Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-30 15:27:00
“Dövlət orqanları bəzi hallarda vakant vəzifələri gizlədirlər” – DİM-dən şikayətə CAVAB

Abituriyentlər, valideynlər və digər aidiyyatı şəxslər yaranan suallara cavab almaq üçün  mütəmadi olaraq Dövlət İmtahan Mərkəzinin rəsmi facebook səhifəsinə müraciət edirlər. Bu səhifəyə yalnız suallar deyil, eyni zamanda şikayətlər də daxil olur. Sualların əksəriyyəti Dövlət İmtahan Mərkəzi tərəfindən cavablandırılır.

AzEdu.az xəbər verir ki, sözügedən səhifəyə yaxın günlərdə daxil olan şikayətdə dövlət qulluğu ilə bağlı  məsələ öz əksini tapıb. Vətəndaşlardan biri iddia edir ki, nazirliklər, komitələr, agentliklər və onların regional bölmələrində dövlət qulluğu üzrə müsahibədən keçməyib müqavilə ilə işləyən kifayət qədər işçi var. Şikayətdə eyni zamanda qeyd olunub ki, elan olunan vakansiyalar yalnız bir neçə vəzifə üzrədir və Dövlət İmtahan Mərkəzi tərəfindən bir çox vəzifə ümumiyyətlə müsahibə elanına çıxarılmır.

DİM məsələni diqqətdən kənar qoymayaraq bildirib ki, həmin məsələ ilə bağlı müəyyən tədbirlər görülməyə davam edir:

“Müsahibə elanına çıxarılan vəzifələri DİM təkbaşına müəyyən etmir. Dövlət orqanları özləri daxilində olan vakant vəzifələr barədə məlumatı DİM-ə təqdim edir və DİM də həmin məlumatlar əsasında müsahibə elanını tərtib edir.

Digər məsələyə gəlincə, dövlət orqanları bəzi hallarda daxildə olan vakant vəzifələri gizlədirlər. Amma dövlət qulluqçularının reyestri sistemi vasitəsilə DİM həmin vakant vəzifələri müəyyənləşdirir və dövlət orqanlarından həmin vəzifələri müsahibəyə çıxarmalarını müəyyən vasitələrlə tələb edir. Amma bir daha xatırlatmaq istərdik ki, DİM müsahibə elanının tərkibini dövlət orqanlarının təqdim edikləri vəzifələr əsasında tərtib edir”.

Qeyd edək ki, müsahibədə test imtahanından keçən və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikat verilən namizədlər iştirak edə bilərlər. Elan edilən müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunan vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilən tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları