Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 09:03:00
Yeni qəbul modeli repetitorların fəaliyyətinə son qoyacaq” -Müəllimlərə ÇAĞIRIŞ

“Hər hansı bir repetitor yeni qəbul modelinə uyğunlaşmaq və ya qəbul etmək istəməsə, onların fəaliyyətində ciddi axsamalar müşahidə olunacaq”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elnur Hacıyev deyib. Onun sözlərinə görə, yeni model repetitorların iş prinsiplərinə təsirsiz ötüşməyəcək:

“Kurikulum təlimin məzmunu, təşkili və qiymətləndirilməsini özündə ehtiva edən sənəddir, təhsil üzrə mövcud dövlət proqramıdır. Bu səbəbdən, həm təhsil verənlər, həm də təhsilalanlar bu proqrama əməl etməli və dövlətin onlar qarşısında qoyduğu tələbləri ödəməlidirlər. Yeni proqramın tələblərinə cavab verə biləcək müəllimlərin repetitorluq fəaliyyəti öz axarında davam edəcək.Hər hansı bir repetitor yeni sistemə uyğunlaşmaq və ya onu qəbul etmək istəməsə, tədricən onların fəaliyyətində ciddi axsamalar müşahidə oluna bilər. Onların işlərini dayandırma ehtimalları ciddi şəkildə arta bilər. Müəllimlər mövcud təhsil proqramını və təlim prosesinə qoyulan mövcud tələbləri dərk etməzsə ,qəbul etmək istəməzsə və ya tətbiq etməkdən imtina edərsə,  o zaman onların şagirdlərin nailliyət səviyyəsi də aşağı düşəcək. Bu isə təhsil sistemində ciddi fəsadlar yarada bilər”.

Ekspert vurğulayıb ki, fənlərin məzmununa uyğun təlim prosesi, qiymətləndirmə mexanizmi tətbiq edilməlidir:

“Bu gün şagirdlərin qarşısına qoyulan tələblər dəyişirsə, demək müəllimdə öz növbəsində təlim prosesini ona uyğun qurmalıdır. Müəllimləri yeni tələblərə uyğunlaşmağa çağırıram. Bütün təhsil verənləri dövlətin, cəmiyyətin, ümumilikdə dövrün tələblərinə cavab verəcək şəkildə işlər görməyə səsləyirəm. Əks halda çəkdiyimiz əziyyət, gərgin pedaqoji fəaliyyətin müsbət nəticələrini görmək, şagirdlərin nailiyyət səviyyəsini, müəllimlərin cəmiyyətdəki nüfuzunu artırmaq mümkün olmayacaq”.

Xatırladaq ki,2019-cu tədris ilindən etibarən qəbul imtahanları kurikulum sistemi əsasında həyata keçiriləcək. Buraxılış imtahanının və qəbul imtahanın cavabları toplanaraq yekun nəticə əldə ediləcək.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları