Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-11 11:40:00
Almaniyada texniki elm sahəsini inkişaf etdirən, deputat seçilən Azərbaycan alimləri

Müxtəlif illərdə Azərbaycandan dünyanın bir çox yerlərinə beyin axını olub. Bunun də həm obyektiv, həm də subyektiv səbəbləri var. Kimi oxuduğu universitetin elmi potensialını məqbul görərək, orada qalıb, kimisi isə sonradan gələn sərfəli təklifi geri çevirməyərək, xarici ölkələrin elmi və təhsil müəssisələrinə işləməyə gedib.

Səbəbindən asılı olmayaraq, itirən isə Azərbaycan elmi və təhsili olub. Bu gün təkcə Almaniyada elmin müxtəlif sahələrində ad-san qazanan xeyli alimlərimiz var.

AzEDU.az bu gün onlardan, daha doğrusu, onların yalnız bir qismindən bəhs edəcək. Təbii ki, adlarını sadaladığımız alimlər siyahının heç bir faizi də deyil və biz yeri gəldikcə, digərlərini də təqdim edəcəyik.

Hələlik isə aşağıdakı alimləri diqqətə çatdıraq: 

Rəhim Şmidt - 1 fevral 1959-cu ildə Güney Azərbaycanın Miyanə şəhərində dünyaya gəlib. Orta təhsilini 1978-ci ildə doğma şəhərində başa vurduqdan sonra ali təhsil almaq üçün Almaniyaya (AFR) gələn gənc, Yustus Libix adına Gissen Universitetində Molekulyar biologiya ixtisası üzrə təhsil alıb. 1986-cı ildə təhsilini başa vurub, yerli elmi institutlardan birində əmək fəaliyyətinə başlayıb. 1991-ci ildə “İLAR-viruslarının tədqiqatı və onların mayaotu tərkibləri üzərində artırılması“ mövzusunda dissertasiya müdafiə edərək, elmlər doktoru alimlik dərəcəsini qazanmışdır. Bu doktorluq işi Qissendə təşkil olunmuş Virusologiya üzrə beynəlxalq konfrans materiallarında dərc olunub.

Rəhim Şmidt  1994-2003-cü illərdə əvvəlcə Rostok Universitetində, sonra isə Frankfurt şəhərindəki Yohann Volfqanq Höte adına Universitetdə ikinci ali təhsilini tibb üzrə alıb. 2004-cü il tarixindən etibarən həkim kimi fəaliyyətə başlayan alimin qısa müddət ərzində bir sıra elmi məqalə və məruzələri Avropanın populyar elmi dərgilərində dərc edilib.

Azərbaycan əsilli alim 2005-ci ildən həkimliklə paralel olaraq, həm də siyasi fəaliyyətlə məşğul olmağa başlayb. O, “Birlik 90/yaşılıllar” partiyasına daxil olub, 2009-2010-cu illərdə partiyanın Finten şəhər yerli şurasında fəaliyyət göstərib. 2011-ci ildə keçirilən parlament seçkilərində Maynts II seçki dairəsindən namizədliyini irəli sürən soydaşımız Almaniya parlamentinin deputatı mandatını qazanan ilk azərbaycan əsilli siyasətçidir. Rəhim Şmidt 2016-cı ilə qədər parlamentdə Almaniyanın Reynald-Pfalts bölgəsini təmsil edib.

Siyasətə qoşulmasına baxmayaraq, elmi fəaliyyətini də davam etdirən Rəhim bəy 2010-cu ildə Qutenberq universitetində “İlkin tibbi yardıma ehtiyacı olan xəstələrin yardım təlabatları” mövzusunda ikinci doktorluq dissertasiyasını müdafiə edərək, tibb elmləri doktoru alimlik dərəcəsini qazanıb.

2016-ci ildən Almaniya Xristian Demokratik İttifaqı partiyasına üzv qəbul olunan həkim-siyasətçi hazırda partiya daxilində sosial, əmək, səhiyyə və demoqrafik məsələlər üzrə komitənin üzvü, həmçinin öz fraksiyasının tədqiqat və səhiyyə üzrə ixtisaslaşmış siyasi spikeri kimi fəaliyyət göstərir. Bundan əlavə, o, Partiya daxilində yaradılmış “Kimsizlər və Yoxsullarla iş üzrə Tibb Komissiyası”nın rəhbərdir. Bu qurumun üzvlüyünə qəbul edilmiş 50-dən çox həkim ehtiyacı olanlara pulsuz tibbi xidmət göstərməklə məşğuldur.

Səfərov Cavid - 1965-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirib, Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Mexanika fakültəsinin “Soyuducu-kompressor maşın və qurğuları” ixtisasına qəbul olunub. 1989-cu ildə məzunu olduğu universitetin “İstilik və soyuqluq texnikası” kafedrasında tədqiqatçı-mühəndis kimi əmək fəaliyyətinə başlayıb.

Cavid Səfərov 1991-ci ildə Azərbaycan Texniki Universitetində əyani aspiranturaya daxil olur və 1993-cü ildə vaxtından əvvəl “Alifatik spirtlərin və onların binar qarışıqlarının termal xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini qazanıb. 1993-2004-cü illərdə yenidən “İstilik və soyuqluq texnikası” kafedrasında baş laborant, assistent, dosent vəzifəsində çalışıb. 

2005-ci ildən Almaniyanın Rostock Universitetinində elmi işçi kimi çalışmağa başlayan alimin elmi işlərinin əsas istiqamətləri yüksək təzyiq və temperaturlarda mayelərin istilik-fiziki xassələrinin, həmçinin mayelərin termal və nəql xassələrinin araşdırılmasıdır. 

Cavid Səfərovun Rostock Universitetinin Texniki Termodinamika kafedrasında rəhbərlik etdiyi “Mayelərin istilik-fiziki xassələrinin araşdırılması” elmi qrupu dünyanın nüfuzlu elm mərkəzləri ilə müştərək araşdırmalar aparır. Qrup dəniz, okean, çay sularının, ionlu maddələrin, absorpsion soyuducu və günəş istilik sistemlərin alternativ istilik daşıyıcılarının və s. istilik-fiziki xassələrinin araşdırılması sahəsində əhəmiyyətli elmi layihələr həyata keçirməklə məşğuldur. 

Alim 250–dən artıq elmi məqalənin və konfrans çıxışlarının, 1 kitab, 1 dərslik və 4 dərs vəsaitinin müəllifidir. Məqalələri dünyanın müxtəlif ölkələrinin ən nüfuzlu elmi dərgilərində dərc olunub. 2006-cı ildən Beynəlxalq Su və Su Buxarı Cəmiyyətinin  (IAPWS) Almaniya milli komitəsinin üzvüdür.  

Azərbaycanlı alim Cavid Səfərov Almaniyanın DAAD (2002 və 2006), Aleksandr von Humboldt (2003-2004, 2007) və Yaponiyanın JSPS (2004) elmi təqaüdlərinə layiq görülüb.

Əliyev Rezo 1968-ci ildə Gürcüstanda anadan olub. 1985-ci ildə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutuna (indiki Az.TU) eksperiment yolu ilə (yalnız iki imtahan verməklə) qəbul edilir, 1992-ci ildə məzun olmuş və elə həmin institutda da tədqiqatçı kimi əmək fəaliyyətinə başlayır. Gənc tədqiqatçı 1995-ci ildə Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən layiq görüldüyü təqaüdə əsasən Frayberq Texniki Universitetinə ezam olunur. 1995-1997-ci illərdə bu universitetdə müxtəlif elmi tədqiqat layihələrində iştirak edir. 1997-ci ildə həmin universitetin doktoranturasına qəbul olunur. Maşınqayırmada yüksək texnologiyaların tətbiqinə dair yazdığı dissertasiyanı 5 yanvar 2001-ci il tarixində müdafiə edir və Almaniyada ilk azərbaycanlı olaraq, doktor-mühəndis elmi dərəcəsinə yiyələnir. Rezo Əliyev hazırda maşınqayırmada yüksək texnologiyalar sahəsində məşğul olduğu problemlər üzrə 60-dan çox elmi məqalənin və ondan çox patentin müəllifidir. 

Tərcümeyi halı 2007-ci ildə ABŞ-da çap olunmuş “Who’s Who in Science and Engineering 2008-2009“ kitabına daxil edilib. 

Alim 2001-ci ildən,  avtomobillər üçün metal prototiplərin hazırlanması sahəsində dünyada aparıcı müəssisə sayılan, "3D Çapetmə" texnologiyasının tətbiqçisi olan ACTech GmbH firmasında çalışır. Əsas fəaliyyət sahəsinə firmadaxili yeni texnoloji proseslərin işlənməsi və tətbiqi ilə bərabər, müəssisə ilə elmi-tədqiqat institutları arasında aparılan elmi işləri və həmçinin müəssisənin patent işlərini koordinasiya etmək də aiddir. 

Rezo Əliyevin Azərbaycan ali məktəbləri ilə də sıx əlaqələri vardır. Məhz Rezo Əliyevin sayəsində maşınqayırmada mütərəqqi texnologiyalar və elmi metodlara dair dərslik və kitablar Azərbaycan dilində çap edilərək, Azərbaycan Texniki Universiteti və ADNSU-da təhsil alan tələblər üçün əlçatan olmuşdur. Alim Azərbaycanda keçirilən bir sıra elmi-texniki konfranslarda məruzələrlə çıxışlar edib. 

Vətənpərvər alim Almaniyada çalışdığı müddətdə alman təhsil sistemində sezdiyi üstünlüklər, orada tətbiq olunan və azərbaycanlı tələbələri üçün faydalı ola biləcək metod və vərdişlər haqqında vaxtaşarı Azərbaycan mediasında məqalələrlə çıxış edir. Bu cür fəaliyyətin əsas məqsədi təkmil təhsil sistemlərinin Azərbaycanda da tətbiq edilməsinə nail olamqdır. 

Rezo Əliyev 11 iyul 2007-ci ildən Azərbaycanca Vikipediyada “İstifadəçi Rezo” adı ilə aktiv fəaliyyət göstərir. Vikipediyada indiyə qədər 500-dən çox texniki yönümlü irihəcmli məqalələrin yaradılması və təkmilləşdirilməsi ilə məşğul olmuşdur. Azərbaycan dilində qarşılığı olmayan bir neçə yeni texniki terminin azərbaycan dili leksikonuna daxil etmiş və bu haqqda vikipediyada məqalələr yaratmışdır. 

Aktiv ictimaiyyətçi və Vətəninin tərəqqisinə çalışan ziyalı kimi, Rezo Əliyev son 25 ildə Almaniyada Azərbaycan diaspor qurumlarının yaranması, formalaşması və fəaliyyəti haqqında öz müşahidələrini internet üzərindən şəxsi bloqunda  oxucularla bölüşür. O, Almaniyada təhsil alan azərbaycanlı tələbələrlə aktiv əlaqəyə malikdir. Bu qarşılıqlı münasibətin bəhrəsi kimi 2007-ci ildə "Almaniyada təhsil alan tələbələr və elmi işçilər Birliyi" təsis olunub və Frayberq şəhərinin məhkəməsində qeydiyyatdan keçmişdir. Rezo Əliyevin diaspor fəaliyyəti son illər Birliyin təşkil etdiyi tədbirlər çərçivəsində özünə yer alır. Birlk hal-hazırda Almaniyada aktiv fəaliyyət göstərən, yüzlərlə azərbaycanlı gənci müəyyən bir məqsəd ətrafında birləşdirən və vaxtaşırı Almaniyanın müxtəlif şəhərlərində tədbirlər keçirən yeganə tələbə təşkilatıdır.