Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-01 13:05:15
Pedaqoji Universitetin Elmi Şurasının iclası keçirilib

Fevralın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.

AzEDU xəbər verir ki, ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə ADPU-da payız semestrinin imtahan sessiyasının yekunları barədə, 2017-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbulun nəticələri barədə, Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti haqqında, Nəşriyyat şöbəsinin fəaliyyəti haqqında və cari məsələlər daxildir.

İclasın gündəliyi səsə qoyularaq qəbul edilib.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov payız semestrinin imtahan sessiyasının nəticələri haqqında məlumat verib. Bildirib ki, payız semеstrinin imtahan sessiyasını keçirmək üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb. Universitetdə imtahan sessiyasına hazırlıq və imtahanların keçirilməsi üçün müvafiq əmr verilib. Apelyasiya Komissiyası, həmçinin fakültələr, Magistratura və doktorantura şöbəsi üzrə apelyasiya komissiyaları yaradılıb, fakültə dekanlarının, kafedra müdirlərinin və digər struktur bölmələrin həyata keçirəcəkləri vəzifələr müəyyən edilib.

Eyni zamanda universitetdə İmtahan Qərargahı yaradılıb. İmtahanlar yanvarın 4-dən fevralın 2-dək tərtib olunmuş cədvəl üzrə keçirilib. İmtahanlar ali təhsilin bakalavriat səviyyəsində I-II tədris ili tələbələri üçün yazılı formada, III-IV tədris ili tələbələri üçün isə spesifik fənlər istisna olmaqla, kompüter vasitəsilə test üsulu formasında, magistratura səviyyəsində isə yazılı şəkildə keçirilib. Universitetdə bütün aralıq qiymətləndirmələr, semestr və dövlət imtahanları Tədris Departamentinin İmtahan, monitorinq və qiymətləndirmə şöbəsi tərəfindən həyata keçirilib və vahid mərkəzdən idarə olunub. İmtahan Qrupu yaradılıb, bütün imtahanların təşkili və imtahanlarla əlaqəli bütün funksiyaların icra edilməsi bu qrupa həvalə edilib. Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq ADPU-da tələbələrə 2 fənni dinləmədən fevralın 5-dən 9-dək akademik kredit borclarını ödəmək üçün lazımi şərait yaradılıb.

Həmçinin universitetdə tələbələrin valideynlərinin, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin, təhsil ekspertlərinin imtahan prosesini izləmələrinə xüsusi diqqət yetirilib. İmtahan prosesində nizam-imtizam, səliqə-sahman təmin olunub, ADPU-da fəaliyyət göstərən İctimai Şura da imtahan prosesinə ciddi nəzarət edib. ADPU-nun 5 filialında-Ağcabədi, Şəki, Şamaxı, Quba və Cəlilabad filiallarında, həmçinin ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində payız semestrinin imtahan sessiyası şəffaf və ədalətli keçirilib. Dosent E.Aslanov çıxışının sonunda tədris və imtahan prosesinin daha səmərəli qurulması üçün təkliflərlə çıxış edib.

Apelyasiya Komissiyasının sədri, dosent Zahir Kazımov apelyasiya nəticələri haqqında məlumat verib. Qeyd edib ki, payız semestrinin imtahan sessiyasında Apelyasiya Komissiyasına 1501 müraciət edilib. Müraciətlər çevik şəkildə və diqqətlə araşdırılıb, müvafiq qərarlar qəbul edilib. Dəyişiklik edilməyən qiymətlərin ümumi sayı 1120, qiyməti artırılan işlərin sayı isə 381 olub. (25,3%). Bu il yazılı imtahanların sayının 2 dəfə artmasına, Apelyasiya Komissiyasına edilən müraciətlərin sayının isə 260 nəfər artmasına baxmayaraq, qiyməti artırılan tələbələrin sayı 157 (17,7%) nəfər azalıb.

Elmi Şura dosent E.Aslanovun və dosent Z.Kazımovun hesabatlarını və təkliflərini qəbul edib.

2017-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbulun nəticələri barədə Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov məlumat verib. Professor A.Zamanov bildirib ki, Təhsil Nazirliyinin müvafiq məktubuna əsasən ADPU-da fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbulla bağlı “Azərbaycan” qəzetinin 28 dekabr 2017-ci il tarixli 288-ci nömrəsində elan dərc edilib, 19 yanvar 2018-ci il tarixə qədər sənəd qəbulu aparılıb. Planda nəzərdə tutulmuş ixtisaslar üzrə 68 nəfərin sənədi (fəlsəfə doktoru proqramı üzrə doktoranturaya-47 sənəd, dissertanturaya- 9 sənəd, elmlər doktoru proqramı üzrə dissertanturaya-12 sənəd) qəbul edilib. Rektorun 29 dekabr 2017-ci il tarixli 3/184 nömrəli əmrinə əsasən yaradılmış Sənəd Qəbulu Komissiyasının 30 yanvar 2018-ci il tarixli iclasının qərarına əsasən qəbul müsahibəsinə fəlsəfə doktoru proqramı üzrə dissertanturaya 2 nəfər, elmlər doktoru proqramı üzrə dissertanturaya 3 nəfər buraxılmayıb. Rektorun 31 yanvar 2018-ci il tarixli 3/17 nömrəli əmrinə əsasən yaradılmış müvafiq komissiyalar tərəfindən 5-16 fevral 2018-ci il tarixlərdə imtahanlar və müsahibələr aparılıb. İmtahan və müsahibələrin nəticələri əsasında fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 11 nəfər, dissertanturaya 3 nəfər, elmlər doktoru proqramı üzrə dissertanturaya 5 nəfər qəbul olunub. İmtahanlar və müsahibələr şəffaf və obyektiv keçirilib.

Elmi Şura professor A.Zamanovun hesabatını qəbul edib.

Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti haqqında çıxış edən TEC-in sədri, dosent Əli Zalov bildirib ki, tələbələr laboratoriya işləri, referatlar, məruzələr, layihələr hazırlayıb, fənn olimpiadalarında iştirak edib, kurs, buraxılış işlərini, tədqiqat xarakterli qeyri-tip konkret məsələləri yerinə yetirib, konkret mövzu üzərində müstəqil araşdırmalar aparıb. Bütün fakültələrdə TEC-in konfransları keçirilib. Tələbələrin elmi konfranslarda, olimpiadalarda, müxtəlif yarışlarda iştirakı təşkil edilib. Fərqlənən tələbələr sertifikatlara, diplomlara, fəxri fərmanlara, təşəkkürnamələrə layiq görülüblər.

Elmi Şura dosent Ə.Zalovun hesabatını qəbul edib.

Nəşriyyat şöbəsinin fəaliyyəti haqqında şöbənin müdiri Hüseyn Hacıyev məlumat verib. Diqqətə çatdırıb ki, 2016-cı ilin yanvar ayından 2018-ci ilin yanvar ayına kimi şöbədə 596 sifariş yerinə yetirilib. 28 adda dərslik və dərs vəsaiti, 192 adda proqram, metodik göstəriş və metodik vəsaitlər, 4 adda konfrans materialları və 5 adda ildə 4 dəfə olmaqla elmi-metodik jurnallar çap olunub. Tələbə biletləri, dərs jurnalları və pedaqoji təcrübə jurnalları, tədrisə aid bütün forma və blanklar vaxtında çap edilib. H.Hacıyev çıxışının sonunda Nəşriyyat şöbəsinin təmir olunmasına, istilik sisteminin yenidən qurulmasına və işçilər üçün normal iş şəraiti yaradılmasına görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

Elmi Şura H.Hacıyevin hesabatını qəbul edib.

Dosent Sənan Əliyev, professor Malik Cəbrayılov, professor Buludxan Xəlilov, professor Fərrux Rüstəmov, professor Əli Allahverdiyev, professor Nailə Verdizadə, dosent Şahin Nəcəfov, dosent Maqsud Nəcəfov, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov, baş müəllim Lalə Mürsəlbəyova və başqaları çıxış edərək sessiya müddətində fakültələrin nəticələrinin təhlili, tələbələrin biliklərinin qiymətləndirmə meyarları, tədris proqramları və sillabuslardan istifadə edilməsi ilə bağlı təkliflər irəli sürüblər.

İclasda rektor Cəfər Cəfərov dosent Sakibə Ələsgərovaya “Əməkdar müəllim” fəxri adının medalını, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyevə Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanını, Tələbə Həmkarlar Komitəsinin sədri, dosent Vurğun Məmmədova isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “AHİK-in 25 illik Yubiley döş nişanı”nı təqdim edərək onlara uğurlar arzulayıb.

İclasda dosent attestatları, fəlsəfə doktoru diplomu təqdim edilib.

Sonda Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov cari məsələlər barədə məlumat verib. Cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.