Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-19 09:05:00
Tələbələrin nəzərinə - Fransız universitetlərində təhsil almağın yolları

Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə də insanlar bəzən xaricdə təhsil almaq istəyirlər.

Azərbaycanda da xarici ölkələrdə təhsil almaq istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi Çin və digər yerlərdə təhsil almağı hədəf seçib.

Bu şansdan yararlanmaq üçün AzEdu.az xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlərə məlumatları verməkdə davam edir. Bu dəfə Avropa ölkəsi olan Fransada  təhsil almaq istəyənlər üçün ümumi məlumatları təqdim edirik.

Fransanın müasir təhsil sistemi dünyada ən qabaqcıl təhsil sistemlərindən hesab olunur. Fransada orta təhsil almaq xaricilər də daxil olmaqla, hamı üçün pulsuz olsa da, ali təhsil eynilə Azərbaycandakı kimi universitetlərə görə fərqlənir.

Azərbaycanda bakalavr təhsili 4 il olduğu halda Fransada bakalavr pilləsi 3 il davam edir. Magistr oxuyacaq tələbələr isə iki il: Master 1 (M1) və Master 2 (M2) təhsili alaraq kiçik elmi dərəcə qazanmış olurlar.

Fransız ali məktəblərinə daxil olmağın bir neçə yolu var. Birincisi, rəsmi nöqteyi-nəzərdən BAC-bakalavr attestatı əldə etmək üçün ən sadə yoldur. Bu sənəd universitetə 100 faizlik buraxılışdır, lakin onu yalnız fransız liseyini bitirdiyiniz halda imtahan verib yaxşı nəticə əldə edərək almaq olar.

Fransanın hansı ali məktəbində təhsil almaq istədiyini bilən şəxslər isə ən yaxşısı, həmin ali məktəbin komissiyasına məktub göndərərək, niyə bu təhsil sahəsində oxumaq istədiyinin səbəbini yazmağı və bir az da özü haqqında danışmağı sınamalıdır. Birbaşa müraciət zamanı tələblər universitetlərə görə fərqlənir. Hər universitetinin özünəməxsus şərtləri var.

Namizədliyi bəyənilən şəxslərdən, adətən, fransız dilində olan DALF testinin cavabları tələb olunur. Bundan əlavə, tələblərə cavab verən şəxslər DALF imtahanına buraxılmaq üçün çox da çətin olmayan daha bir imtahan keçməlidirlər. Belə ki, mütləq fransız dili biliyi barədə sənəd olan DELF diplomu tələb olunur.

Universitetlərin bir çoxunda əcnəbilər üçün hazırlıq kursları fəaliyyət göstərir. Əsasən, fransız dilinə yiyələnməyə daha çox yer verilir. Kursun sonunda imtahanlardan uğurlu keçənlər həmin ali məktəbin tələbəsi olurlar.

Son illərdə bəzi ali təhsil müəssisələrində, xüsusilə özəllərdə ingilis dilində magistr proqramları yaradılıb. Onlar əcnəbilərə tədris istiqamətləndirilib.  Bura daxil olmaq üçün iştirak edilən kurslar və baklavr üzrə transkript və akademik arayış tələb olunur. Əlavə olaraq isə TOEFL (550-700) və ya İELTS (6.0-7.0 bal) nəticələrini təqdim etmək lazımdır.

Azərbaycandan Fransaya magistr oxumağa gedən tələbələr ixtisaslarına uyğun proqramı qazanarlarsa, yalnız M2 oxumaları kifayət edər.

Master professionnel öyrənmək istəyənlər üçün elmi iş müdafiə etmələrinə ehtiyac yoxdur. Lakin məzun olmaq üçün təcrübə yığmaları lazımdır.

Tələbələr ancaq təcrübə müddətləri bitdikdən, təcrübələrinə dair elmi iş müdafiə etdikdən sonra magistr məzunu ola bilərlər. Yəni dərslərin imtahanların hamısını verib keçsəniz də, sentyabrda  elmi işi qiymətləndirən münsiflər heyətinin vaxtı açıqlanana qədər müdafiə etməyənlərin tədris ili bir il müddətinə uzadılır.