Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-18 09:55:40
Rəsulzadənin təhsil aldığı illərdə yazdığı və çap olunan şeirləri - Arxiv əsasında  

AzEDu.az  bu yazısında Məhəmməd Əmin Rəsulzadəni xatırlayaraq, onun gizli qalan tərəfini oxucuların diqqətinə çatdırır:

Bu gizli tərəf-Rəsulzadənin şairli qabiliyyətidir. Onun irsini, həyat və yaradıcılığını mükəmməl şəkildə araşdıran tarix elmləri doktoru Nəsiman Yaqublu özünün “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” əsərində onun gənclik illərində yazdığı bir neçə şeiri təqdim edəcək.

 Amma əvvəlcə pyesləri barədə. Çünki Rəsulzadənin çap olunan iki pyesi də olub:

“1. “Nagəhan bəla”.  “Təkamül” qəzetinin 1907-ci il 3 fevral, 7-ci sayında çap edilib (Xalqın oyanmasından, öz haqqını tələb etməsindən, tətil etmək istəyindən danışılır).

 2.“Qaranlıqda işıqlar”. 1908-ci il dekabrın 5-də tamaşaya qoyulub. Pyesin əsas xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edir.

  Nəşr edilən şeirləri isə bunlardı:

  1.“Elm tərifində deyilibdir. Müxəmməs”. Şərqi-Rus” qəzeti, N20, 18 may 1903-cü il, Tiflis.

Bu şeiri M.Ə.Rəsulzadə 19 yaşında yazıb. Elm və elmin əhəmiyyətinə həsr edilən 20 misradan ibarət olan bu şeir aşağıdakı misralarla başlayır:

 Aç qulağın bir eşit bu sözlərin ey bül füzul, 

Elmə rağıb olgilən qafildilər küllən cühul. 

 Hər nə var dünyada bil ki, elmilən olmuş hüsul, 

 Fəzli elmi bilgilən şər ilə olmuşdur qəbul… 

 

2.“Növhə”. “Dəvət” qəzeti, N14, 20 iyul 1906-cı il. 

Bu şeiri M.Ə.Rəsulzadə 22 yaşında yazıb. Şeir erməni-müsəlman qırğını və günahsız insanların nahaqdan qətlə yetirilməsi haqqındadır. Altı bənddən ibarət olan şeirdə müəllif bu fikirləri önə çəkir:

Yenə fitnə alıb meydan, 

Müftinlər sürür dövran. 

Gözəl Qafqaz olur viran, 

Qalır hər kəs buna heyran. 

Tərəhhüm (rəhm et) eylə, ya sübhan, 

Amandır, dada yet rəbbi! 

Qədim qonşu, iki millət, 

Dolanmış mehrlə hər vəqt. 

Nə üz verdi ki, bu hörmət, 

Mübəddəl (dəyişdirildi) oldu bər xirəd? 

“Qara pul”. “İrşad qəzeti, N8, 16 fevral 1906-cı il. Bu şeiri də M.Ə.Rəsulzadə 22 yaşında yazıb. Bu şeirdə pul, pulun mahiyyəti, cəmiyyətdə oynadığı mühüm rol haqqında danışılır. 22 misradan ibarət olan bu şeir aşağıdakı misralarla başlayır:

 

Ey olan hökmü-rəvan, hakimə hörmət, qara pul! 

Vey qılan piri cavan, bikəsə izzət, qara pul! 

Sən deyilsənmi açan cənnəti-əla qapısın?! 

Sən deyilsənmi verən naridə (cəhənnəmdə) zəhmət, qara pul?!

 

“Həsbi-hal (söhbət, ürəyini boşaltma)”. “Füyuzat” jurnalı, N30, 12 oktyabr 1907-ci il). 

 M.Ə.Rəsulzadə bu şeirini “Məhəmməd Əmin” imzası ilə nəşr etdirib. Şeirin əvvəlində qeyd edir: “Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib düşündüyüm zaman” sakitləşmək, dərdi azaltmaq məqsədi ilə bu şeiri yazdım. Yeddi bənddən ibarət olan şeirdə aşağıdakı maraqlı fikirlər vardır: 

 Qaranlıqdır bana dünya, 

Bütün dünyavü mafiha (dünya və onun içindəkilər), 

Diyorlar cümləsi guya: 

Çəkil bir yanə, sakitləş! 

Təhəmmül, səbr mümkünmü?! 

Həyatə cəbr mümkünmü?! 

Zəvali-qəhr mümkünmü?! 

Çəkil bir yanə, sakitləş! 

 “Təsəvvürati-əhraranə” (“Azadlıq təsəvvürləri”). Füyuzat” jurnalı, N32, 24 oktyabr, 1907-ci il). 

 Yeddi bənddən (altı misralıq bənd), 63 misradan ibarət olan bu şeiri M.Ə.Rəsulzadə dünyadakı haqsızlığa, həqiqətin olmadığına, zülmün çoxluğuna həsr edib. Şeir bu misralarla başlayır: 

 Görüncə ixtilafı bən cahanda, 

Həqiqət yox təsavi (bərabərlik) bu zamanda. 

Bütün ərbabi-zümü kəhkəşanda, 

Fəqiri daima iczü fəqanda, 

Olub aludeyi vəhmi təfəkkür, 

Bu yolda eylərəm bir çox təsəvvür