Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 15:33:00
Həbsxanaya düşən elm adamları - Onların arasında müəllim də var, memar da...  

Ekspert: “Mən hələ həbsxanada elmi iş müdafiə edən adam görməmişəm”

“Mən belə faktla rastlaşmamışam ki,  həbsdə olan kimsə elmi işini hazırlasın və müdafiə etmək istəsin. Hər  kəs kitablar oxumaq, yazmaqla müəyyən nəzəri tədqiqatlar aparmaq hüququna malikdir. Amma praktiki əhəmiyyətli elmi işlərin görülməsi üçün həbsxanada imkan yoxdur”.

Bu sözləri AzEdu.az-a açıqlamasında beynəlxalq hüquq üzrə mütəxəssis Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə elm xadimləri arasında adam öldürməyə görə həbs olunanlar da var və bundan heç kim sığortalanmayıb:

“Həbsdə olam elm adamları ilə bağlı statistika ümumiyyətlə, aparılmır. Çünki kriteriyalar məlum deyil. Amma cəzaçəkmə müəssisələrində elm adamları var. Nə zamansa universitetdə çalışıb rüşvət aldığına görə həbs edilənlər də, dələduzluq və digər maddələrlə azadlıqdan mərhum olunanlar da. Onların arasında adam öldürmə ilə həbs olunanları da tapmaq mümkündür. Həbsdə müxtəlif sahələr üzrə mütəxəssislər var. Onların arasında memar olanı da var, mühəndis olanı da. Amma sayları çox deyil. Biz monitorinqlər aparır, məhkumlarla görüşürük. Ona görə də mən rastlaşmışam. Həyatdır də... Xəta edib cinayət törədərkən sənin hansı vəzifə və statusunun olması çox vaxt rol oynamır. Bu, hadisədən asılıdır. Olur ki, elmlər doktoru olan kəs yol qəza hadisəsi törədir. Axı bundan heç kim sığortalanmayıb, eləcə də bizim elm adamlarımız. Belə adamların sayı çox azdır və  bu da təbiidir. Çünki onlar ziyalıdırlar və özlərini idarə edə bilirlər. Amma heç də hər zaman ətraf mühit onlara hakim ola bilmir”.

Hüquqşünas praktiki əhəmiyyətli elmi işlərin görülməsi üçün həbsxanada imkan olmadığını bildirib:

“Hər kəsin yaradıcılıq hüququ var, harada olmasından asılı olmayaraq, onu həyata keçirə bilər. Amma həbsxana şəraiti onların bütün elmi yaradıcılıqlarını davam etdirməsinə imkan vermir. Çünki orada rejim fərqlidir, mülki rejim ilə eyni deyil. Bu, istər-istəməz elmi yaradıcılıq imkanlarını məhdudlaşdıra bilər. Məsələn, orada konkret saatlar var ki, məhkum həmin vaxtlarda müəyyən fəaliyyətlə məşğul olmalıdır. Düzdür, hansısa elmi işi yazmaq kiməsə qadağan olunmayıb. Belə bir qadağanın olması heç mümkün də deyil. Onlar bu məsələdə azaddırlar. Amma əlbəttə, bəzi elmi araşdırmalar üçün laboratoriyalar olmalıdır. Həbsxanada isə bunların olması mümkün deyil. Bu hal  daha çox texniki, dəqiq, bioloji elmlərlər bağlı olur. Amma elə nəzəri elmlər var ki, o sahələrdə hansısa məlumatları almaq, kitablar əldə etməklə nə isə araşdırmaq olar. Bununla bağlı hansısa məhdudlaşdırıcı norma yoxdur.

Müdafiə, dissertasiya isə təbii ki, yoxdur. Şəxsin lazımi şəraiti və istəyi olsa, bu məsələni rəhbərlik qarşısında qaldırmaq mümkündür. Amma mən belə faktla rastlaşmamışam ki,  həbsdə olan kimsə elmi işini hazırlasın və müdafiə etmək istəsin. Hər  kəs kitablar oxumaq, yazmaqla müəyyən nəzəri tədqiqatlar aparmaq hüququna malikdir. Amma praktiki əhəmiyyətli elmi işlərin görülməsi üçün həbsxanada imkan yoxdur”. 

Ə.Nuriyevin sözlərinə görə alimlərə cəza çəkərkən elmi uğurlarına görə hansısa imtiyazların verilməsi nəzərdə tutulmayıb:

“Amma cəza təyin edilərkən bir çox hallar nəzərə alınır, o cümlədən təqsirkarın şəxsiyyəti də. Bu, nəzərə alınma faktoru ola bilər, amma cəza çəkərkən nəzərə alınmır. O, mütləq rejim qaydalarına əməl etməlidir. Çünki hamının qanun qarşısında bərabərlik prinsipi var. Həbsxanada biri digərindən artıq və ya əksik ola bilməz. Təbii ki, bu adam fəlsəfə doktoru, elmlər doktoru və ya professordursa, ona xüsusi hörmət bəslənir. Amma bu, qanunvericilik deyil, insanlıq qaydasıdır”.

Müsahibimiz elm adamının azadlığa çıxdıqdan sonra tədris fəaliyyəti ilə məşğul olması məsələsinə də aydınlıq gətirib:

“Elm adamının azadlığa çıxdıqdan sonra tədris fəaliyyəti ilə məşğul olması onun hansı cinayəti törətməsindən asılıdır.  Digər tərəfdən, məhkumluq ödənildikdən sonra bəziləri isitsna olmaqla insan istədiyi fəaliyyətlə məşğul ola bilər. Burada heç bir problem yoxdur. O, həmin müəssisə ilə qarşılıqlı razılaşma əsasında yenidən öz əmək fəaliyyətini davam etdirə də bilər.

Amma bəzi situasiyalar var. Əgər hüquq fakültəsinin müəllimi rüşvətə görə həbs olunursa, təbii ki, onun gələcəkdə bu fakültədə işləməsi mümkün olmayacaq. Bu, heç etik qaydalara da uyğun deyil. Amma nəqliyyat qəzası törədən birinin  gələcəkdə işləmək imkanı daha genişdir.  Bu, konkret situasiyadan asılı olan bir məsələdir və şəxslə müəssisənin münasibətlərindən asılıdır. Onlar arasında qarşılıqlı anlaşma olmalıdır. Onun gələcək  fəaliyyətini məhdudlaşdıran hansısa qanun yoxdur. Elm elə sahədir ki, onu əldən almaq olmaz. 

Bəzən əlavə cəza kimi müəyyən fəaliyyətlə məşğul olmaq qanunvericiliklə şəxsə bir müddət qadağan olunur. Müddət başa çatdıqdan sonra isə həmin peşə ilə yenidən məşğul ola bilər. Bunu qadağan edən hansısa norma ola bilməz.  Çünki bu adam artıq cəza alıb. Onu ikinci dəfə cəzalandırmaq və hansısa əmək məhdudiyyəti qoymaq insan hüquqlarına ziddir.

Dünya təcrübəsində də eyni yanaşmalar var. Bir adam cərrah işləyib həkimlik fəaliyyətinin qaydalarını pozub. O peşəkar cərrah idi. Amma sabah yenidən  cərrah işləyə bilməz. Bu, konkret situasiya və qarşılıqlı anlaşmadan asılı olan haldır. Bununla bağlı qanunvericilik hər hansı məhdudlaşdırıcı hallar nəzərdə tutmayıb”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları