XƏBƏRLƏR

14.06.2018 11:50
“Son zəng”lərin “himni” – “Məktəb illəri” mahnısının maraqlı yaranma tarixçəsi – Müəllif  danışır  

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda 2017/2018-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır. Hər bir təhsil müəssisəsinin ərazisində  müxtəlif tədbirlər keçirilir. Bu  tədbirlərdə  11 ili başa vurduğuna görə sevinənlər də olur, göz yaşlarını saxlaya bilməyənlər də. Lakin “Son zəngin” keçmiş və ən maraqlı ənənələrindən biri  şagirdlərin dillərində əzbər olan “Məktəb illəri” mahnısının demək olar ki, bütün məktəblərdə səsləndirilməsidir.

Bəs illərdir, məktəblilərin  himninə çevrilən bu musiqinin tarixindən xəbərdarıqmı?

Bu barədə  AzEdu.az- danışan şairə, pedaqoq və “Məktəb illəri” mahnısının sözlərinin müəllifi Kəmalə Abıyeva mahnının sözlərini 1999-cu ildə yazdığını qeyd edib:

“1998-ci ildə illər sonra  sinif yoldaşlarımdan birini xəstəhal gördüm. Halbuki məktəb vaxtı  ən gözəl səsə sahib qızlardan biri idi. Gördüyümdə isə səsi batmışdı və  həyatı çox pis gətirmişdi. Onda fikirləşdim ki, biz hamımız məktəbdə necə də xoşbəxt idik. Ən seçilən şagirdlərdən birini belə görəndə kədərə qapıldım və bu hisslərlə də mahnının sözlərini yazdım. Məktəb illərim, sinif yoldaşlarım  bir-bir yadıma düşdü.  Düşündüm ki, insan  ən xoşbəxt və qayğısız, yalnız uşaqlıqda olur.

Öz şagirdlərimə də deyirəm ki, siz hələ elə bir dövrdəsiniz ki  valideyn də, dövlət də, məktəb də, müəllim də sizin qayğınızı çəkir. Məktəbi bitirdikdən sonra artıq sizin öz məsuliyyətiniz, öz qayğılarınız yaranacaq”.

Kəmalə Abıyevanın sözlərinə görə, şagirdlərin məktəb vaxtı ən çox kövrəldiyi anlardan biri  müəllimlərindən acı söz eşitməkdir:

“Mən dünən bir neçə şagirdimə acıqlanmışam. Onlar çox kədərləndilər və gözləri doldu. Bu onlar üçün kədərə çevrildi. Halbuki müəllimin şagirdə acı söz deməyi elə də ciddi problem deyil. Şagird məktəbdə  səhv edir və etdiyi səhvi düzəldə bilir. Amma həyatda bəzən bir səhvə görə çox böyül bir bədəl ödəməli olursan.  İnsanın doğurdan da ən gözəl illəri məktəb illəridir.

Mən işimi dəyişə, vəzifə sahibi ola bilərdim. Ancaq uşaqlar ən təmiz dünyadır və buna görə də məktəbi sevirəm”.

Qeyd edək ki, “Məktəb illəri” mahnısının musiqisi Aygün Səmədzadəyə, ifası isə Lalə Məmmədovaya  məxsusdur.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

  • Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, ev 104. mənzil 03.
  • +994 12 465-95-74
  • +994 55 329-48-78
  • +994 55 329-48-78
  • info@azedu.az