Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-29 17:27:00
“Qəbul ola bilməyənlər gözləyib, növbəti illərdə oxusunlar” – Rəşid Mahmudovdan “rezidentura” üsyanına etiraz

“Gələcəyi Nostradamus görürdü, indi bunu nətər görməliydilər ki, əvvəldən neçə bakalavriat qəbul etsinlər ki, rezidenturaya da uyğun olsun?!

Qısa müddətdə yoxlayırlar, nə qədər ehtiyac varsa, o qədər də yer ayırırlar. Plan yerlərinin azalması düzgün addımdır. Ümumiyyətlə, əgər bu il plan yeri azdırsa, qəbul ola bilməyən tələbələr gözləyib, növbəti illərdə oxusunlar”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov deyib. O, qeyd edib ki, rezidenturada plan yerlərinin sayı gələcək illər üçün artacaq:

“Rezidenturaya plan yerlərini xəstəxanalardakı boş yerləri hesablayıb ayırırlar. Axı yer olmadığı təqdirdə, boş-boşuna tələbələri yığmaq düzgün olmaz! Amma deyim ki, plan yerlərinin sayı gələcək üçün artacaq. Onsuz da , Azərbaycanda həkim çatızmazlığı var, həkimlərin sayı olduqca azdır. Tələbat yarandıqca yerlər də zamanla artacaq. Xəstəxanalar təzəlikcə tikilir  və zaman-zaman klinikaların sayı artır. Gələcəyi Nostradamus görürdü, indi bunu nətər görməliydilər ki, əvvəldən neçə bakalavriat qəbul etsinlər ki rezidenturaya da uyğun olsun? Qısa müddətdə yoxlayırlar, nə qədər ehtiyac varsa, o qədər də yer ayırırlar. Plan yerlərinin azalması düzgün addımdır. Təkrar edirəm, gələcəkdə tələbat xeyli artacaq. Məsələn, bizdə travmatoloq baş, boyun, onurğa - hamınsının həkimidir. Xaricdə isə çeçelə barmaqla adsız barmağın problemlərinə baxan həkimlərin ixtisası da  bir-birindən fərqlənir. Aradakı fərqə baxın!”

Rəşid Mahmudov, həmçinin, rezidenturada stomatologiya ixtisasına plan yerlərinin az olmasına da münasibət bildirib:

“Stomatologiyaya elə yer ayrılsa da, ayrılmasa da fərqi yoxdur. O qədər iş imkanları var, gedib özəl klinikalarda işləsinlər. Bizim Stomatologiya fakültəsində oxuyan tələbələr onsuz da universitetdə yaxşı oxumurlar, lakin bu sahə Azərbaycanda Avropa səviyyəsində inkişaf edib. Çünki orada qazanc var  və həkimlər gedib, Almaniya, İsrail və başqa xarici ölkələrdə kurs keçib təcrübə toplaya bilirlər. Ümumiyyətlə isə əgər bu il plan yeri azdırsa, qəbul ola bilməyən tələbələr gözləyib növbəti illərdə oxusunlar”.

Qeyd edək ki, bu il rezidentura mərhələsinə plan yerlərinin sayı 37% azaldılıb. Ötən il 400-dən artıq plan yeri olduğu halda bu il cəmi 263 yer ayrılıb. Bu, universiteti həm bu, həm də əvvəlki illərdə bitirən məzunların böyük əksəriyyətinin kənarda qalmasına gətirib çıxarır. Üstəlik, rezidentura mərhələsinə plan yerlərinin imtahanlar keçirildikdən sonra açıqlanması da birmənalı qarşılanmayıb. Tibb Universitetinin təxminən 70 nəfər tələbə və məzunu bu gün Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.