Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 17:01:51
ABŞ səfirliyi köçkün məktəbində “Amerika rəfi”ni AÇDI - FOTOLAR     

ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən Abşeron rayonunun Masazır qəsəbəsindəki Laçın rayon Çıraqlı kənd tam orta məktəbində "Amerika rəfi"nin açılışı keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gill, Təhsil Nazirliyinin, Laçın Təhsil İdarəsinin nümayəndələri və digər qonaqlar iştirak edib.

ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Vilyam Gill məcburi köçkün məktəbinə ingilis və azərbaycan dillərində dünya klassikləri və uşaq ədəbiyyatı da daxil olmaqla hərtərəfli kitablar toplusu – "Amerika rəfi"ni hədiyyə edib. 

Vilyam Gill əvvəlcə bu məktəbin uşaqların yaxşı təhsil almasına imkan yaratmaq məqsədilə tikildiyini qeyd edib. 

O bildirib ki, bu, ABŞ-ın məcburi köçkünlər üçün ölkənin müxtəlif yerlərində inşa etdiyi 16 məktəbdən biridir.

 

Diplomat qeyd edib ki, məktəbin yüksək potensial qazanması üçün daha da köməklik göstəriləcək:

" Bizim bu məktəblə əməkdaşlığımız açılış günündən indiyə qədər davam edir. Düşünürəm ki, bu gün məktəbə gətirdiyimiz Amerika ədəbiyyatı nümunələri şagirdlərdə maraq oyadacaq". 

Vilyam Gill sinif otaqlarını da gəzib. O deyib ki, təhsildən gözəl bir şey yoxdur.

“Bu məktəb də ABŞ-Azərbaycan arasındakı möhkəm əməkdaşlığın bariz göstəricisidir. Biz Azərbaycanda məcburi köçkünlərin təhsil şəraitinin yaxşılaşdırılması istiqamətində köməklik göstərmək işinə sadiqik. ABŞ-ın məqsədi azərbaycanlıların arzuladığı daha firəvan, sabit gələcək qurmaqda onlarla əməkdaşlıq etməkdir. Biz Azərbaycan və Azərbaycanlılarla uzunmüddətli əməkdaşlığa sadiqik. 

Azərbaycanlılar deyəndə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən məcburi köçkünlər də bura daxildir. Ümidvaram ki, bu kitablar şagirdlərin yeni aləmlə, yeni nəsillərlə tanış olaraq gələcəkdəki uğura nail olmaq üçün daxillərində olan potensialı aşkara çıxarmaq və inkişaf etdirməyə kömək edəcək".

 

O xatırladıb ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Minsk qrupu prosesinin həmsədridir. Proses çərçivəsində münaqişənin dinc yolla həlli üçün tərəfləri bir araya gətirərək və həll yolunun tapılması istiqamətində işlər görür. Amma eyni zamanda məcburi köçkün əhalisinin ehtiyacları var ki, bu ehtiyaclar qarşılanmalı, təmin edilməlidir və şadıq ki, məcburi köçkünlərə yönəlik bu cür uğurlu fəaliyyət həyata keçirə bilirik”.

Daha sonra çıxış edən məktəb direktoru İlham Çıraqov məktəb haqqında qısa məlumat verərək məktəbdə 615 şagirdin təhsil aldığını, eləcə də 45 müəllim, 17 texniki işçi fəaliyyət göstərdiyini əlavə edib. 

O ABŞ səfirliyi tərəfindən məktəb üçün görülən işlərdən məmnunluğunu ifadə edib.

Sonda məktəb şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin 2017-ci ildə Humanitar Yardım Proqramının dəstəyi ilə inşa edilən məktəb Laçın icmasına xidmət edir. 

2017-ci ilin oktyabr ayında açılışından etibarən Laçın məktəbi daha geniş sinif otaqları, müasir avadanlıqlar və daha sağlam şərait təmin etməklə 600-dən çox uşaq üçün öyrənmə mühitini yaxşılaşdırıb. 

Bu məktəb ABŞ Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramının Azərbaycanda qurduğu on altı məktəbdən biridir. Eyni proqram çərçivəsində ABŞ Səfirliyi Bərdənin Güloğlular kəndindəki məcburi köçkünlər üçün on yeddinci məktəbin inşasını dəstəkləyir. 1991-ci ildən ABŞ Azərbaycana 1,3 milyard ABŞ dolları məbləğində dəstək verib. ABŞ Müdafiə Departamenti məcburi köçkün icmalarının həyat və yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş, məktəb tikintisi və su layihələri də daxil olmaqla, 22 humanitar yardım layihəsini maliyyələşdirmək üçün 5,5 milyon ABŞ dollarından çox vəsait ayırıb. 

1991-ci ildən etibarən Amerika Birləşmiş Ştatları məcburi köçkünlərə yardım üçün 125 milyon ABŞ dollarından artıq maliyyə ayırıb.