Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-28 20:55:48
Kurikulum dövrü bitir – “Bu, təhsil ideyamıza çevrilə bilmədi”

“Kurikulum” Azərbaycan təhsil sisteminə 1990-cı illərdə yeni pedaqoji termin kimi daxil olub. Mənası əski latın dilində “yol”, “istiqamət” deməkdir. Daha sonralar elm və təhsil sahələrində xüsusi termin kimi işlənməyə başlandı.

Kurikulum - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir.

Bu sənəd Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (milli kurikulum) kimi təsdiq olunub.

“AzEDU” saytına mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Nadir İsrafilov kurrikulumun əsasını tərtib, tətbiq, qiymətləndirmə və təhlilin  təşkil etdiyini vurğulayıb.

O, kurikulum islahatını zəruri edən səbəbləri aşağıdakı kimi sıralayıb: “Dünya təhsil sisteminə inteqrasiya; informasiya əsrinin tələbləri; təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması; mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi; planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid”.

Ekspert müasir kurikulumun ənənəvi təhsil proqramından fərqləndirən xüsusiyyətlərdən danışarkən, bir neçə vacib detala sistemli şəkildə toxunub:

-Ənənəvi təhsil proqramı bilikyönümlü, müasir kurikulum isə şəxsiyyətyönümlüdür;

-Ənənəvi təhsil proqramı müəllim yönümlü, müasir kurrikulum isə şagirdyönümlüdür.

-Ənənəvi təhsil proqramı fənyönümlü, müasir kurikulum isə nəticəyönümlüdür;

-Ənənəvi təhsil proqramında fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarekter daşımır, müasir kurikulumunda isə inteqrativlik əsas prinsip kimi qəbul olunub;

-Ənənəvi təhsil proqramı təklifyönümlü, müasir kurrikulum isə tələbyönümlüdür və s.

Nadir İsrafilovun sözlərinə görə, bəzi səbəblərdən Azərbaycan təhsilində kurikulumun bir o qədər də müsbət cəhətlərinə və keyfiyyət göstəricilərinə rast gəlinmədi. Bununla da nəzərdə tutulan hədəflərə vaxtında və lazımi səviyyədə nail olmadı. Əvəzində isə kurikulum ciddi maneələrlə rastlandı.

Ekspert yada salıb ki, dövlət qurumlarının rəsmiləri də bu sistemlə bağlı öz narahatlıqlarını gizlətməyiblər: “DİM sədri Məleykə Abbaszadənin belə bir etirafı oladu: “20 il ərzində müəllimlərə ənənəvi test tapşırıqlarını necə tətbiq etməyi öyrətmişik və onlar bunu mənimsəyiblər. Lakin müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri qınamaq lazım deyil”.

Eyni zamanda təhsil naziri Mikayıl Cabbarov da kurikulumun fəsadları ilə bağlı yaranmış vəziyyətə laqeyd qala bilmədiyini qeyd edib: “Onlar 2008-2009-cu tədris ilində təhsil sistemində yeni kurikulumun tətbiq olunmasına başlayıblar, amma müəllimlər “bu sistemin tələbləri nədir?”, “bu, onların işində, peşəkar hazırlığında hansı yenilikləri və hazırlıqları tələb edir?” mövzusunda təlim və tədris aparmağı unudublar. Bunun hansı nəticələrə gətirib çıxara biləcəyi isə gün kimi aydındır. Göründüyü kimi, təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi. Kurikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar, heç şübhəsiz ki, Azərbaycanda təhsil islahatlarının gedişinə də təsirsiz ötüşmədi”. Göründüyü ki, təhsil sahəsinə məsul şəxslər də bu kurikuluma keçidin nəticələrindən narazıdırlar”.

Ekspert əlavə edib ki, kurikulumla bağlı proseslər son dərəcə geniş və əhatəli olsa da, konkret bir aspektini nəzərdən keçirmək hər şeyi aydın edir: “Kurikulumun tələbləri səviyyəsində hazırlanan və 2009-cu ilin yanvarında təsdiq olunan “Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”na gözucu diqqət yetirməklə məsələnin nə dərəcədə qəlizləşdirildiyinin və təhsil alanlarla təhsil verənlər üçün hansı əlavə problemlər yaratdığının şahidi olmaq çətin deyil. Bəri başdan deyim ki, kurikulum əsasında hazırlanan dərsliklər hansı effekti verdisə, cəmiyyətdə nə kimi reaksiya doğurdusa, bu qiymətləndirmə də həmin effekti verməyə məhkum oldu. Bütün bunların nəticəsi kimi hazırda summativ qiymətləndirmə ilə bağlı sənəd təhsil mütəxəssisləri ilə birgə müzakirə olunur. Yəni indilik layihə sənədi müzakirə mərhələsindədir. Sənədə əsasən, birinci siniflərdə summativ qiymətləndirmənin, 2-ci və 4-cü siniflərdə isə böyük summativ qiymətləndirmənin ləğv olunması, yalnız kiçik summativlərin saxlanılması təklif olunur. 5-9-cu siniflərdə bütün fənlər üzrə kiçik summativlərin, yalnız buraxılış imtahanlarına daxil olan fənlər üzrə böyük summativlərin aparılması təklif edilir”.

A.İsrafilov onu da qeyd edib ki, ümumi razılığa əsasən, 2008-ci ildən tətbiq olunmağa başlayan kurikulum növbəti tədris ilində artıqbaşa çatır: “Digər bir məsələ isə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi keçirilib və ümumi razılıq əldə edilib. Beləliklə, kurikulum növbəti tədris ilində başa çatır. Elə Təhsil Nazirliyinin rəhbərliyi də, DİM rəhbərliyi də son müsahibə və çıxışlarında yeni tədris sistemi ilə oxuyan məzunlarımızın bilik qiymətləndirilməsinin fərqli sistem tələb etməsi məsələsinə dəfələrlə toxunub, mövcud qiymətləndirmənin doğru olmadığını vurğulayıblar”.

Qeyd edək ki, 2017-ci ilin yay aylarında şagirdlərin artıq kurikulumla təhsil almayacağı, bu sistemin konkret olaraq ləğv olunacağına dair məlumatlar yayılıb. Məlumata görə, bu sistem təhsil sahəsində özünü tam olaraq doğrultmadığı üçün müəllim və şagirdlərin narazılıqlarına əsasən 2018-2019-cu tədris ilindən etibarən tətbiq olunmayacaq. Lakin elə həmin vaxtlarda Təhsil Nazirliyi rəsmi olaraq yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini elan edib. Nazirlik, ümumiyyətlə, kurikulum sisteminin ləğvi kimi bir məsələnin müzakirə mövzusu olmadığı vurğulayıb.

Nəzrin Cavid