Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-25 11:40:00
“İmkan vermək lazımdır ki, magistraturada təhsil alan gənclərin sayı artsın” –İRAD

“2018-2019 - cu tədris ilində ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq üçün müraciət edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə ciddi şəkildə azalıb”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, cari ildə magistraturaya təsdiq edilən ərizələrin sayı 12.382 nəfər olub:

“Bu qədər bakalavr pilləsini bitirən ali təhsilli şəxsdən 8 mindən çoxu müsabiqə şərtlərini ödəyərək ikinci mərhələdə iştirak  hüququ qazanıblar. Müsabiqə şərtlərini ödəyən 6500 bakalavr magistr pilləsinə qəbul olsa da, ali təhsil müəssisələri plan yerlərini tam şəkildə doldura bilmədi. Nəzərə alsaq ki, qəbul olan bakalavrların heç də hamısı qəbul olduğu ixtisaslarda təhsil almaq üçün qeydiyyatdan keçməyəcək, bu o deməkdir ki, 2018 -2019- cu tədris ili başlayanda universitetlərdə magistr pilləsində təhsil alan tələbələrin sayı azlıq təşkil edəcək”.

Ekspert qeyd edib ki,  magistr pilləsinə qəbulu daha asan, əlçatımlı etmək lazımdır:

“İmkan vermək lazımdır ki, bu pillədə təhsil alan tələbələrin sayı artsın. Çünki elmdə gənclərin sayı olduqca azdır. Əsasən populyar ixtisaslar üzrə plan yeri tamamilə dolub. Hüquq və bu kimi ixtisaslar üzrə yüksək bal həddi formalaşsa da, MBA üzrə ballar keçən illə müqayisədə aşağı düşüb”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini iyunun 23-də saat 16:09-dan etibarən Mərkəzin internet saytında yerləşdirib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları