XƏBƏRLƏR

25.02.2018 20:25
Rafiq Əliyevin 1,5 milyon avroluq elmi layihəni qazanan nəvəsi ilə - Müsahibə + Fotolar

Qürbətin tanış işıqları... Bu gün qürbət ellərdə bizə doğma, isti olan xeyli işıqlar var. Öz intellekt, ziya və təfəkkürü ilə olduqları yeri nurlandıran həmin həmvətənlərimizin işıqları bəzən, buralara da gəlib çatır. Çatmayanları isə böyük auditoriyaya çatdırmaq bizim boynumuzun borcudur. Cəmiyyət işıqla nə qədər qidalansa,  bir o qədər də güclü olar. “İşıq bol olarsa, basılmaz Vətən”  deyib yeni layihəmizin ilk materialını təqdim edirik.

AzEDU.az saytı “Qürbətin tanış işıqları” layihəsindən ilk buraxılışında Alman Süni İntellekt Mərkəzində möcüzələr yaradan, çalışdığı yerə milyon dollardan artıq layihə qazandıran gənc alim Nicat Mehdi ilə müsahibəni təqdim edir.

Nicat bəy dünya çapında tanınan alim, professor Rafiq Əliyev və mərhum şair Famil Mehdinin nəvəsidir. Amma biz bu gün onun özündən danışacağıq. Əvvəlcə, özü haqqında verdiyi qısa məlumata diqqət edək:

Əvvəla, diqqətinizə və müsahibə üçün ayırdığınız zamana görə sizə təşəkkür edirəm. Özüm haqqında qısa olaraq deyə bilərəm ki, hazırda Alman Süni İntellekt Mərkəzində elmi araşdırmacı olaraq çalışır, eyni zamanda Saarland Universitetində doktorluq (Ph.D.) dissertasiyası üzərində işləyirəm.

Orta təhsilimi Bakı şəhərində 286 nömrəli məktəbdə başlamışam. Dördüncü sinifdən Türkiyə Diyanət Vəqfinin Bakı Türk Litseyində təhsilimi davam etdirmişəm.

Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunmuşam. Sonra bakalavr təhsilimi Almaniyanın Zigen (Siegen) Universitetində “İqtisadi İnformasiya Sistemləri” ixtisası üzrə almışam. Bakalavr təhsilimin son iki semestrini Zigen Universitetindən qazandığım təqaüd ilə Amerika Birləşmiş Ştatlarının Oklahoma şəhərindəki Tulsa Unviersitetində keçirmişəm.

Ağdam rayonunda (Ergi düzündə) hərbi qulluğu başa vurduqdan sonra master təhsilimi Münxen Texniki Universiteti və Auqsburq Universitinin ortaq proqramında “Maliyyə və İnformasiya Sistemlərinin İdarəedilməsi” ixtisası üzrə bitirmişəm. Master təhsili alarkən PricewaterhouseCoopers (PwC) və Allianz şirkətlərində praktikant olaraq çalışmışam.

28309120_1649489298421857_760241945_n.jpg

-Elmə olan maraq haradan qaynaqlandı? Xüsusən də seçdiyiniz elmi istiqamətdə babanız-dünya çapında tanınan alim Rafiq müəllimdən nə dərəcədə təsirlənmisiniz?

-Təbii, elmə və texnologiyaya marağın yaranmasında ən böyük təsir Rafiq müəllimin nümunəsi olub. 25 ilə yaxındır ki, Rafiq müəllim hər il müxtəlif ölkərdə dünyanın nüfuzlu alimlərinin iştirakı ilə süni intellekt və qeyri səlis məntiq üzrə elmi konfranslar təşkil edir.

Hələ məktəbdə oxuyarkən, bu konfransların bəzilərində dinləyici kimi iştirak etmək mənə nəsib olub. Düzdür, o zamanlar çıxışlar mənim üçün demək olar ki, anlaşılmaz idi, ancaq bu sahə üzrə maraq yaratmağa kifayət etmişdi. İllər sonra, mənə Parisdə keçirilən konfransda mühazirəçi kimi iştirak etmək nəsib oldu.

Bundan əlavə, Rafiq müəllimlə gündəlik söhbətlərimizdə toxunduğu mövzular hər zaman yol göstərici olub. Bu gün də planlandığım araşdırma mövzularında ilk müraciət etdiyim və məsləhətlərini aldığım instansiyalardan biri Rafiq müəllimdir.

Mənim üçün çox önəmli olan başqa bir mövzuya da toxunmaq istəyərdim. Almaniyada təhsil almaq istəyən xarici tələbələrdən tələb olunan sənəd universitetlərin tanıdığı rəsmi dil sertifikatıdır. Mənim kimi Azərbaycandan yüzlərlə tələbə, həkim Rafiq müəllimin Almaniyadakı əlaqələri və səyləri nəticəsində, heç bir maddi gözləntisi olmadan Azəbaycanda illər öncə açdırdığı DSH kurslarında qazandıqları sertifikatlar vasitəsi ilə Almaniyaya gəlməyə müvəffəq olublar. O zaman bu dil kursları olmasaydı, böyük ehtimalla, mən də bu gün olduğum yerdən tam fərqli bir mövqedə olacaqdım.

unnamed.jpg

Bundan əlavə, həm elm, həm də müasir texnologiyalara maraq yaranmasında orta təhsil aldığım Türkiyə Diyanət Vəqfinin Bakı Türk Litseyinin, xususi olaraq müdir Kadir Bektaşoğlunun, tələbəykən işlədiyim AZEL (Azerbaijan Electronics) şirkətinin, onun rəhbəri İqor Yakovenkonun, ən əsası, bütün imkanlarını mənim və qardaşımın təhsilinə yönəldən valideynlərimin müstəsna rolu olmuşdur və onlara təşəkkürü borc bilirəm.

-Bu yaxınlarda Almaniyada çalışdığınız elmi mərkəzə dəyəri 1,5 milyon avro olan qrant qazandırdınız. Mümkünsə, bu barədə sizdən daha ətraflı məlumat almaq istərdik.

-Hazırda çalışdığım mərkəzdə apardığımız elmi işləri və yaratmağa çalışdığımız süni intellekt əsaslı texnologiyarı layihələrə uyğun olaraq planlayırıq. Bu layihələri maliyyələşdirmək üçün müxtəlif dövlət strukturlarının, əsasən də Təhsil və Elm nazirliyinin elan etdiyi proqramlara müraciət edilir. Çoxmərhələli prosesdə innovativ ideyalar irəli sürüb, bu ideyaları real tətbiq edəcək kiçik və orta miqyaslı şirkətlərlə əlaqə saxlayırıq. Həyata keçirələcək layihələrin razılığı alındıqdan sonra  onlarla birlikdə konsorsium yaradılır və maliyyə mənbələri əldə etmək üçün müvafiq orqanlara müraciət edirik.

Mən daha çox “Sənaye 4.0” konsepti çərçivəsində İnternet of Things, Big Data, Machine Learning (əsasən Deep Learning), Complex Event Processing, Process Mining kimi texnologiya və metodların inteqrasiyası və təkmilləşdirilməsi istiqamətində çalışıram. Üç il üzərində çalışdığım və keçən ilin sonunda uğurla bitdirdiyimiz layihədə mürəkkəb istehsal prosesləri zamanı (məsələn, polad məhsulları istehsalı) əldə edilən sensor verilənləri ilə məhsulun keyfiyyətini proqnoz edə bilən sistem üzərində çalışdıq. Son olaraq müraciət etdiyimiz layihədə unikal məhsullar hazırlayan istehsalçıların biznes və istehsalat proseslərinin optimallaşdırılması üçün yuxarıda sadaladığım texnologiyalara əsaslan qərarverməyə yardımcı olan sistem yaratmaq planını təqdim etdik. İlkin qiymətləndirmə müsbət oldu və hazırda layihədə görəcəyimiz işlərin detalları üzərində çalışırıq.

Son olaraq qeyd edim ki, ayrılacaq vəsait həm bizim araşdırma mərkəzinə yeni elmi işçilərin cəlb olunmasına, həm də konsorsiumun üzvləri olan şirkətlərin texniki imkanlarının inkişaf etdirilməsinə sərf ediləcək.

28417974_1649489221755198_29358324_o.jpg

-Elmi mərkəziniz sizin bu uğurunuzu necə dəyərləndirdi? Gələcəklə bağlı sizə nə kimi ortaq təkliflərdə bulundular?

-Bu bizim işimizin bir hissəsidi və mən bunu fərdi uğurdan daha çox kollektiv uğur olaraq görürəm. Çox şadam ki, çalışdığım yerdə fikirlərimizi, yeni ideyalarımızı paylaşa bildiyimiz demokratik bir mühit var. Bu, həm biz araşdırmaçıların şəxsi və peşə inkişafına, həm də qarşılıqlı olaraq bizim qazandığımız layihələrin və elmi yeniliklərin hesabına departamentimizin böyüməsinə səbəb olur. Gələcəkdə bu istiqamətdə çalışmalarımızı davam etdirməyi düşünürük.

-Azərbaycanda elmin inkişafı üçün təhsili də inkişaf etdirmək lazımdır. Sizcə, bizim təhsil sistemimiz gələcək elmimiz üçün potensial kadrlar hazırlamaq gücündədirmi?

-Bir-birinin ayrılmaz və tamamlayıcı hissəsi olsalar da, fikrimcə, təhsil, elm və texnoloji inkişaf anlayışları ayrılıqda dəyərləndirilməli və onnları necə inkişaf etdirmək haqqında düşünülməlidir. Təbii ki, elmin inkişafına təkan verən ən böyük amillərdən biri şəffaf və keyfiyyətli təhsil sistemidir. Bu təmin edilmədən heç bir inkişafdan danışmaq olmaz.

Ancaq bununla yanaşı elmi institutların yaradılması, texniki vəsaitlərlə təmin edilməsi, elmi işlərə və layihələrə təkan verə biləcək xüsusi kadrların cəlb edilməsi, yetişdirilməsi və bunları reallaşdırmaq üçün zəruri maddi dəstəyin təmin edilməsi vacibdir. Ölkəmizdə, 2018-ci ildə elmi xərclərə ayrılan vəsait büdcənin 0,6%-ni təşkil edir. Bu vəsait arzu edilən elmi inkişafı təmin edə biləcək səviyyədə deyil.

Bununla bərabər, bütün çatışmazlıqlara və çətinliklərə baxmayaraq, həm ölkəmizdə, həm də ölkədən kənarda cəmiyyətin inkişafına təkan verəcək yetərli sayda gənclərin yetişdiyini düşünürəm. Təhsil və elm sahəsində fundamtental reformalar edilərsə, elmi-texnoloji inkişafın exponensial olaraq artacağına əminəm.

28313481_1649489261755194_579841623_n.jpg

-Ümumiyyətlə, təhsilimizdə hansı Qərb modellərinin tətbiq olunmasını istərdiniz?

-Bilirsiniz, təhsilin transformasiyası çoxmeyarlı bir məsələdir. Mən bu suala birmənalı olaraq, bəli, təhsilimizdə qərb təhsil modellərini tətbiq etməliyik deməzdim. Bu yaxınlarda TED platformunda bir məqalə oxumuşdum. Məqalə Finlandiya və Cənubi Koreyada 50 il bundan öncə çox aşağı səviyydə olan təhsilin dünya liderliyi səviyyəsinə necə qaldırıldığından bəhs edirdi. Məqalənin əsas vurğusu  təhsilin transformasiyasında mədəniyyətin və ictimai xarakterin rolu idi. Finlandiya təhsilində inkişaf şagirdlərə daha çox asudə vaxt və fəaliyyət sərbəstliyi yaratmağın hesabına təmin edilmişdisə, Cənubi Koreyada bu yüksək dissiplin, həvəsləndirmə və əldə edilən nəaliyyətlərin yüksək qiymətləndirilməsi hesabına olmuşdur.

Fikrimcə, təhsilin transformasiyası çox ciddi sosial mühəndislik tələb edən məsələ və prosesdir. Bu prosesə pedaqoq, psixoloq, sosioloq, iqtisadçı və digər müxtəlif elm sahələrindən mütəxəssislər cəlb etməklə və ölkəmizin tarixi, ictimai, mədəni ənənələrini və iqtisadi tələbatını nəzərə almaqla inkişafa götürəcək şəffaf bir model qurmaq mümkündür .

-Ailə təhsilə, elmə olan münasibətin formalaşmasında nə dərəcədə önəmli rol oynayır?

-Təhsilə, elmə marağın formalaşmasında ictimai mühitin və biləvasitə cəmiyyətin özəyi olan ailənin rolu danılmazdı. Bu sahədə aparılan statistik araşdımalarla tanış deyiləm. Zənnimcə, ailədə valideynlərin təhsil səviyyəsi, elmi bazası, dünya görüşləri, vizyonları ilə uşaqlarının təhsil səviyyəsi, elmə olan maraqları arasında yüksək korrelyasiya mövcuddur. Təbii, istisnaların olduğunu da düşünürəm və şəxsən müşahidə etdiyim hallar da olmuşdur.

-Babanız mərhum Famil Mehdini də xatırlayaq... Bir professor kimi ondan nə kimi müsbət keyfiyyətləri götürdünüz?

-Famil müəllimdən öyrəndiyim və hər zaman tətbiq etməyə çalışdığım əsas keyfiyyətlərdən başlıcası istər elmi, istərsə də ictimai məsələlərə qlobal, miqyaslı, təmkinli və soyuqqanlı şəkildə baxmaq, xırdalıqlar içində itmədən mövqe formalaşdırmaqdır. Vətənə, torpağa sevgi, insanlara hörmət, məhəbbət, haqsızlığa dözümsüzlük, zəhmətkeşlik, sadəlik və s. Famil müəllimdə gördüyüm və qiymətləndirdiyim cəhətlərdir.

Mənim üçün həm Famil müəllimin, həm Rafiq müəllimin dəyərləri onların şair və ya alim kimlikləri ilə yanaşı, cəmiyyət içində yüksək hörmətə sahib ictimai kimlikləridir. Bunun mənəvi məsulliyətini həmişə üzərimdə hiss etmişəm və verdiyim müxtəlif qərarlarda hər zaman mənə yol göstərici olmuşdur.

28381041_1649489251755195_1211864796_n.jpg

-Bilmədiyimiz, lakin publikanın mütləq xəbər tutmalı olduğu başqa nə kimi elmi uğurlarınız olub?

Hazırda dünyanın demək olar ki bütün qitələrində öncül araşdırma mərkəzlərində, universitetlərdə, kliniklarda, şirkətlərdə minlərlə (mən bu rəqəmi şişirtmirəm) soydaşımız çalışır və ya təhsil alır. Azərbaycanlı gənclərin müxtəlif istiqamətlərdə, platformlarda əldə edilən uğurlarından çox vaxt təsadüfən xəbər tuturuq. Mən yüksək potensiala malik olan toplumun nümayəndələrinin individual uğurunu öz uğurum hesab edirəm. Bu nailiyyətləri işıqlandırdığınıza görə sizə və jurnalist həmkarlarınıza təşəkkür edirəm.

-Lütfi Zadə sizin üçün kimdir?

-Lütfi Zadə mənim üçün qlobal səviyyədə qəbul olunmuş ən böyük alimlərimizdəndir. Onun bir elm insanı kimi böyüklüyünün miqyasını göstərmək üçün sizə iki misal çəkim. Vikipediyada ingilis dilində “elm sahələrinin “ataları/anaları”” adlı səhifə var. Bu səhifədə bütün bəşəriyyət tarixi boyunca müxtəlif elm sahələrinin baniləri haqqında məlumat verilir. Aristotel, Da Vinçi, Mendeleyev, Eynşteyn, Kopernik, Küri, Nyuton, Plank, Qaliley kimi alimlərin sırasında Lütfi Zadənin də adı çəkilir. Bu fakt Zadənin və onun yaratdığı “Qeyri-səlis məntiqin” dünya elm avtoritetlərin gözündə hansı yüksəklidə olduğunu izah edir.

İkicisi, bu gün Lütfi Zadənin yazdığı məqalələrə istinad edən elmi işlərin sayı Albert Eynşteynə istinad edilənlərdəkindən təxminən, 2 dəfə çoxdur. Düzdü birbaşa müqayisə hardasa qüsurlu ola bilər, ancaq məncə bu statistika Zadənin elmi uğurunun miqyası barədə bizə məlumat verir.

-Süni intellekt, qeyri-səlis məntiqin gələcək perspektivlərindən danışaq.

-Süni intellekt çoxşaxəli bir anlayışdır və müxtəlif metodlarla müxtəlif xarakterli problemlərin həllini tapmağa çalışır. Ona görə də süni intellektin gələcəyi məsələsi bir suala cavab olmayacaq qədər geniş müzakirə tələb edir.

Ancaq, qısa olaraq deyim ki, süni intellektin inkişafı yaxın dövrdə cəmiyyətlərin qlobal transformasiyasına, dəyişməsinə səbəb olacaq. McKinsey şirkətinin keçən il yayımladığı hesabatına görə 2030-cu ilə qədər robotik avtomatlaşdırılması prosesinin inkişafı nəticəsində soft-robotlar dünyada 400-800 milyon işçini əvəz edəcək. Bu heç də uzaq gələcək deyil. Artıq rutin tapşırıqları icra etməkdən ibarət olan peşələr tarixə qarışacaq və insanlar daha yüksək analitik qabiliyyət tələb edən peşələrə doğru yönəlməli olacaqlar.

Ümumiyətlə, süni intellektinin daha da təkmilləşməsi ilə gələcək disruptiv dəyişimlərlə uyğunlaşan ölkələr bu prosesdən ictimai və iqtisadi inkişafları üçün yararlanacaqlar və bu dəyişimlərlə ayaqlaşa bilməyən ölkələrlə aralarındakı fərq daha da artacaq.

-Gələcək elmi planlarınız barəsində nə deyə bilərsiniz?

-Yaxın gələcəkdə doktorluq dissertasiyamın mövzusu üzrə həm elmi, həm də tətbiqi işləri davam etdirmək niyyətindəyəm. Süni intellektin “Maşın öyrənməsi” metodlarının və təqdim etdikləri  nəticələrin istifadəçilərə daha aydın olması üzərində çalışıram. Bu modellər “qara qutu” xarakteri daşıyır. Yəni, məsələn, neyron şəbəkələr hər hansı bir proqnoz verərkən, bunu necə etdiyini izah etmir. Nəticədə istifadəçilər izah edilə bilməyən modelləri qəbul etməkdə və real həyatda tətbiq etməkdə bir “güvən” problemi yaşayır. İşlərimin məqsədi bu çatışmamazlığı mümkün qədər aradan qaldıra biləcək metodları araşdırmaq və yenilərini yaratmaqdır. Bu proses, koqnitiv elmlər kimi, digər sahələrin də intensiv araşdırılmasını tələb edir.

Elmin Nuri

28461432_1649489211755199_411816909_o.jpg

İlin gənc müəllimi-Müraciət formu