Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-29 14:42:00
"Ceyhun Bayramov ona göstərilən etimaddan “boy atdı”" - Ekspert nazir müavinlərinin iş bölgüsündən danışdı

“Bu, əsasən, nazirin iradəsi və onun müavinlərə olan münasibətindən asılıdır. Hər halda böyük bir sistemin işinin intizamlı aparılması üçün nazir və müavinlərin işi uzlaşdırılmalıdır. Belə olduğu halda hansısa müsbət dəyişikliklərin baş verməsi haqqında fikir yürütmək olar”.

Bu sözləri AzEdu.az-a təhsil eksperti Etibar Əliyev yeni nazir müavini təyinatı haqda danışarkən deyib. O, yeni müavinə orta təhsilin kurasiyasının veriləcəyi haqqında danışdı:

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnaməsində yazılır ki, nazir müavinləri onların arasında nazir tərəfindən aparılmış vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.

Təhsil Nazirliyinin keçdiyi yola diqqət etsək ki, görərik ki, bir çox hallarda nazir müavinlərinə həvalə olunan sahələrin genişliyi nazirlə müavin arasındakı münasibətdən asılı olub. Nazir müavinləri kurasiya etdikləri sahələrə cavabdehlik daşımalıdırlar. Nazirlə müavinlər arasında işlər uzlaşdırılmasa burada zərbə yalnız təhsilə dəyə bilər. Hazırda təhsil nazirinin 2 müavini var: Firudin Qurbanov və Məhəbbət Vəliyeva. Məhəbbət Vəliyeva orta təhsil sahəsində çalışıb. Yəqin ki, orta təhsilin kurasiyası ona həvalə olunacaq. Hər halda burada hər şey nazirin öz müavinlərini necə çalışdırmasından asılı olacaq”.

Ekspert Mikayıl Cabbarov və Misir Mərdanovun nazirlik dönəmlərində müavinlərin fəaliyyətini müqayisə edib:

“Maraqlı bir məsələni qeyd etmək istərdim. Təhsil naziri Misir Mərdanovun vaxtında müavinlərin əksər səlahiyyətlərini nazir öz üzərinə götürmüşdü. Məsələn, həmin illər nazir müavini vəzifəsində çalışmış İradə Hüseynovanın hansı sahəni kurasiya etməsini heç kim bilmədi. Belə idarəçilik olmazdı.  Mərdanovun müavinləri heç bir sahəyə normal rəhbərlik edə bilmirdilər. Nəticədə təhsil iflic vəziyyətinə düşdü. Nazir vəzifəsi daşıyan şəxs intriqalardan kənarda durmalı, işçilərə qabiliyyətinə görə qiymət verməlidir. Mikayıl Cabbarov nazir təyin olunduqdan sonra kurasiyalar dəqiqləşdirildi və müavinlərlə nazir arasında səmimi münasibətlər formalaşdı. Biz bunu müşahidə edirdik. Ceyhun Bayramov ona göstərilən etimaddan “boy atdı”. O, da müavinləri və digər işçilərə etimad göstərməlidir.  Ceyhun müəllimə indiki fəaliyyətində ona müavin kimi tapşırılan işlərin icrasının təsiri danılmazdır. Nazir müavinləri ilə nazir arasındakı iş bölgüsündə problem yaranmamalı və hər müavin ona həvalə olunan sahənin idarə olunmasında məsuliyyət daşımalıdır.

Onun sözlərinə görə, təhsil naziri müavininin elmi dərəcəsinin olması o  qədər də vacib deyil:

“Qeyd edim ki, Mikayıl Cabbarov işini elmi dərəcəsi olan nazirlərin əksəriyyətindən yaxşı qura bildi. Təhsil sistemində onlardan fərqli olaraq  xeyli islahatların aparılmasına nail oldu. Burada söhbət intellekt, mədəniyyət və müasir  təfəkkürdən gedir. Yalnız bu keyfiyyətlərlə təhsilə töhfələr vermək mümkündür. Müasir təfəkkür tərzi ilə dünya təhsil sistemində baş verən yenilikləri süzgəcdən keçirmək mümkündür. Düşünürəm ki, hansısa islahatların həyata keçirilməsində komanda fəaliyyəti olduqca vacibdir. Elmi dərəcəni əldə bayraq etmək olmaz.  Bildiyimə görə, təhsil naziri Ceyhun Bayramovun da elmi dərəcəsi yoxdur. Ölkədə elmi dərəcə almaq üçün kifayət qədər münbit şərait formalaşdırılıb. Kim istəsə qısa bir vaxtda alim ola bilər. Ona görə də elmi dərəcənin olması əsas şərt sayıla  bilməz”. 

Qeyd edək ki, müvafiq sərəncamla Məhəbbət Məhərrəm qızı Vəliyeva dünən təhsil naziri Ceyhun Bayramovun müavini vəzifəsinə təyin edilib. O, bunadək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində işləyirdi.

Vəliyeva 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. 1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli 3062 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb. Psixologiya üzrə fəlsəfə doktorudur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları