Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-10 10:58:08
Dünyanı qorxu altında saxlayan, "AZİ" yetirməsi olan alim -ARAŞDIRMA
 
1953-cü il avqustun 12-si... SSRİ-nin elmi ictimaiyyəti, eləcə də dünyaya hökm etmək fikrində olan Mərkəz uzun müddətdir ki, bu günü gözləyir. Bu o gün idi ki, bir neçə il bundan əvvəl “millətlər atası” adlanan  Stalin ABŞ-ın dünyanı lərzəyə salan bomba təxribatından sonra  bu sahədə ən böyük mütəxəssisi İqor Vasilyeviç Kurçatovu düz Moskvaya çağırtdırmışdı. Bu haqda az sonra... 
 
Qayıdaq 1953-cü ilin o mənfur səhərinə. Məhz o gün dünyada ən təhlükəli silah sayılan hidrogen bombası sınaqdan keçiriləcəkdi. 
 
Səhərə yaxın, hələ gün çıxmamış sınaq meydanı üzərində böyük dağıdıcı qüvvəsi olan istilik-nüvə partlayışı həyata keçirildi.
 
Bombanı yaratmış alimlər, konstruktorlar, fəhlələr, sınağın minlərlə iştirakçısı təhlükəsiz məsafədən hər yerə keçə bilən gözqamaşdırıcı işıq gördülər. Baş nəzarətçinin ürəyi bərk döyünürdü, işin rəhbərləri, hökumətin və ali komandanlığın nümayəndələri, üfüqdə belə erkən şəfəq görən uzaqdakı yaşayış məntəqələrinin sakinləri heyrət içində donub qalmışdılar.
 
Radioaktivliyin azalması üçün zəruri olan vaxt keçəndən sonra tibb işçiləri və bioloqlar tanklarda partlayış yerinə yola düşdülər. Radioaktivliyin müxtəlif yerlərdə səviyyəsi haqqında onlardan məlumat aldıqdan sonra Kurçatov, Zavenyagin, əsgərlər, zabitlər, ölçmələr aparan elmi işçilər partlayışın mərkəzinə gəldilər.
 
Hidrogen bombasının qoyulmuş olduğu metal qüllənin yerində çox iri çuxur əmələ gəlmişdi. Qüllə beton özülü ilə birlikdə dağılmış, bütün metal buxarlanmışdı.
 
Çuxurun ətrafındakı torpaq əriyib, şüşəyə bənzər kütləyə çevrilmişdi, yerin rəngi saralmış, üzü cadar-cadar olmuş, yanmış torpaq komaları ilə örtülmüşdü. Partlayışın mərkəzindən uzaqlaşdıqca zərərin dərəcəsi azalırdı, tankın tırtılları altındakı yanmış torpağın sarı təbəqəsi getdikcə nazikləşirdi, daha sonra kömür kimi qara torpaq, nəhayət göy ot göründü. Tamaşaçılar bu göy otun içində köməksiz qalmış quşlara təəccüb içində baxırdılar. Quşları işıq oyatmışdı, onlar havaya qalxmış, ancaq şüalanma qanadlarını yandırmışdı.
 
Dağıdılmış və bir kənara tullanmış parovoz, partlayış dalğasının uçurduğu beton divar, yanmış taxta tikililər-nəzarət üçün sınaq meydanında düzəldilmiş şeylər hesablamaların dəqiqliyini təsdiq etdi. Dünyada birinci hidrogen bombasının partladılması müvəffəqiyyətlə keçmişdi. 
 
Deyilənə görə, həmin qara avqust səhərindən sonra Kurçatovda dərin təəssüf hissi yaranır. Alim ömrünü verdiyi, hər bir sirrinə bələd olduğu və nəinki SSRİ, hətta dünya elmində belə  yeni üsullarını kəşf etdiyi atoma nifrətlə yanaşır. Amma yox, atom bundan sonra da ona lazım idi. Artıq Stalin yox idi və onun yalnız bir-iki “KQB” agentini çıxmaq şərtiylə heç kəsin bilmədiyi sirrinin icrasına gərək qalmamışdı. Odur ki, Kurçatov bir mütəxəssis alim kimi öz siyasətini ustalıqla dəyişə bilir. Artıq gecdir, ya tezdir, bu haqda danışmaq əbəsdir. Amma 1954-cü ildə dünyada ilk dəfə olaraq Obninskidə Atom Elektrik Stansiyası fəaliyyətə başlayır. Kurçatov özünün sadiq komandası ilə bu işi əsasən bəraət xətrinə gördü. “Mən xoşbəxtəm ki, Rusiyada anadan olmuşam  və öz həyatımı böyük Sovetlər ölkəsinin atom elminə həsr etmişəm” deyərkən də yəqin fəaliyyətinin ikinci hissəsini nəzərdə tuturdu. Amma buna qədər iş-işdən keçmişdi. Ali rəhbərliyin sifarişi ilə Kurçatovun imza atdığı bir çox ilklər əslində yaşadığı Sovetlər Birliyi də  daxil olmaqla bütün bəşəriyyətin ziyanına işləyirdi. Məsələn o, ilk dəfə olaraq SSRİ-də atom bombasını hazırladı. Bu həm də kəskin rəqabətdə olduğu ABŞ-a da “sən də tərpən” mesajını vermək demək idi. Bu 1949-cü ilə təsadüf edir. Elə bir dövr idi  ki, artıq bəşəriyyət Hitler təhlükəsindən sovuşsa da iki böyük güc ABŞ-la SSRİ arasında başlanan Soyuq Müharibə yenidən dünyanı qan rənginə bulamağa hazırlaşırdı. Bundan cəmi üç  il əvvəl isə yenə Kurçatovun rəhbərliyi altında bir neçə alim nüvə reaktorlarını kəşf edirlər. Bütün bunlar həm də o zaman ABŞ-ı hərəkətə keçirirdi. ABŞ-ın müxtəlif yelərində fəaliyyət göstərən SSRİ-ni Öyrənmə İnstitutları kəşfiyyat işini çox böyük ustalıqla aparırdılar. ABŞ agenturası SSRİ-nin gələcəkdə hazırlayacağı atom silahının başqa bir dövlətə qarşı tətbiqini öyrənəndən sonra özü bu işə əl atıb, rəqibini qabaqlamaq istədi.
 
Deyilənə görə, o zaman Stalinin planına görə SSRİ Kurçatovun hazırlayacağı atom bombasını Türkiyəyə qarşı tətbiq etmək niyyətində olub. Hər halda bu bir versiyadır. Amma nəzərə alaq ki, bu versiyanı o zaman Stalinlə bir işləmiş SSRİ KQB polkovniki  İqor Atamenenko ömrünün sonlarında yazdığı məqalədə etiraf olaraq səsləndirmişdi. O zaman, yəni, 1941-ci ildə SSRİ qoşunları İrana hücum etdi. Onlara cavab olaraq isə Türkiyə qoşunları Cənubi Qafqazda nəzarəti  ələ keçirmək üçün vacib sərhədlərdə öz qoşununu yerləşdirir. Amma hücuma keçmir. Nasist Almaniyasının Moskvanı fəthindən sonra döyüşə başlamağı planlaşdırır. SSRİ kəşfiyyatı bu xəbəri Stalinə çatdırdıqda o, çox qəzəblənir və Qafqazdan İstanbula qədər olan ərazilər üçün xüsusi işğal planı hazırlayır. Bu planın əsasında isə Kurçatovun hazırlayacağı kütləvi qırğın silahı durur. Stalin həmin silaha çox arxayın olaraq  özündən razı halda büro iclaslarında bəzi kəşfiyyat xətalarına yol verir. Amma ABŞ agenturasının gücünün nəyə qadir olmasını yəqin ki, düzgün təhlil etməyib. Necə olursa, ABŞ-ın xüsusi şəbəkəsi bu sirri o zamankı rəhbər Trümenə çatdırırlar. Nəticə isə bütün dünya üçün sarsıdıcı olur. 1945-ci ildə dünyanı lərzəyə gətirən hadisə baş verir: Almanların müharibədəki mütəffiqi olan Yaponiyanın iki böyük şəhərinə atom bombası atılır. On minlərlə insan məhv olur. 
 
Yenə Atamenenkonun yazdığına istinadən deyək ki, həmin vaxt Stalin planının iflas etməsini biləndə çox əsəbləşir. Otağında xeyli var-gəl edir. Axırda əmr verərək büronu çağırtdırır. Çox qısa sürən büro iclasında bu firki səsləndirir: "Türklər, yaponlara təşəkkür etsinlər. Onlar türklərə görə özlərini fəda etdi. İstanbula atacağımız bombanı isə daha yaxşı bir vaxta saxlayaq”. İclas bitincə isə köməkçisinə bu əmri verir: “Kurçatovu yanıma çağırın!”
 
Hər şey ”“ üç böyül kəşf (nüvə reaktorlarını, SSRİ-də atom bombası və hidrogen bombası) də bundan sonra həyata keçir. Yuxarıda toxunduğumuz 1953-cü ilin avqust sınağı isə həmin dəhşətin sonu oldu...
 
İqor Kurçatov bir ildən çox müddətdə Bakıda da çalışıb. O, 1924-15-ci illərdə indiki Neft və Sənaye Universitetinin (o vaxtkı AZİ-E.N) fizika kafedrasında assistent kimi fəaliyyət göstərib. 1942-ci ildə yaratdığı Atom Enerjisi İnstitutu hazırda onun adını daşıyır. Onun xidmət etdiyi və “töhfələr” verdiyi sahə bütün dünyası siyasətini dəyişdi. Bəşəriyyət bu gün də həmin qorxunun real təhlükəsi altında yaşayır. 
 
Kurçatocun saqqalı çox uzun idi. Söz vermişdi ki, atom bombası istiqamətində işlərini tamamlamasa saqqalını kəsməyəcək. Amma günlərin bir günündə alimin beyninə qəflətən qan sızdı. Ən məşhur və nüfuzlu insanların basdırıldığı yerdə dəfn edildi.
 
Yəqin indi də, Kurçatovun saqqalı uzana-uzana gedir... Çünki nə atom tədqiqatları bitir, nə də onun təhlükəsi...