Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-24 12:00:37
Azərbaycan tibb təhsilində qurulan sistem düzgün işləmir – Tanınmış kardioloq Fərid Əliyev

“Bu gün mütəxəssislərin böyük əksəriyyəti müasir tibbi təhsil kriteriyalarına uyğun deyil”

Həkimlik cəmiyyət üçün ən yararlı peşələrdən biri hesab olunur. Rusiyalı akademik Bilibinin sözləriylə desək, həkimliyi öyrənmək insanlığı öyrənməkdir. Statistik məlumatlara əsasən, yaşadığımız ölkədə 30 mindən çox təbib çalışır.

Onlara müraciət edən xəstələrin sayı da kifayət qədər çoxdur. Müşahidələr göstərir ki,  insanların əksəriyyəti həkimə müraciət edərkən onların harada və hansı təhsili almasıyla bağlı məlumatsız olurlar. Bəzi pasiyentlər isə bunu, ümumiyyətlə, önəmsəmir. Reallıq isə budur ki, dünyanın bir çox ölkələrində təhsil alan, kurs keçən və müxtəlif xəstəxanalarda çalışan həkimlər öz sahələri üzrə daha yaxşı ixtisaslaşırlar və daha peşəkar sayılırlar.

Azedu.az saytı həkimlərin təhsilindən bəhs edən “Doktor” layihəsinə start verir. Layihə çərçivəsində xaricdə təhsil alan yüksək mütəxəssislərin müsahibələrinə yer veriləcək.

Layihənin ilk qonağı Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik klinikasının Ürək-damar mərkəzinin müdiri, “uzman”- həkim (yüksək mütəxəssis) Fərid Əliyevdir.

Kardioloq-aritmoloq  Fərid Əliyev eyni zamanda Azərbaycan Tibb Universitetinin dosentidir. O, ölkəmizdə ilk dəfə olaraq aritmoloji (ürək və nəbzdə ritm pozulması)  araşdırma və prosedurlara başlayıb.

Azərbaycan Aritmiya Alyansının yaradılmasında Fərid Əliyevin xüsusi rolu var. Alyansda aritmoloji xəstəliklərin öyrənilməsi, diaqnostikası və müalicəsi Avropa səviyyəsinə çatdırılıb. Hətta elə aritmoloji xəstəliklər var ki, Azərbaycanda onun öyrənilməsi və müalicəsi Avropa səviyyəsindən daha yüksəkdir.

Kardioloqun bir çox xarici jurnallarda çoxsaylı məqalələri dərc olunub.

Fərid Əliyevlə müsahibəni təqdim edir:

- Fərid bəy, zəhmət olmasa, özünüz və  təhsiliniz barədə məlumat verərdiniz...

- Bakı şəhəri 82 nömrəli orta məktəbi bitirib, 1995-2001-ci illərdə Türkiyənin Samsun şəhərinin 19 Mayıs Tibb Universitetində təhsil almışam.  2002-2006-cı illərdə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsində kardiologiya, 2006-2009-cu illərdə İstanbul Universiteti Kardiologiya İnstitutunda aritmologiya üzrə təhsilimi davam etdirmişəm. Nyu-York Presbyterian xəstəxanasında isə 6 aylıq kurs keçmişəm. İşimlə əlaqədar  xarici ölkələrə bir çox səfərlərim olub. 2011-ci ildə Avropa Kardiologiya Cəmiyyəti tərəfindən akkreditasiya, 2012-ci ildə isə Türkiyədə Dosent elmi dərəcəsi almışam.

- Müxtəlif vaxtlarda Amerika və Türkiyədə olmusunuz. Hər iki ölkənin verdiyi tibbi təhsil arasında nə kimi fərqlər var? Sizcə, hansını daha üstün hesab etmək olar?

- Əslində, aralarında elə də ciddi fərq yoxdur. Daha dərin və həssas sahələrdə ixtisaslaşmaq baxımından Amerika üstün olsa da, məncə, ilkin tibbi təhsildə Türkiyə daha öndədir.

-  Bəs Azərbaycan tibb təhsilində vəziyyəti necədir? 

- Azərbaycan tibb təhsilində qurulan  sistem düzgün işləmir, ixtisaslı kadr çatışmazlığı var və yeniliklər əksəriyyət tərəfindən təqib olunmur. Bu da tələbələri bezdirir və təhsildən uzaqlaşdırır. Bu gün mütəxəssislərin böyük əksəriyyəti, elə Tibb Universitetinin kafedralarında çalışanlar da daxil olmaqla, bir çoxları müasir tibbi təhsil kriteriyalarına uyğun  deyil.

ferid.jpg

- Yalnız Azərbaycanda təhsil almaqla yaxşı həkim olmaq mümkündürmü?

- Bu, çox çətindir! Amma tibb təhsilində rezidentura sisteminə başlanılıb. İlkin bilgiləri vaxtında mənimsəyib, nəzəri biliklərə yiyələndikdən sonra doğru istiqamətdə rezidenturaya davam etsələr, əslində, yetərli tibbi təhsil almış sayılarlar. Rezidenturadan əvvəlki sistemdə bu, tamamilə mümkünsüz idi. Tələbənin necə təhsil almağı kiminsə vicdanına qalmışdı. Bu sistem daxilində xəstəxanadan xəstəxanaya fərq olsa da, indi tələbələrin ən azından düzgün şəfa ocağını seçmə şansları var.

- Tibb Universitetində  dərs  deyirsiniz. Eyni zamanda müəllim və həkim olmaq sizə nə kimi çətinliklər yaradır?

-Sadəcə, zaman baxımından çətinlik yarada bilər. Onun xaricində isə yarana biləcək hər hansı çətinlik, artıq  sizin seçdiyiniz yola bağlıdır. Siz təhsil vermək və bilgilərinizi paylaşmaq istəyir və bundan zövq alırsınızsa, deməli, burada heç bir çətinlikdən söhbət gedə bilməz. Dərslərim daha çox interaktiv formada keçir; tələbələrlə müzakirələr aparır, bir-birimizə suallar ünvanlayırıq. Yəni, sadəcə, quru kitab materialları ilə kifayətlənmirəm.

- Fərid bəy, mübahisəli mövzularından biri də tibbi dərsliklərdir. Ölkəmizdə bu dərsliklərdə nə kimi problemlər var?

- Kardiologiya sahəsi üzrə deyə bilərəm ki, Azərbaycanda tibbi dərsliklər yetərsizdir. Amma bu, müasir dövr üçün bəhanə deyil. Çünki universitet tələbəsi dediyiniz şəxs, ən azı bir xarici dili səlis bilməlidir. Hansı sahədə olursa olsun, ən azından, ingilis dilinə yiyələnməlidir. Çünki dil bilməsə, heç bir sahədə irəli gedə bilməz. Dərsliklərə gəldikdə isə Azərbaycan dilində yaxşı dərslik yoxdur, olanlar da  çox keyfiyyətsizdir.

- Cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, Azərbaycan Tibb Universitetində nəzəri biliklər yüksək səviyyədə keçirilir. Bu fikrə münasibətiniz necədir?

- Qətiyyən razı deyiləm! Müasir tibbi yenilikləri izləmədən, nəzəri biliklərin heç bir önəmi olmaz. Bu gün 1990-2000-ci illərin jurnalları ilə gəzən həkimlər auditoriyaya girib tələbələrə mühazirələr oxuyurlar. Azərbaycanda mühazirə oxumağa savadı çatmayan kifayət qədər həkim var. Onların buna mənəvi hüququ yoxdur, çünki əksəriyyəti hər hansı bir bilgiyə sahib deyil.

Amma son zamanlarda Tibb Universitetində müsbət istiqamətdə dəyişikliklər aparılır. Lazımsız, köhnə kafedralar ortadan qaldırılır.  Ümid edirəm ki, gələcəkdə cavan kadrları daha çox işə cəlb edib, bu sistemi düzəltmək üçün doğru addımlar atılacaq.

26728845a0d97911bd07.jpg

- Xarici tələbələrə də dərs keçirsiniz. Təhsilə maraq baxımından azərbaycanlı tələbələrlə onlar arasında hansı fərqlər var?

- Bizim tələbələrə bir şey göstərdiyin zaman gözlərində parlayan işığı görürsən; anlayırsan ki, həqiqətən də  öyrənmək istəyirlər. İnanıram ki, dərs dediyim tələbələrin içərisindən mütləq yaxşı mütəxəssislər çıxacaq. Sadəcə, onların inkişaf etmələri üçün uyğun mühit lazımdır. Rezidentlərimizin çoxu o qədər yaxşı yetişiblər ki, buradakı bir çox prosedurları özləri həyata keçirirlər.  Bizim hər hansı   müdaxiləmizə daha ehtiyac qalmır.

- Tələbəlik illəriylə bağlı ən yadda qalan xatirəniz hansı olub?

- Tələbəlik illərində “Avtostop” çəkdiyimiz zaman fərqli-fərqli insanlarla tanışlığımız olurdu. Yadımdadır, bir dəfə, xristian bir qrup qarşımızı kəsib dinimizi dəyişdirməyə cəhd etmişdi.

- Bundan sonra tibbi təhsillə bağlı gələcək planınız nədir?

- Əgər həkim olaraq fəaliyyət göstərirsinizsə, davamlı olaraq təhsil də almalısınız. Tibb elə bir sahədir ki, sizin təhsili buraxdığınız gün, öldüyünüz gün olmalıdır. Bu sahədə hər gün yeni bir şey kəşf olunur. Bunları izləyərək özünüz də bəzi yeniliklər etməyə başlamalısınız. Bütün dünya hər kəsin yeni baxışından istifadə edir. Bizim də özümüzə aid yeniliklərimiz var ki, onları hazırlayıb nəşr etmişik. Elm də budur - davamlı təhsil alaraq yeni nələrsə icad edə bilmək!

- Bədii ədəbiyyatla aranız necədir?

- Bədii kitab oxumaq köhnə alışqanlığımdır. Uşaqlığımdan bəri oxuyuram. Ən son Den Brounun “Origin” kitabını oxumuşam. Ən çox bəyəndiyim  isə Zülfü Livanelinin kitablarıdır. Bəzən psixoloji, bəzən də fərqli kitablar oxuyuram və tarixi romanları sevirəm. Bədii kitabların müsbət tərəfi odur ki, bu kitabları oxuyaraq  işinizdən uzaqlaşırsınız, beyniniz sanki təzələnmiş olur.

- Hansı musiqiləri bəyənirsiniz?

- Xüsusi seçim etmədən hər növ musiqini dinləyirəm. Uşaq vaxtı bu sahəyə marağım olsa da, hər zaman uğursuzluqlar yaşamışam. Çünki musiqi sahəsində bacarığım  olmayıb. Gitara, piano öyrənmək üçün dərslərə qatılırdım, amma hər iki dərsdən də  “ehtiyac yoxdu, gəlmə” - deyilərək qovulmuşam.

- Təhsil barədə ətraflı danışdınız. Bir az da ixtisasınız olan kardiologiya barədə söhbət açaq.  Bu sahə üzrə Azərbaycanda hal-hazırkı vəziyyət necədir?

- Kardiologiya Azərbaycanda tibbin ən inkişaf etmiş sahəsidir. Həm texnoloji yeniliklər inkişaf edib, həm də kardioloji kadrlar yaxşı təhsil alıblar. Azərbaycanda kardiologiya təhsili üçün xaricə getməyə ehtiyac yoxdur, çünki görə biləcəyiniz hər şeyi burada görə bilərsəniz. Kardiologiya və ürək-damar cərrahiyyəsi digər sahələrdən fərqli olaraq, Azərbaycan səhiyyəsinin aparıcı qüvvəsidir. Azərbaycan Kardiologiya Cəmiyyətinin  ölkədəki ən aktiv tibbi cəmiyyət olduğunu da rahatlıqla deyə bilərəm.

- Azərbaycan Kardiologiya Cəmiyyətinin fəaliyyəti nədən ibarətdir?

- Cəmiyyətə sədrlər seçki yolu ilə 2 ildən bir seçilir. Digər cəmiyyətlərdə ömürlük sədrlik edənlər ola bilər, amma burada 2 illiyə gəlirsiniz və yeni işlər görmək istəyirsiniz. Məsələn, noyabrda mənim sədrlik müddətim bitdi. Fəaliyyətimiz  təhsil, elm, konfransların təşkili, Avropa Kardiologiya Cəmiyyətləri ilə ortaq işlər, proyektlər, tədqiqatlar, rezident təhsilinə ayrıca önəmin verilməsi və bu kimi digər məsələlərdən ibarətdir.  Səhiyyə Nazirliyi ilə rezidentura sisteminin təkmilləşdirilməsi üçün çox çalışdıq. Cəmiyyətdə inanılmaz dərəcədə çox işlər görülür.

- Statistik göstəricilərə əsasən, dünyada ən çox ölüm halları ürək-damar xəstəliklərindən baş verir. Bu xəstəliklərin artmasının səbəbləri nələrdir?

- Bəli, ən çox ölüm səbəbləri ürək-damar xəstəlikləri ilə bağlıdır. Mütəxəssislər kardioloji xəstəliklərin  cavanlaşdığını iddia edirlər. Əslində isə xəstəliyə diaqnozun qoyulma üsulları artıb. Məsələn,  əvvəllər naməlum səbəblərə bağlı ölümlər çox idisə, indi ölüm səbəbləri aşkarlanır və normal olaraq ürək-damar xəstəliklərində artım gözə dəyir. Reallıq isə belədir ki,  xəstə sayı dünya əhalisinin sayı artdıqca artacaq.

Ürək-damar xəstəliklərinin artması genetik və mühit faktoru, yaşam tərzi ilə sıx əlaqədardır. Bunlara diqqət etdiyiniz zaman ürək-damar xəstəliklərindən qorunmuş olarsınız. Hərəkətsiz həyat, şəkər, yüksək təzyiq və xolestrol, siqaret, zərərli qida vərdişləri və s. risk faktorları arasındadır. Hamı bunları bilsə də, heç kəs uzaq durmaq istəmir. Xüsusilə, indiki gənclik energetik içkilərə meyl edir. Amma bu məhsulların necə ziyanlı olduğundan xəbərsizdirlər. Bizə bu içkilərin təsirindən ölümcül halda müraciət edənlərin sayı kifayət qədərdir.

- Fərid bəy, kifayət qədər peşəkar kadrsınız. Məlumdur ki, dünyanın istənilən ölkəsində savadlı həkimlərə ehtiyac var. Bu səbəbdən, belə kadrlar xarici ölkələrə müntəzəm olaraq dəvət olunurlar. Bəs, sizin xaricdən iş təklifi aldığınız olubmu?

- Bəli, indi də alıram. Bəlkə, yaxın zamanda akademik dərəcəmi yüksəltmək və Professor elmi dərəcəsi almaq üçün gedib-gəlmək şərtilə, bu təklifləri dəyərləndirə bilərəm.

- Xəstələrin azərbaycanlı həkimlərə münasibəti birmənalı deyil. Azərbaycanlı həkim olaraq, sizin xəstələrə münasibətiniz necədir?

- Bizim xəstələrimizin hər biri anlayışlıdır. Çünki bir xəstəyə hər şeyi düzgünlüyü ilə izah etsəniz, heç bir problemlə qarşı-qarşıya qalmazsınız və o da sizə inanar. Əgər “heç bir şey olmayacaq, hər şey yaxşı olacaq” deyib yalan vədlər verirsinizsə, lazımsız və düzgün olmayan müalicə prosedurları icra edirsinizsə, bu zaman problemlərin yaranması qaçılmaz olacaq. Bu gün Azərbaycandakı həkimlərin əksəriyyəti düzgün təhsil almayıb və davam etdirməyiblər. Ona görə də çox vaxt etik problemlər yaşanır. Normal şərtlərdə həkim olaraq öz yaxınına etməyəcəyin hər hansı bir şeyi başqasına da rəva görmürsən. Bu səbəbdən, insanlarda həkimlərə qarşı xüsusi  “önyarqı” formalaşıb. Amma şükürlər olsun ki, yaxşı həkimlərimiz çoxdur və bu mövzuda bir az seçici olmaq lazımdır. Bu, bir reallıqdır ki, digər ölkələri görüb gələn həkimlərdə etik dəyərlərə hörmət daha çox hiss olunur.

- Pasiyentlər daha çox hansı kardioloji problemlərlə müraciət edirlər?

- Yüksək təzyiq, ürək-damar tutulmaları kimi müraciətlər daha çox olur. Bizə daha çox başqa yerlərdən göndərilmiş, bir çox yerdə olub fayda görməyən xəstələr daha mürəkkəb patologiyalarla müraciət edirlər

- Azərbaycanda son zamanlar dünyasını dəyişən jurnalistlərin əksəriyyəti ürək-damar xəstəliklərindən vəfat edib. Onlar arasında belə fikir formalaşıb ki, ürək-damar xəstəlikləri jurnalistikanın peşə xəstəliyidir. Sizcə, bu fikirlər nə dərəcədə doğrudur?

- Ürək damarlarının tutulma ehtimalı  orta və yüksək təbəqə nümayəndələrində daha çoxdur. Anadangəlmə ürək qüsuru isə aşağı təbəqə nümayəndələrinin uşaqlarında rast gəlinir. Amma sırf kardioloji xəstəliklər hansısa peşəyə xasdır, deyə bilmərəm. Çünki stress  hər peşə sahəsində var və bu xüsusi bir peşədə daha çox yaşanır deyib, xüsusi fərqləndirmək  olmaz.

- Peşəkar kardioloq kimi ürək xəstəliklərindən qorunmaq üçün insanlara nələri tövsiyə edərdiniz?

- Sizdən asılı olan, dəyişdirilə biləcək risk faktorlarınızı dəyişdirməlisiniz. Əgər hərəkətsizsinizsə, hərəkət etməli, siqaret çəkirsinizsə çəkməməli, qidalanmanıza diqqət etməlisiniz. Bağırsaqlarınızdakı floranı yanlış qidalara məruz qoyduğunuz zaman damar tıxanma riskiniz artır. Bu, son illərin təqdiqatlarıdır. Yaxın zamanda bağırsaq floramızı dəyişdirərək, ürək xəstəliklərindən qorunmaq istəqamətində uğurlar əldə edəcəyik.

- Son olaraq, narazılıq doğuran məqamlardan biri də Azərbaycanda istehsal olunan dərmanlardır. Ümumiyyətlə, bu preparatların keyfiyyəti necədir?

- Azərbaycanda istehsal olunan yerli dərmanlar çox azdır. Bu sektor hələ indi-indi inkişaf etdirilməyə başlanılıb. Ölkədə hər cür dərman tapmaq mümkün deyil. Dərmanların əksəriyyəti xaricdən gətirilirsə də, bir çox dərmanı tapmaq imkansızdır. Buna görə çox problemlər yaşayırıq.

Bizim xalqın dilində hardan daxil olduğunu bilmədiyim bir anlayış var: həkim bir az bahalı dərman yazan kimi həmin dərmanı “Firma dərmanı” adlandırırlar. Qəti şəkildə bildirirəm ki, firma dərmanı olmayan dərman yoxdur. Çünki bütün dərmanları firmalar istehsal edir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları
Bu bölməyə aid digər xəbərlər
2020-03-04 12:01:00
2020-02-07 09:12:00
2019-06-18 12:39:00
2019-04-09 12:43:00
2019-03-14 15:00:00
2018-08-31 09:56:19
2018-07-24 11:42:51
2018-07-23 14:40:00
2018-07-23 11:45:00
2018-04-05 11:29:57