə işləməsi düşünürəm ki, yaxşı göstəricidir. Hazırladığımız tələbələr dövlət qurumlarında, layihə institutlarında, özəl şirkət və firmalarda çalışırlar. Qeyd etməliyəm ki, universitetimizin məzunu olmuş əcnəbi vətəndaşlarla yanaşı, azərbaycanlı məzunlarımızın bir hissəsi xarici ölkələrdə işləyirlər.

Bizim universitetin məzunlarına tələbat var. Bir çox iri şirkətlər və müəssisələr universitetlə əməkdaşlıq edərək, hələ təhsil zamanı gələcək işçilərini  tələbələr arasından seçirlər. İstehsalat təcrübələri zaman özünü müsbət tərəfdən göstərən  tələbələrimizdə sonda müəssisə tərəfindən işə dəvət alırlar.

Mütəxəssislərimiz ölkəmizdə aparılan tikinti quruculuq işlərinin həyata  keçirilməsində aparıcı yer tuturlar. Şəhərlərimizin abadlaşması, yeni yolların salınması, körpülərin tikilməsi, yaşayış və ictimai binaların, ucaldılması, mühəndis sistemlərinin quraşdırılması bizim məzunlarımızın – inşaatçıların, memarların, nəqliyyat və hidro-texniki qurğular üzrə mühəndislərin əməyinin nəticəsidir.

Eyni zamanda yerli icra hakimiyyəti  orqanlarında  memarların olmaması, yaxud az olması, rayonlarımızın, orta və kiçik şəhərlərimizin və kəndlərimizin planlaşdırma və şəhərsalma işlərində müəyyən problemlər yaradır. Bütün rayonlarda memarlıq-şəhərsalma  səbəblərinin və baş memarlar  vəzifəsinin olması və bu vəzifədə  məhz memarların çalışması vacibdir. 

-Gülçöhrə xanım, Memarlıq və  İnşaat Universitetində imtahan prosesi ənənəvi olaraq əvvəlki kimi keçirilir,  yoxsa, sessiya imtahanlarında  hər hansı yeniliklər olubmu?  

-Biz mərkəzləşdirilmiş imtahanlara çoxdan keçmişik. Bir neçə fənn  istisna olmaqla bütün fənlər mərkəzləşdirilmiş qaydada keçirilir.  Bax bizim universitetimizin əsas korpusunda   bir  mərtəbə  yalnız imtahan zallarından ibarətdir və bütün universitetin imtahanları o zallarda keçirilir. Bizdə  imtahanlar test və yazılı  şəkildə keçirilir. Test imtahanları üçün  200-dən  artıq  kompüterlə təchiz edilmiş iki böyük zalımız  var.  Tələbə  kompüter vasitəsilə sistemə müraciət edib, imtahan biletini alır, sualları cavablandırır və təsdiq edərək nəticəsini görür.

İmtahanlar yazılı formadada keçirilir. Zallara  bir dəfəyə  imtahan vermək üçün   250-300 tələbə  daxil olur,   onların hər birinə ənənəvi qaydada  bilet verilir  və  tələbə yazılı surətdə cavab verir.

Biz çalışırıq imtahan sessiyası mükəmməl təşkil olunsun, obyektiv və şəffaf  qiymətləndirmə aparılsın və hər bir tələbə yalnız öz biliyinə arxalansın. Obyektivlik və təmizlik Universitetimizin fəaliyyətinin əsas prinsiplərindən biridir.

Elmin Nuri

Mail Ağaxanov

Günel Yaşarqızı