Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-01 08:11:38
“Sağlam təhsil” sinifləri ilə ənənəvi siniflər arasında ciddi fərq

Məlum olduğu kimi, 2014/2015-ci tədris ilindən başlayaraq AR Təhsil Nazirliyi “Sağlam Təhsil – Sağlam Millət” layihəsini həyata keçirir.

AzEDU xəbər verir ki, hal-hazırda Bakı şəhərinin 37 və Sumqayıt şəhərinin 1 məktəbində ümumilikdə 116 “Sağlam təhsil” sinifləri fəaliyyət göstərir.

Azərbaycan Tibb Universitetinin həkimləri ilk gündən başlayaraq bu siniflərdə təhsil alan məktəblilərin sağlamlığını diqqət mərkəzində saxlayır. Belə ki, 2014-cü ilin oktyabrından başlayaraq hər tədris ilində iki dəfə (ilin əvvəlində və sonunda) məktəblilərin sağlamlıqlarının monitorinqi həyata keçirilir. Məktəblilərin inkişafının müqayisəli təhlili məqsədi ilə paralel ənənəvi sinif şagirdləri də monitorinqə cəlb edilir.

İlk sağlamlıq monitorinqləri göstərdi ki, tədrisə yeni başlayan uşaqlarda artıq bir sıra sağlamlıq problemləri - xüsusilə də, qamət və görmə ilə əlaqədar problemlər aşkar edilir. Belə ki, 2014-cü ilin oktyabr ayında müayinə edilən tədrisə yeni başlayan ənənəvi sinif şagirdlərinin 16,7%-də qamət pozğunluqları aşkar edilib. 2016-cı ilin mayında (2-ci tədris ilinin sonu) ənənəvi siniflərdə uşaqlar arasında qamət pozğunluğu 2 dəfə artaraq 34% olub, 2017-ci ilin mayında (3-cü tədris ilinin sonu) bu rəqəm 37%-ə çatıb.

“Sağlam təhsil” siniflərində isə cüzi dəyişiklik nəzərə çarpır: 2014-cü ilin oktyabrında 22,4%, 2016-cı ilin mayında – 25,1%, 2017-ci ilin mayında isə 24,7% təşkil edir.