Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-04 12:50:05
Direktorlar qaçır, bizi məktəbə buraxmırlar, təhsil ekspertləri isə heç nə bilmirlər -Təhsildən yazan jurnalistlərin problemləri

Təhsil daim yeniliklərin baş verdiyi çoxşaxəli sahədir. Bu səbəblə də hər redaksiyanın aktiv  əməkdaşların arasında təhsildən yazan jurnalistlərin olması zəruridir.Bəzən, bu jurnalistlər hansısa məlumatları əldə etmək istədikdə müəyyən problemlərlə qarşılaşırlar. 

KİV nümayəndələri təhsillə bağlı hansı məlumatların əldə edilməsində çətinlik çəkirlər?

AzEDU bu istiqamətdə hazırladığı kiçik sorğunu təqdim edir:

“Kaspi” qəzetinin əməkdaşı Aygün Əziz: “Tam ciddi deyirəm ki, təhsillə bağlı yazdığım bütün materialları rahatlıqla əldə edirəm. Ən çox Billurə xanımın dəstəyindən yararlanıram. Problem və ya hansısa mövzu ilə bağlı kimlə danışmaq istəsəm, həmişə lazımı istiqamətdəyönləndirib. Yalnız universitetlərdə tələbələrlə diskussiyalar edirəm. Amma, məsələn, Bakı Dövlət Universitetində Hüquq fakültəsi ilə görüş alınmır. Çünki məktub yazmaq tələb olunur. Mən də bu tələbi heç vaxt qəbul edə bilmirəm”.

Publika.az saytının əməkdaşı Gülxar Şərif: “Təhsil sahəsində yazan müxbirlərin qarşılaşdıqları birinci problem Təhsil Nazirliyinin sualları yazılı göndərilməsi tələbidir. Yazılı müraciət, xüsusən, saytlarda işləyən jurnalistlərin işini çətinləşdirir. Adətən, sorğuya cavab bir neçə gün sonra göndərilir.

Digər çətinlik isə jurnalistlərin Bakı Şəhər Təhsil İdarəsinə, yalnız, razılıq əldə olunandan bir gün sonra məktəblərə buraxılmasıdır. Bəzi hallarda isə problemlə bağlı məktəbə getsək də, idarədən məktəbə daxil olmağa razılıq verilmir. Bunu jurnalistlərin məktəbdə iş prosesinə maneə olması ilə əlaqələndirirlər. Əvvəl jurnalistlərin məktəblərdəki problemləri işıqlandırması üçün daha sərbəst imkan var idi. İndi bu icazə məsələləri sərbəstliyin qarşısını alır. Üstəlik, təhsil sahəsində danışa biləcək ekspertlərin sayı azdır. Bəzi ekspertlər öz üzərində işləmir və bir sıra mövzulara yetərli cavab verə bilmirlər. Hesab edirəm ki, bir çox ekspertin yeniliklərlə bağlı məlumatları bəs qədər deyil”.      

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Niyazi Şərifsoy isə iş prosesində heç bir təhsil müəssisəsi ilə çətinlik çəkmədiyini bildirib.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Günel Manaflı:“Açığı desəm, təhsillə bağlı hər - hansı bir məlumat əldə etməkdə çox da çətinlik yaşamıram. Təhsil eskpertləri hər zaman əl çatandır. Təhsil Nazirliyi də suallarımızı cavablandırır. Lakin bəzən sualları sorğu şəklində göndərməyimizi istədikdə cavablar da gecikir. Ən çox problem isə hansısa məktəbdə hadisə baş verən zaman, məktəb rəhbərliyi ilə yaranır. Çünki məktəb direktorları və nümayəndələri, adətən, cavab verməkdən qaçırlar. Qeyd edim ki, orta və ali məktəblərlə əlaqə saxlayanda da bir sıra çətinliklərlə qarşılaşırıq”.

Modern.az saytının əməkdaşı Namidə Bingöl: “Təhsil elə bir sahədir ki, hamımızın evində var. Övladlarımız gün ərzində təhsillə məşğul olur. Jurnalist olaraq isə hansısa qurumlardan çətinlik məsələsinə gəlincə, bu mövzuların müxtəlifliyinə baxır. Bəzi məsələlər var ki, Təhsil Nazirliyindən cavab almaq mürəkkəb olur. Görünür, bunun da səbəbləri var. Yalnız mətbuat xidmətinə cavabdeh olan şəxsləri günahlandırmaq olmaz. Nəzərə alsaq ki, ünvanladığımız sualları nazirliyin mətbuat xidməti aidiyyatı şöbələrə yönləndirir, deməli, məsələyə təkcə işləyən qurum cavabdeh deyil. Ona görə də zaman-zaman bu cür porblemlər yaşayırıq. Düşünmürəm ki, belə olan təqdirdə işləmək çətin olsun. Çünki ən yaxşı halda təhsil ekspertləri lazımi köməkliyi edir və məsələyə münasibət ala bilirik”.

Nəzrin Cavid