Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 13:50:00
Ekspertdən təklif: "Magistraturaya qəbul imtahanının I mərhələsi  ləğv olunmalıdır"

“İlk növbədə qeyd etmək istəyirəm ki, bu il, 2018/2019 tədris ilində ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq üçün müraciət edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə ciddi şəkildə azalıb. Cari ildə magistraturaya təsdiq edilmiş ərizələrin sayı belə idi: Azərbaycan bölməsi - 11199; rus bölməsi - 1183; cəmi – 12382”.

Bu sözləri AzEdu.az -a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə,  bu qədər bakalavr pilləsini bitirmiş ali təhsilli şəxslərdən 8 mindən çoxu müsabiqə şərtlərini ödəyib ikinci mərhələdə iştirak etmək hüququ qazanıblar.

“Təəssüf ki, son illər ərzində magistr pilləsinə qəbul imtahanlarında iştirak edən şəxlər arasında iki mərhələnin nəticəsində maksimum bal toplaya bilən olmayıb.  Maraqlısı da odur ki, onlar arasında  ali məktəblərə qəbul imtahanlarında maksimum bal toplayanlar da olub.  Diqqəti cəlb edən bir neçə məqam var. Birincisi, magistr pilləsinə qəbul imtahanlarının birinci mərtəbəsində bakalavrların verdiyi imtahan fənləri - məntiq, xarici dil, informatikadır. Bu fənlər üzrə qəbul imtahanlarında istifadə olunan test tapşırığı üçün olan materiallar ali məktəblərdə tədris olunmur”.

Ekspert deyir ki,  bu fənlər universitetlərdə bir smestr ərzində nəzəri olaraq keçirilir:

“Qəbul imtahanlarında iştirak edən bakalavrlardan riyazi məntiq, proqramçı səviyyəsində informatika, akademik səviyyədə xarici dil bilgiləri tələb olunur.  Bunun üçün də onlar öz vəsaitləri hesabına hazırlıq kurslarına, repititorlara müraciət edirlər. Texniki və dəqiq ixtisaslar üzrə təhsilalan tələbələr üçün məntiq, informatika fənləri asan olsa da, humanitar ixtisaslar üzrə təhsilalanlar  üçün bu çox çətindir.  Magistratura pilləsinə qəbul imtahanlarının ikinci mərhələsində isə təqdim olunan ixtisas üzrə test tapşırıqları isə bütün tədris ilini əhatə edir ki, bu zaman da bakalavrlar  I kursdan  IV kursa qədər bütün materialları yenidən oxumalıdırlar”.

K.Əsədov deyir ki, məhz bu səbəblər imtahanda iştirak edən şəxslərin maksimum nəticə əldə etməsinə maneə yaradır.  Bundan başqa, magistr pilləsinə qəbulun ikinci mərhələsi üçün ixtisaslar üzrə   materiallar, resurslar, rəsmi test banklar yoxdur:

“Bu da imtahan verəcək şəxlərin səmərəli şəkildə hazırlaşmasına imkan vermir. Hesab edirəm ki, magistr pilləsinə keçirilən qəbul imtahanlarının birinci mərhələsi ləğv olunmalı, bu pillədə təhsil almaq istəyən şəxslər yalnız öz ixtisasları və xarici dildən imtahan verməlidirlər”.

Qeyd edək ki,  iyunun 3-də magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib. İmtahanda 8151 bakalavr iştirak edib. 34 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 2 nəfər ən yüksək nəticə ‑138 bal toplayıb. Xatırladaq ki,  maksimal bal isə 150-dir. Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 8-dan 18-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini təsdiqləyən bakalavrlar buraxılacaqlar.