Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-30 10:05:00
ADA Universitetində IV Yay Məktəbinin açılış mərasimi olub

Bu həftə ADA Universitetində Avropa İttifaqı üzrə IV Yay Məktəbi işinə başlayıb. İkihəftəlik təlim proqramı geniş beynəlxalq iştirakçı qrupu cəlb edib - Avropa, Asiya və Amerika qitəsindən proqrama qatılan gənclər hazırda ali təhsilin müxtəlif pillələrindədirlər.

ADA Universitetindən AzEdu.az-a bildirilib ki, IV Yay Məktəbinin açılış mərasimində çıxış edən prorektor Fariz İsmayılzadə Avropa İttifaqı üzrə Yay Məktəbinin gəncləri bu beynəlxalq qurumla bağlı maarifləndirdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, interaktiv şəkildə qurulan dərslər zamanı gənclər həm də dünyanın bu vacib bölgəsinin beynəlxalq siyasətinə dair fikirlərini söyləyə bilirlər. Yay Məktəbi üçün məhz Azərbaycandakı ADA Universitetinin seçilməsi təsadüfi deyil - qitələrin geostrateji kəsişməsində yerləşən ölkəmizdə Avropa İttifaqında cərəyan edən hadisələri izləyir, onların bilavasitə iştirakçısı oluruq.

Prorektor Fariz İsmayılzadə iştirakçılara uğurlu təlimin və burada qurduqları yeni təmasların onların gələcək karyeralarında faydalı olacağına əminliyini ifadə edib.

Yay Məktəbinin təlim proqramı bu dəfə “Avropa İttifaqı xarici siyasəti geosiyasi kontekstdə” mövzusuna həsr olunub. İştirakçılar bu günlərdə xarici siyasətə aidiyyəti olan Avropa İttifaqı təsisatları, onların qərar qəbul etmə mexanizmləri ilə yaxından tanış olmaqla yanaşı, hazırda Avropa İttifaqı cəmiyyətinin gündəmində duran vacib ictimai məsələlər ətrafında fikir mübadiləsi aparır, bu məsələlərin tarixi köklərini araşdırırlar. Dərslər zamanı Avropa İttifaqı-Türkiyə, Avropa İttifaqı-Azərbaycan, eləcə də Şərq Tərəfdaşlığı proqramının digər ölkələri ilə münasibətlər nəzərdən keçirilir, İttifaqın genişlənməsi perspektivləri təhlil olunur. IV Yay Məktəbinin təlimçi qrupuna ADA Universitetinin professor heyətindən başqa, İtaliyanın Bolonya Universiteti, Almaniyanın Dortmund Texniki Universiteti, Bilefeld Universiteti alimləri daxildir. Dərslərdə müzakirə olunan məsələlərə dair praktiki baxışla, həmçinin Avropa İttifaqının Bakıdakı diplomatik nümayəndəliyinin üzvləri bölüşürlər.

Yay Məktəbi ADA Universitetində 2013-cü ildən fəaliyyət göstərən Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin təklif etdiyi sertifikat proqramıdır. Mərkəz ölkə ictimaiyyətinin Avropa İttifaqı haqqında biliklərini təkmilləşdirmək məqsədilə dövlət qulluqçuları, tələbələr, şagirdlər də daxil olmaqla, ictimai qruplar üçün təhsil və təlim kursları həyata keçirir. ADA Universiteti “ASAN Radio” 100 FM dalğasında Avropa İttifaqı-Azərbaycan münasibətlərinə həsr edilən həftəlik “AvropadASAN” proqramı yayımlayır.