Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-19 22:04:00
Cəlilabadda qədim dövrə aid əşyalar tapıldı

Cəlilabad rayonunda qədim dövrə aid əmək alətləri tapılıb. Modern.az xəbər verir ki, Cəlilabadın Şatırlı kəndində yerli sakinlərin tapdıqları maddi-mədəniyyət nümunələrinin əkinçilik aləti olduğu ehtimal edilir. İti uclu cilalanmış daşa ağac bərkitməklə ondan toxa əkinçiliyində yumşaq yerlərin qazılması və ya şumlanmasında istifadə olunub.

 Tarixçi Elşad Əmənovun “Xəzər xəbər”ə verdiyi məlumata görə, əmək aləti sözügedən ərazidə tapılmış nadir mədəniyyət nümunələrindən hesab olunur.

 Tapılan digər əmək aləti isə qədimdə insanların daşdan hazırladıqları bıçağın qalığıdır. Yalnız dəstək hissəsi qalan kəsici alətdən bir vaxtlar geniş istifadə olunub.

Şatırlı kəndində Qədim dövrlə yanaşı, Orta əsrlərə aid, üzərində xüsusi naxışlar və qayçı işarəsi həkk olunmuş daş da tapılıb. Tarixçinin sözlərinə görə, alətin ərazidə aşkar olunması burada Orta əsrlərdə toxuculuğun inkişaf etdiyini deməyə əsas verir. Tapıntılarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verilib.