Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-14 13:55:09
Müasir dövrün ən lazımlı xaricdə təhsil proqramı – Ondan niyə xəbərsizik?  

GMAT, xaricdə xüsusilə MBA proqramını tədris edən  6.000-dən çox ali məktəbin tələb etdiyi  imtahandır.  GMAT  Graduate Management Admission Council (GMAC) tərəfindən idarə olunur.

MBA (Master of Business Administration) - Biznes İnzibatçılığı Magistrı deməkdir.

MBA postdiplom təhsil proqramıdır. Bu proqram orta və yuxarı dərəcəli menecerlərin hazırlanmasına yönəldilib. Ümumi olaraq, təhsil müddəti ortalama 2-3 il olur. Azərbaycanda MBA təhsili verən universitetlər: UNEC, ADNSU, ATU, ADA, Qərb Universiteti, Xəzər Universiteti, BMU, Aqrar Universitet, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti.

GMAT imtahanında kimlər iştirak edə bilər?

Xaricdə biznes və idarəetmə sahələrində magistratura və doktorantura pilləsində oxumaq istəyən hər kəs bu imtahana girə bilər. Ancaq giriş üçün mütləq 18 yaşında olmaq şərtdir. 13-17 yaşlarında iştirakçılar isə yalnız valideynlərin icazəsi ilə imtahana qatıla bilərlər.

Bu imtahan ingiliscə olduğu üçün ingilis dilinin “upper intermediate” səviyyəsində olan şəxslər daha uğurlu iştirakçı hesab olunurlar.

GMAT imtahanı 4 əsas bölmədən ibarətdir: Analitik Yazı Qiymətləndirməsi (Analytical Writing Assessment), Əlaqələndirilmiş Mühakimə (Integrated Reasoning), Kəmiyyət və Verbal Bölmə. Bu imtahanın müddəti 3 saat 30 dəqiqədir, amma aradakı fasilələrlə birlikdə təxminən, 4 saat çəkir. 

GMAT imtahanı zamanı kompüterdə hər bir test sualı üçün çətinlik dərəcəsinə görə dəyişən geniş sual bazası mövcuddur. Hər bir bölmənin testi orta çətinlik dərəcəsinə malik bir sualla başlayır. Əgər ilk suala düzgün cavab verilərsə kompüterin ekranında ilk suala nisbətən daha çətin sual çıxır. Əksinə ilk suala səhv cabab verilərsə, onda növbəti sual daha asan olur. Bu proses həmin bölmənin sonuna qədər davam edir və beləliklə kompüter imtahan verən şəxsin həmin sahə üzrə biliyini daha dolğun əks etdirir.

İmtahan vaxtı eyni anda ekranda sadəcə bir sual görmək olur. Kompüter növbəti sualı o sualın nəticəsinə görə müəyyən etdiyinə görə növbəti suala keçildiyi halda ondan əvvəlki sualların cavablarına təkrar qayıtmaq yaxud dəyişdirmək mümkün deyil.

GMAT imtahanının verbal bölməsi yazı materialını oxumaq, anlamaq, arqument haqqında mühakimə yürütmək, qiymətləndirmə aparmaq və yazı materialını İngilis dilinin yazı normalarına uyğunlaşdırmaq qabiliyyətlərini ölçmək üçün nəzərdə tutulub.

GMAT imtahanında üç növ verbal sual mövcuddur :  Oxuyub Anlama (Reading Comprehension), Tənqidi Mühakimə (Critical Reasoning) və Cümlə Düzəltmə (Sentence Correction) sualları.

Oxuyub-anlama sualları : Bu tip suallar yazılı formada verilən informasiya və konseptləri anlama və analizetmə qabiliyyətlərini yoxlamaq üçün nəzərdə tutulub. Mətnlər təxminən, 350 sözdən ibarət olur və mövzular əsasən, sosial elmlər, fizika, biologiya və ya bizneslə əlaqəli sahələrdən olur (marketinq, iqtisadiyyat, insan qaynaqları və s. ). Suallara cavab vermək üçün bu sahələrdə xüsusi biliyə malik olmaq tələb olunmur. Bütün suallar, təqdim edilmiş oxuma materialının əsasında cavablandırılmalıdır.

Tənqidi Mühakimə sualları : Bu tip suallar arqumenti əsaslandırmaq, yaxud, dəyərləndirmək üçün lazım olan qabiliyyətləri ölçmək məqsədilə nəzərdə tutulub.  Arqumentin ümumi strukturunu bilmək, fərziyyələri və faktları bir- birindən ayırd edərək, uyğun bir mühakimə aparmaq və düzgün nəticəyə gəlmək, arqumenti gücləndirən və ya zəiflədən faktorları müəyyən etmək və s. kimi qabiliyyətlərin yoxlanılması bu tip sualların əsas məqsədidir.

Cümlə Düzəltmə sualları : Bu tip suallar ingilis dilində düzgün və effektiv cümlə və söz birləşməsindən  yararlanmaq qabiliyyətini yoxlayır. Suallar beş mümkün variant arasında  fikri ən yaxşı və dəqiq ifadə edənini seçməyi tələb edir. Bunun üçün ingilis dilinin standart yazı qaydaları və üslub uyğunluğuna yaxşı bələd olmaq lazımdır.

GMAT imtahanı hal-hazırda MBA proqramı üçün daha da məşhurdur və təkcə Amerikanın deyil, eyni zamanda dünyanın ən reytinqli universitetləri MBA üçün bu imtahandan yüksək nəticə tələb edir.

GMAT-a onlayn, telefon, poçt və ya faks vasitəsilə müraciət edə bilərsiniz. Onlayn qeydiyyat üçün www.mba.com saytında bir hesab açaraq qeydiyyatdan keçmək kifayətdir.