“Bakı şəhərində Anadolu Universitetinin verdiyi diplom hüquqi qüvvəyə malik deyil”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eskperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, universitetin verdiyi diplomun hüquqi əsasa malik olmaması onun fəaliyyətinin qanunsuz olması demək deyil:
“Birincisi, Anadolu Universitetinin rəsmi saytında ali məktəbin xarici ölkələrdə rəsmi filialları olması barədə məlumatlar və qəbul şərtləri açıqlanıb. İkincisi, ali təhsil müəssisəsinin diplomu təhsilin distant olmasına görə Azərbaycanda tanınmır. Bu təhsil alma forması 2009-cu ilin “Təhsil haqqında” qanununda öz əksini tapsa da, hələki, həll olunmayıb”.
Kamran Əsədov valideynləri universitetdə təhsil alan tələbələrin aqibəti ilə maraqlanıb, sonra ora müraciət etməyə çağırıb:
“Əgər oğlan tələbələrə verilən təhsil haqqında sənəd onlara hərbi xidmətdən möhlət hüququ vermirsə, bu o deməkdir ki, orada vaxt və pul itirməyə dəyməz. Universitet qanunsuz fəaliyyət göstərmir. Çünki ali təhsil müəssisəsinin rəsmi saytında bütün məlumatlar verilib, onlar vergi və digər ödənişləri ödəyir və açıq şəkildə fəaliyyət göstərirlər”.
Qeyd edək ki, Anadolu Universiteti 1958-ci ildə yaranıb, 1982-ci ildən Anadolu universiteti adlandırılıb. Təhsil Nazirliyi bəyan edib ki, Anadolu Universiteti Türkiyənin qanuni fəaliyyət göstərən ali təhsil müəssisəsidir. Lakin bu universitetin Bakıdakı filialı Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmayıb, onun təhsil fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilməyib. Filialın qanunsuz fəaliyyəti barədə Təhsil Nazirliyi tərəfindən universitetin rəhbərliyinə, Azərbaycanın Türkiyədəki səfirliyinə müvafiq məktublar göndərilib.
kitabı