Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 11:12:00
Almaniyada çalışan azərbaycanlı alim AzEdu.az-a danışdı: Xaricdə təhsilin səmərəsi, çətinlikləri və  tövsiyələr 

DOSYE: Doktor Rezo Əliyev 1968-ci ildə anadan olub. 1985-ci ildə orta məktəbi başa vurduqdan sonra Azərbaycan  Politexnik  İnstitutuna (indiki ATU) eksperiment yolu ilə (yalnız iki imtahan verməklə) qəbul edilib, 1992-ci ildə məzun olub və elə həmin institutda da tədqiqatçı kimi əmək fəaliyyətinə başlayıb.

Gənc tədqiqatçı 1995-ci ildə Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən  layiq  görüldüyü  təqaüdə əsasən Frayberq Texniki Universitetinə ezam olunur. 1995-1997-ci illərdə bu universitetdə müxtəlif elmi tədqiqat layihələrində iştirak edir. 1997-ci ildə həmin universitetin doktoranturasına qəbul olunur.

Maşınqayırmada yüksək texnologiyaların tətbiqinə dair yazdığı dissertasiyanı 5 yanvar 2001-ci il tarixində müdafiə edir və Almaniyada ilk azərbaycanlı olaraq, doktor-mühəndis elmi dərəcəsinə yiyələnir. Rezo Əliyev hazırda maşınqayırmada yüksək texnologiyalar sahəsində məşğul olduğu problemlər üzrə 60-dan çox elmi məqalənin və ondan çox patentin müəllifidir. 

Tərcümeyi halı 2007-ci ildə ABŞ-da çap olunmuş “Who’s Who in Science and Engineering 2008-2009“ kitabına daxil edilib. 

Alim 2001-ci ildən,  avtomobillər üçün metal prototiplərin hazırlanması sahəsində dünyada aparıcı müəssisə sayılan, "3D Çapetmə" texnologiyasının tətbiqçisi olan ACTech GmbH firmasında çalışır. Əsas fəaliyyət sahəsinə firmadaxili yeni texnoloji proseslərin işlənməsi və tətbiqi ilə bərabər, müəssisə ilə elmi-tədqiqat institutları arasında aparılan elmi işləri və həmçinin müəssisənin patent  işlərini koordinasiya etmək də aiddir.  

Rezo Əliyevin Azərbaycan ali məktəbləri ilə də sıx əlaqələri var. Məhz onun sayəsində maşınqayırmada mütərəqqi texnologiyalar və elmi metodlara dair dərslik və kitablar Azərbaycan dilində çap edilərək, Azərbaycan Texniki Universiteti və ADNSU-da təhsil alan tələblər üçün əlçatan olub. Alim Azərbaycanda keçirilən bir sıra elmi-texniki konfranslarda məruzələrlə çıxışlar edib.  

AzEdu.az adıçəkilən alimlə azərbaycanlı tələbələrin xarici ölkələrdə, xüsusən də Almaniyada  necə təhsil almaları, həmçinin,  oradakı universitetlərdə necə  oxuya bilmələri və s. haqqında danışıb. 

„Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra gənclərin qarşısında təhsillərini xaricdə təkmilləşdirmək üçün geniş imkanlar açıldı. 1990-cı illərdə bu imkanlardan istifadə edənlərin sayı minimal olsa da, ölkədə artan maddi rifahın hesabına 2000-ci illərin əvvəlindən başlayaraq, təhsillərini xaricdə davam etdirməyə gedən gənclərin sayı sürətlə artmağa başladı. Bu yolda  Alman Akademik Xidmətinin və onlarla birlikdə həyata keçirilən dövlət proqramının rolunu xüsusi qeyd etmək yerinə düşərdi.  

Ümumilikdə,  xaricdə təhsil təkcə zəif təhsilə malik olan ölkələrdən inkişaf etmiş ölkələrə yox, həmçinin, əks istiqamətdə  də baş verir. 

Bəs, xaricdə təhsilin üstünlükləri nədən ibarətdir? Rezo Əliyev bu barədə də  ətraflı danışıb: 

“Avropada mütəxəssislərin həm ixtisas cəhətdən, həm də insani keyfiyyətlərini yüksəltmək baxımından, tələbələrin xaricdə qısa və ya uzunmüddətli təhsil almaları dövlətlər səviyyəsində dəstəklənən bir məsələdir. Bu baxımdan AB fəaliyyət göstərən proqramlar, əsasən də birbaşa bu məqsədə xidmət edən ERASMUS təhsil proqramının imkanlarından yararlanan tələbələr öz vətənlərini bir müddətə tərk edib, başqa mədəniyyət və təhsil səviyyəsinə malik olan ali məktəblərə üz tuturlar. Xaricdə təhsil ilk növbədə mütəxəssislərdə mədəniyyətlərarası  kompetensiyaların və müstəqilliyin inkişafına önəmli dəstək olur. Başqa ölkənin vətəndaşları ilə ünsiyyətdə olmaq, onların dilini, mədəniyyətini və iş vərdişlərinə yiyələnmək gənclərə qloballaşan dünyada öz layiqli yerini tutmaqda peşə biliyi ilə bərabər, lazımlı olan ən dəyərli keyfiyyətlərdir. Xaricdə təhsil alan tələbələr qarşıya çıxan problemləri sərbəst həll etmək məcburiyyətində qaldıqlarından, onlarda xüsusi təşkilatçılıq və məsələləri sərbəst həll etmək qabiliyyətləri formalaşır. Xarici dildə elmi ədəbiyyatları oxuyub başa düşmək və məsələlərin həllində effektiv tətbiq etmək vərdişlərinə evdə təhsil almaqla yiyələnmək mümkün deyil. Xaricdə təhsilin ən üstün cəhətlərindən biri də tədris metodikasının fərqli olmasından ibarətdir. İnkişaf və tətbiq dərəcəsindən asılı olaraq ölkələr elmi biliklərin tələbələrə aşılanması və əldə olunan vərdişlərin praktiki tətbiqinə fərqli yanaşırlar. Eyni təhsil sisteminə malik olan iki ölkəni tapmaq çətindir. Çünki, ümumi təhsil strategiyası eyni olsa da, ölkələrdə bu strategiyaların tətbiqinə yanaşma müxtəlif səpkidə baş verir. Bu Boloniya prosesinin müddəalarını həyata keçirməyi üzərinə götürmüş ölkələrdə mövcud olan tədrisin səviyyəsində özünü aydın göstərir. Xaricdə təhsil almış mütəxəssislər bir üstünlüyə də malikdirlər ki, onlar təhsil müddətində yaşadıqları ölkədəki qurumlar ilə özləri və vətənləri üçün faydalı əlaqələr yaratmaq imkanına malikdirlər.

Qeyd olunan bu üstünlüklərin əldə olunması üçün Almaniyaya təhsilə gəlməklə bizim gənclər öz potensiallarını artırmaq üçün əlverişli şərait əldə etmiş olurlar. Bundan əlavə Almaniya ali məktəblərində təhsil xərcinin çox kiçik həddə olması müxtəlif maliyyə imkanlarına malik olanlar üçün də gözəl  fürsət yaradır”. 

“Almaniyada təhsilə getmək istəyənlər nəyi nəzərə almalıdırlar?” sualına doktor maraqlı cavablar verir: 

“Xaricə təhsilə getmək maddi imkandan əlavə, gənclərdən doğma ailələrini tərk edib, qərib məmləkətdə qarşıya çıxa biləcək problemlərdən qorxmayaraq,  uzaq yola çıxmağa cəsarət tələb edir. Göründüyü kimi, yeniyetmələr üçün belə bir qərarın qəbulu elə də asan olmur. Ona görə də xaricdə oxumaq qərarını vermiş gənclər mütləq bu uzaq və məsuliyyətli yola yaxşı hazırlaşmalıdırlar. Almaniyanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr arasında keçirilən kiçik bir sorğu göstərir ki, buraya gələn gənclər tədrisə alışma prosesində əsasən dil amilini önə çəkirlər. Azərbaycanda dil kurslarına gedib sertifikata yiyələnməklə işi bitmiş hesab edənlər üçün Almaniyada təhsilə başlamaq müəyyən çətinliklərlə müşaiyət olunur. Təcrübələr göstərir ki, dil kurslarında aşılanan dil bilikləri təhsil üçün yalnız baza sayıla bilər.  Bir çoxları danışma qabiliyyətini ali məktəbdə tədrisə başlayanda təkmilləşdirməyi, oxuya-oxuya öyrənməyi asan sanırlar. Əlbəttə, bu dili inkişaf etdirməyin bir yoludur. Təsəvvür etmək çətin deyil ki, təhsilə başlandığı anda mühazirə və praktiki dərslərdə verilən məlumatların vaxtında və düzgün başa düşülməməsi tələbənin digərlərindən geri qalmasına gətirib çıxarır. Bir çox hallarda yeni dilə alışmaq üçün bütöv bir semestr vaxtın itirilməsi qaçılmaz olur. Buna görə də xaricdə təhsilə hazırlaşma prosesində dilə xüsusi önəm vermək lazımdır. Seçilmiş ixtisasa uyğun kitablara öncədən nəzər salmaqla müəyyən terminologiya bazasının yaradılmasına çalışmaq lazımdır. Təhsili ingilis dilində başlamaq və ya davam etdirmək istəyəndə dil məsələsi xüsusi diqqət tələb edir. Tədris ingilis dilində olsa da universitetdən kənarda gündəlik ünsiyyətlə bağlı alman dilinə olan ehtiyacı ödəmək üçün tələbələrin ümumi danışıq dilini bilmələri tövsiyyə olunur. O da məlumdur ki, tədris prosesində praktika yerlərinin tapılmasında əsas üstünlük alman dilinə verildiyindən ingils dilində təhsil alan tələbələrin qarşısına müəyyən problemlər çıxır. İngilis dilində praktika təklif edən müəssisələrin sayı çox azdır. Bu baxımdan ingilis dilində tədris almaq istəyənlərin üzərinə iki qat yük düşür. Digər tərəfdən əlavə olaraq alman dilinin öyrənilməsi onların gələcək karyeralarında müsbət rol oynaya bilər”. 

Rezo müəllim Almaniyada faydalı təhsilin əsas kriteriyalarından biri kimi lazımı bilik səviyyəsinin, normal dünyagörüşü göstəricilərinin vacibliyini qeyd edir. Onun sözlərinə görə, xüsusən də Almaniyada magistratura pilləsində oxuyanlar üçün bu amil son dərəcə önəmlidir: 

“İkinci amil kimi tələbələr bilik bazasını qeyd edirlər. Bu məsələdə iki məqamı fərqləndirmək lazımdır: seçilmiş peşə üzrə biliklər və bu biliklərlə davranmağın elmi metodları. Lazım olan bilik bazası Almaniyada magistr pilləsində oxuyanlar üçün bakalavr pilləsində oxuyanlara nisbətən daha önəmlidir. Başlıca problem ondan ibarətdir ki, Azərbaycanda və xaricdə bakalavr pilləsində keçilən fənlərin adları üst-üstə düşsə də onlar tərkibcə kəskin fərqlənə bilərlər. Almaniyada ali təhsil pilləsində dərslər çox çevik tərtib olunur. Biliklərin dərs prosesində tələbələrə çatdırılması metodu və tələbələrin bu bilikləri mənimsəmələrinin yoxlanması kriteriyaları Azərbaycanda mövcud olan praktikadan fərqlənir. Hər hansı bir mövzunu əzbərləyib müəllimə danışmaqla burada qiymət almaq şansı demək olar ki yoxdur. Hər bir sahədə, əsasən də texniki elmlərdə tədrisin böyük hissəsini praktiki məşğələlər təşkil edir. Bu yolla tələbələrin söhbət gedən mövzunu yaxşı başa düşməsi və yadda saxlaması üçün əlverişli zəmin yaranır. Tələbələrin mövzuları sərbəst işləmələri onların fərdi qabiliyyətlərini inkişaf etdirir.     

Belə baxanda bu vərdişlərin kökü hələ orta təhsildə qoyulur.  Verilmiş mövzu ətrafında alman ədəbiyyatlarından biliklərin toplanması, strukturlaşdırılması və prezentasiyasına uşaqlıqdan alışmış alman tələbələri əlbəttə müəyyən üstünlüklərə malik olurlar. Qeyd olunan sonuncu çətinlik Azərbaycan təhsilində elmi metdoların nisbətən aşağı səviyyədə öyrədilməsi ilə bağlıdır. Buna görə də Almaniyada təhsilə gəlməyə hazırlaşan gənclərin bu sahədə mövcud ədəbiyyatlara nəzər salmaları məsləhət görülür (Tövsiyyə olunan ədəbiyyat: Əliyev, R. Elmi işlərin yerinə yetirilməsi metodikası. Baku, Alatoran yayinlari, 2016, 168 S.).

R.Əliyev Almaniyada uğurlu təhsilə başlamaq üçün bir neçə tövsiyəni də oxuculardan əsirgəmir: 

“Almaniyada uğurlu təhsilə başlamaq üçün gənclərin seçdikləri ixtisasda öyrənilən fənlərin modullarına baş vurmaları və imkan daxilində bu ixtisasa hazırlıqlarını qiymətləndirməyə cəhd etməlidirlər. Almaniyada universitetlərin sərbəst fəaliyyət göstərmələri, onların tədris proqramları arasında da özünü göstərir. Yəni ali məktəb seçimində onun hansı şəhərdə yerləşməsi və prestijindən öncə təklif etdiyi ixtisas proqramlarını öyrənmək və yalnız uyğun  gələn ali məktəbləri seçmək məqsədəuyğundur.

Almaniyada xarici tələbələr arasında keçirilən bir sorğunun nəticəsini də nəzərinizə çatdırmaq istərdim. Xarici tələbələr bir başa tədrislə bağlı çətinliklərlə bərabər yaşamağa otağın tapılmasını da xüsusi qeyd edirlər. Böyük şəhərlərdə sərfəli otağın tapıla bilməsi çox vaxt tələbənin həmin şəhərdə təhsil alması üçün həll edici rol oynaya bilər. Ona görə də universitet seçimində təhsil müddətində qalmağa yer haqqında da öncədən düşünmək pis olmazdı. Bu haqqda həmin şəhərlərdə yaşayan azərbaycanlı tələbələrdən sosial şəbəkələr üzərindən əlaqə saxlamalqa məlumat almaq olar. Almaniya gəlmək istəyən tələbələr bir başa Almaniyada fəaliyyət göstərən “Azərbaycanlı tələbələr və elmi işçilər” birliyinə müraciət  etməklə də bu və ya digər məsələlərlə bağlı qısa zamanda dolğun cavablar ala bilərlər.