Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-28 21:45:16
“Zəif yazdığımı düşünüb, müəllimimdən üzr istədim” - Ən yüksək bal toplayan bakalavr

2018-ci il 25 fevral tarixində magistraturaya qəbul  imtahanlarının birinci mərhələsi keçirilib. İmtahanda iştirak edən 12387 bakalavr arasında ən yüksək nəticəni 95 bal toplayan BANM-ın Neft-qaz mühəndisliyi fakültəsinin tələbəsi Emil Əmrahov göstərib.

AzEDU saytı birinci mərhələdə ən yüksək bal toplayan gələcək magistrla müsahibəni təqdim edir:

- 12387 bakalavr arasında ən yüksək nəticə göstərən biri kimi adınızın xəbər başlıqlarında görünməsi necə hissdir?

  - Düzünü desəm, məni ən çox sevindirən ailəmin həmin xəbərləri oxuyub, mənimlə fəxr etmələrini görməyimdir.

 - Birinci olacağınızı gözləyirdinizmi?

 - Birinci olacağımı tam gözləməsəm də? buna ümid edirdim... Niyə də olmasın?!  Ancaq  imtahandan çıxanda bütün ümidlərimin puç olduğunu sandım. Hətta öz müəllimimə yazıb,  üzr  istədim ki, bağışlayın, alınmadı. Çünki birincilik balının belə aşağı olacağını ağlıma gətirmirdim.

- Sınaqlarda maksimum neçə bal toplamısınız?

- Ən çox topladığım bal DİM-in sınağında olmuşdu - 94 bal.

- Kursa getmisiz, yoxsa şəxsi müəllim yanında hazırlaşmısınız? Hazırlıq müddəti nə qədər olub?

- Bu uğuruma görə "magistratura.az" kursu ailəsinə nə qədər təşəkkür etsəm, azdır. Kursa gəlişimin maraqlı hekayəsi var. Deməli, avqust ayında başqa bir kursa qeydiyyatdan keçməyə gedmişdim. Həmin kurs qeydiyyat üçün depozit istədi. Üzərimdə o qədər pul olmadığına görə evə qayıtdım. İstirahət edərkən qrup yoldaşımla kurslar barədə söhbətimiz oldu və mənə "magistratura.az" kursunu məsləhət gördü. Mən də ona güvənib bura yazıldım. Sentyabrın 18-dən hazırlaşıram.İndiyədək zərrə qədər də olsun, peşman olmamışam.  Əgər bir müəssisənin adının qabağında "ailə" sözü işlədirsənsə, artıq şərhə ehtiyac yoxdur.

- İkinci mərhələni keçdikdən sonra hansı universiteti və ixtisası seçməyi düşünürsünüz?

- Əlbəttə ki, təhsilimi öz universitetimdə davam etdirmək istəyirəm. Hələ ixtisas barədə tam qərar verməmişəm. Bakalavr ixtisasım da ola bilər, MBA da. Məncə, fikirləşməyə hələ vaxt var.

- İkinci mərhələdə hansı nəticə göstərəcəyinizi gözləyirsiniz?

- Açığı ikinci mərhələdə yüksək nəticə yığmaq iddiam yoxdur.

- Yüksək nəticə əldə etmək üçün əsas nələrə diqqət etmək lazımdır?

- Müntəzəm çalışmaq və özünəgüvən əsasdır. Bunlar öz yerində, lakin həmişə demişəm ki, çox şey imtahan gününə psixoloji hazırlıqdan asılıdır.

- İmtahan sualları sizi qane etdimi? Hansı problemli suallar var idi?

- Düzünü desəm, informatika ilə bağlı 2 sual məni qane etmədi. Suallardan biri '*' sual oldu. Bu sual “excel” ilə bağlı sual idi. Hamıda düz qəbul edildi. Digər 3D qrafika sualı haqqında isə DİM-in öz kitabında da dəqiq cavab tapmaq mümkün deyildi.

- Hansı fənnə aid sualları cavablandıra bilmədiniz? Nəyə görə?

- Məntiqdən sonuncu sualı cavablandırmadım. Onun üçün ayırdığım son 5 dəqiqəni xarici dilindən olan mətni yenidən diqqətlə oxuyub, 2 səhvimi düzəltdim.

- Bəzi tələbələr bakalavr təhsilindən sonra Azərbaycanda magistratura oxumağı lazımsız hesab edirlər. Bu yanaşmaya münasibətiniz necədir? Niyə Azərbaycanda təhsili seçdiniz?

- BANM-da (Bakı Ali Neft Məktəbi) oxumaqla, iki seçimin hər ikisindən istifadə etmiş oluram. Həm öz doğma universitetimizin, həm də Böyük Britaniyanın Heriot-Watt Universitetinin diplomunu almaq şansı əldə edirəm. Məncə, bizim universitetin məzunlarını görənlər o fikirlərindən yayınarlar.

- Şans yaransa magistr təhsilinizi burada yarıda saxlayıb, xaricdə davam etdirmək istəyərsinizmi?

- Xeyr. Heç bir işi yarıda qoymağı sevmirəm.

- Gələcək karyeranız haqqında nə düşünürsünüz?

- Gələcək karyeramın necə olacağını hələ ki zamanın axarına buraxmışam. İnşallah, xeyirlisi nədirsə, o da olar.

Qeyd edək ki, Emil Əmrahov 1996-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Nizami rayonu 10 saylı tam orta məktəbində alıb. 2013-cü ildə 664 balla  Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi fakültəsinə daxil olub.

Əsmər Qabil