Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-19 16:33:07
Dünya tarixinin misilsiz xəzinəsi olan kitabxanalar – Bütün bəşəri sirrlər oradadır

Dünyada ilk kitabxanaların tarixi eramızdan əvvələ qədər gedib çıxır. Ən qədim kitabxanalardan birinin Assur hökmdarı tərəfindən qurulduğu məlumdur. Bu hökmdar kitabxanasındakı kitablar üzəri şiş uclu alətlə yazılmış gil lövhələrdən ibarət olub.

Misirdə eradan əvvəl yaradılan İsgəndəriyyə isə dövrünün ən böyük kitabxanası hesab edilirdi. Bir çox tarixçilər hesab edir ki, İsgəndəriyyə kitabxanasının yanması xeyli vacib tarixi faktların itməsinə səbəb olub.

Dünyada orta əsrlərdə mövcud olan kitabxanalar isə təxminən 1000 kitabı olan kiçik monastr kitabxanaları olub. Ümumilikdə kitabxanalar kütləvi və xüsusi olmaqla iki yerə ayrılır. Kütləvi - hər kəsin istifadə edə bildiyi; xüsusi - elmi, tədris və ya müəyyən ixtisaslı mütəxəssislər üçün nəzərdə tutulmuş kitabxanalardır.

Beləliklə, AzEdu.az dünyanın ən böyük kütləvi kitabxanalarını təqdim edir:

Britaniya Milli Kitabxanası - ABŞ Konqres Kitabxanasını geridə qoyaraq 170 milyonu keçən vəsaitlə dünyanın ən böyük kitabxanası hesab olunur. Britaniya Milli Kitabxanası 5 kitabxana sistemini birləşdirir.

1759-cu ildə yaranan bu məkanda əvvəl az sayda kitab olub. İxtisasca həkim və bioloq olan ser Hans Sloan özünün botanika, zoologiya və mineralogiyaya aid kitablarını kitabxanaya bağışladıqdan sonra burada kitab fondunun sayı 3500 nüsxəyə çatıb.

Hans Sloan öz vəsiyyətnaməsində bildirir ki, dövlət bu kitabxananı qorumaq üçün tədbirlər görməlidir. Bundan sonra İngiltərə parlamenti kitabxananın qorunması haqqında qanun qəbul edir. Bu gün Britaniya Milli Kitabxanasında tibb elminə, Britaniya imperiyasının, ayrı-ayrı Avropa dövlətlərinin tarixinə aid qədim sənədlər və dünyanın demək olar ki, bütün dillərində çap olunmuş 150 milyona yaxın kitab saxlanılır.

Bundan əlavə, İngiltərə və İrlandiyada çap olunan gündəlik qəzetlər buraya gətirilir. Fondlarında 310 000 əlyazması, 4 milyondan çox xəritə, 260 min musiqi valları və filateliya kolleksiyası saxlanılır. Filateliya kolleksiyasında 8 milyondan çox marka var. Musiqi fondunda XIX əsrə aid silindr formasında hazırlanmış səs yazıları, həmçinin, müasir SD, DVD və mini-disklər mühafizə olunur.

ABŞ-ın milli kitabxanası – Konqress kitabxanası dünyanın ən böyük kitabxanalarından biridir. ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ - 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır. İndi dünyanın ən böyük kitabxanalarından olan bu möhtəşəm məkan hökumət orqanlarına, tədqiqat müəssisələrinə, elmi işçilərə, özəl şirkətlərə və sənaye şirkətlərinə, məktəblərə xidmət edir.

Konqres Kitabxanası Britaniya Milli Kitabxanasından sonra dünyanın ən böyük kitabxanası hesab olunur. Onun fondlarında saxlanılan kitablar 470 dildədir, yarısından çoxu ingilis dilindədir. Ümumi kitab fondu 150 milyondan çoxdur. Əlavə olaraq 32 milyondan çox digərçap məhsulları, 12.5 milyon fotoşəkil, 5.3 milyon coğrafiya xəritələri, 5.6 milyon not və 62 milyon əlyazması saxlanılır.

Rusiya Elmlər Akademiyası Kitabxanası (SantPeterburq) - 1714-cü ildə Rusiyanın Sant Peterburq şəhərində açılan Rusiya Elmlər Akademiyası Kitabxanası, arxivində 26,5 milyon qaynaq saxlamaqdadır. 1783-cü ildən bu yana ölkədəki bütün naşirlər qanuni olaraq nümayiş olunan hər kitabın ödənişsiz bir surətini kitabxanaya vermək məcburiyyətindədirlər. Beləcə kitabxananın hər keçən gün daha da zənginləşməsi zəmanət altına alınmışdır. Kitabxanada 15 fevral 1988-ci il tarixində çox böyük yanğın baş verib və kolleksiyanın əhəmiyyətli bir hissəsi ziyan görüb.

Çin Milli Kitabxanası (Pekin) – Bu kitabxana sahib olduğu 29 milyon qaynaq sayəsində Asiyanın ən böyük kitabxanalarından hesab olunur. 24 Aprel 1909 tarixində “Şəhərkitabxana”-sı adı altında qurulmuş və Çin inqilabının ardından açılmışdır. 1928-ci  ildə adı Pekin Milli Kitabxanası olaraq dəyişdirilmiş, daha sonra isə bugünki adını almışdır. Kitabxana arxivində Shang Xanədanından qalma 35.000 -dən çox kitab, kəhanət sümükləri və tısbağa qabıqlarından yaranan bir kolleksiya var.

Nyu York Xalq Kitabxanası - Amerikanın ən böyük ikinci, dünyanın isə üçüncü böyük xalq kitabxanası 1895-ci ildə tikilib. Kitabxanada 53,1 milyon qaynaq var. Bir çox filmə ev sahibliyi edən kitabxanada çəkilən bəzi filmləri belə sıralaya bilərik: 2002 istehsalı “Hörümçək Adam”; 1984 istehsalı “Qarabasma Ovçuları”; 2002 istehsalı “Zamanda Səfər”; 2004 istehsalı “Sabahdan Sonra”; 1933 istehsalı “42. küçə”; 1948 istehsalı “Jennienin Portreti”; 1961 istehsalı “TiffanydaNahar”.