XƏBƏRLƏR

15.06.2018 15:38
Televiziya məkanının unudulmayan elmi, maarifçi, intellektual proqramları – Yerləri görünür

 

AzEdu.az təhsil, elm, maarif və intellekt meyarlarını əsas götürən və bir zamanlar mavi ekranın sevimlisinə çevrilən proqramlardan bir neçəsini təqdim edir. Bir zamanlar bu proqramları elm, təhsil məfhumlarını sevən hər kəs sevə-sevə izləyirdi. Təəssüf ki, indi həmin verilişləri izləyə bilmirik, əvəzində isə…

 “Dalğa” - Telejurnalist İlqar Əlfioğlunun Azərbaycan tamaşaçısının sevimlisinə çevirdiyi "Dalğa" proqramını o zaman hər ailə həvəslə gözləyirdi. Dövlət televiziyasının quru efir məkanına sanki canlılıq gətirən "Dalğa" o vaxtın tamaşaçısı üçün əsl möcüzə idi. İnsanlar yeni eşitdiyi, müəmma dolu bilgilər haqqında öyrənməyə can atır, onları nisbətən fərqli formatda tamaşaçılara təqdim edirdi. İlqar Əlfioğlu müəllif və aparıcısı olduğu veriliş haqqında  bu sətirlərin müəllifinə bunları deyib:

“1987-ci il, dekabrın 28-də təqdimat proqramı oldu. 1988-1991-ci illər arasında hər həftənin cümə günləri, "Vremya" xəbərlər proqramından sonra efirə çıxır, təkrarı bazar günləri səhər saatlarında olurdu. Proqram 1991-ci ilin noyabr ayında, o zamankı sədr Məmməd Muradın əmri ilə bağlandı, işçilər ixtisara salındılar.

Toxunmadığı problem yox idi. Nədən desən, danışa bilirdik və bizə təzyiq etmək də mümkün deyildi. Zəmanə özü buna imkan yaratmışdı. O vaxtadək yasaq olan bütün mövzuları işıqlandırırdıq.

"Dalğa" yeganə veriliş idi ki, efirə çıxanda küçələrdə adam qalmırdı. Onun efir vaxtı Moskvadan məşhur "Vzqlyad" proqramı gedirdi. Təxminən iki aydan sonra bizdə "Dalğa" daha populyar oldu. Deyə bilərəm ki, ömrü boyu Azərbaycan dilində verilişə baxmamış Bakı rusdilliləri dilimizi elə bizim proqrama baxmaq üçün öyrəndilər. Yaradıcı heyət 4 qrupdan ibarət idi. Adlarını xatırlayaq: Aparıcılar - Osman Mirzəyev, Nadejda İsmayılova, Yusif Bağırov, Çingiz Kərimov, Nüsrət Kəsəmənli, Məti Osmanoğlu, İlqar Qasımov; rejissorlar - Vasif Babayev, Şahin Əlibəyli, Məhərrəm Bədirzadə, Akif Salamov və digərləri; redaktorlar - Sədrəddin Bədirxanov, Mülatif Adurov, Çingiz Kərimov və digərləri... Unutduqlarım oldusa, üzrlü sayın. Nüsrət Kəsəmənlinin "Dalğa"nı aparmasını, yəqin, çoxları unudublar. Amma 1988-ci ildə mən xəstələndim, üç ay işə çıxa bilmədim, Nüsrət rəhmətlik məni əvəz etdi..." 

"Təbiəti sevənlər" - 35 ildən çox yayımlanan məşhur proqram o zaman böyükdən-kiçiyə hamının diqqətini cəlb etmişdi. Professorlar Qara Mustafayev və Mirəli Seyidov təbiətin seyrinə çıxaraq, onun gözəlliyini, eləcə də problemlərini elmi dəlillərlə, sadə xalq dili ilə dilə gətirirdilər. Vaxtilə Modern.az saytına verdiyi müsahibəsində Qara Mustafayev proqram haqqında bunları deyib:

"O proqram 35  ildən çox efirə gedib. Orada həddindən artıq maraqlı əhvalatlar  baş verib. Mən bu dəqiqə onları deməkdə çətinlik çəkirəm. Sensasiya deyirsən, sensasiya da olub. Özü də çox olub. Yaxşı şeylər də olub, pis şeylər də. Mirəli müəllim sivil adam idi. Mən demirəm ki, o, dahiyə qarşı idi. Adi müəllim idi. Alim kimi də təcrübəsi bir o qədər çox deyildi. Amma Mirəli müəllimin üstünlüyü o idi ki, bizim soy-kökümüzü öyrənməyə çalışırdı. Bax, onu Mirəli müəllim edən bu idi. Nəsimidən tutmuş Səməd Vurğuna qədər, xüsusilə,  klassik ədəbiyyatı çox gözəl bilirdi. Xüsusən, təbiətşünaslıqla poeziyanın çox gözəl kontaktını  qurmuşdu. Ona görə də çox şirin danışığı var idi. Ruhu məndən inciməsin, bugünkü müasir təbiətin quruluşuna qalanda deyirdi ki, onu Qara müəllimdən soruşun. O məndən yaxşı bilir. 


Qaldı ki o verilişə... Mən 35 ildən sonra başa düşmüşəm ki, o veriliş Azərbaycan xalqının pasportunda "propiska" olunub, qeydiyyatdan keçibmiş. Mən bunu bu gün dərk etmişəm. Dur qol-qola düşək, bu prospektdə yarım kilometr yol gedək. Beş-altı adam yolunu köndələn dəyişəcək, gələcək yanıma ki, Qara müəllim, bu kitaba,  ya bir nəyəsə imza at. A, bala mən artist-filan deyiləm. Deyir,  yox, hökmən imza ver. Verilişin qəribəlikləri olubsa da, mənsiz olub. Heyvanlar aləmi proqramlarında, yəqin ki, belə bir epizod izləmisiz. Timsah suyun kənarında pusquda dayanaraq, öz ovunu gözləyir. Onda çox güclü instinkt var. Burnunu çıxarıb gözləyir. Məsələn, deyək ki,  maral su içməyə gəlirsə, onun cəld ayağından yapışır, yerdən üzür və suya salıb boğur, sonra da parçalayır. Bu məşhur epizodu çox görmüsüz. Mənim verilişimdə də bu epizoda oxşar hal olub. Bu cür kadr telekompaniyanın şedevri adlanır. Amma mən belə bir hadisəni  əldən qaçırmışam". 

 “Maraq və  məntiq”-“Aztv-nin unudulmaz intellektual proqramlarından biri “Maraq və  məntiq” həqiqətən də gənclərin məntiqi qabiliyyətlərinin inkişafına böyük təsir göstərdi. Professor Məlik-Baxış Babayevin müəllif və aparıcısı olduğu proqram həftədə bir dəfə yayımlanmasına baxmayaraq,  insanların əqli və məntiqi düşüncə qabiliyyətinin inkişafında mühüm rol oynadı. Yeni təlim metodu kimi meydana gəlmiş bu televiziya verilişi xeyli insanları televiziya ekranına pərçimlədi.

 Hər verilişin sonunda bir məntiqi sual tamaşaçılara ünvanlanır və növbəti verilişdə ilk doğru cavabı yazanın adı səsləndirilirdi. Bu səbəbdən  “Maraq və məntiq” verilişinin respublikanın şəhər və kəndlərindən minlərlə tamaşaçı məktubları gələrdi.  Proqram ümumilikdə 256 dəfə efirə çıxdı.

 “Televiziya şahmat klubu”- Şahmatın Azərbaycanda bu qədər çox sevilməsində və bu intellektual oyunda qazanılan qələbələrdə bu proqramın xidməti az deyil. Qocaman şahmat ustası Faiq Həsənovun ömrünün bir hissəsi ilə bağlı olan proqram təkcə gənc şahmatçılar üçün yox, məntiqi mühakimə qabiliyyətini inkişaf etdirmək istəyən əksər insanlar üçün əyani vəsait idi. Ən çətin və dolaşıq şahmat gedişləri burada müzakirə edilir, veriliş boyunca iştirakçılarla yanaşı, tamaşaçıların da düşünməsinə şərait yaradırdı.

 “Qlobus” – Azərbaycan efir məkanının ilk intellectual-bilgi yarışmalı proqramı idi. Əsasən, tələbələr və orta məktəbin yuxarı siniflərində oxuyan şagirdlərin komanda şəklində qatıldığı yarışma bütün ali və orta məktəblərin sevimlisinə çevrilmişdi.

Maraqlıdır ki,  verilişin aparıcısı hər hansı məşhur sima deyil, universitetə yüksək göstəricilərlə qəbul olunan tələbələrdən biri olardı.

 “Məktəblilərin Tusi klubu” da eyni ssenari üzərində davam edirdi. Hər düzgün cavabı tapana simvolik suvenirlər və kitablar hədiyyə edilərdi. Komanda şəklində keçirilən yarışmaların qalibləri əsasən, müxtəlif liseylər olardı.

 Digər elmi-maarifləndirici verilişlərdən bir neçəsi – “Evrika” (aparıcı Xudu Məmmədov), “Qoşma” (aparıcı Kamal Abdulla), “Tələbə klubu” , “Məktəblilərin şahmat klubu”, “Yumoristik novellalar”, “Ədəbiyyat və zaman”, “Haqqın dərgahı”...

İlin gənc müəllimi-Müraciət formu