XƏBƏRLƏR

24.02.2018 11:36
27 yaşında İsveç Kral Akademiyasının üzvü seçilən, namizədliyi Nobel mükafatına verilən gənc alimimiz - FOTO

Dilimizin çoxqatlı, çoxmənalı söz və ifadələrlə zəngindi. Bir ifadə həm müsbət, həm də mənfi mənada da bəzən, işlənə bilir. Baxır, ona hansı rakursdan nəzər salırsan ... Elmimiz isə hələlik, bir rəngə çalır ki, ondan da artıq boya olmaz ...  Amma elmimizin “rəngində” bu sahəyə xidmət edən, təhsilimiz üçün canını əsirgəməyən fədailərin bəzilərinin gözdən iraq olması bir çaları kimi görünməkdədi ... Elə insanlar var ki, onların gözdən iraq olması, aid olduqları sahənin gözdəniraq duruma düşməsinə səbəb olur.

AzEDU.azsaytının təqdim etdiyimiz layihəsi də gözdən iraqda olanlara həsr olunub.

Gözdən iraq məsafədə - bölgələrdə, hansısa ucqar kənddə çalışan elm, təhsil xadimləri var ki, bu layihəmizdə onlarla arasındakı məsafəni qısaldacağıq. Amma tək bölgələr yox! Lap elə paytaxtın özündə də o qədər fədakar, cəfakeş alim və müəllimlərimiz var ki, onlar bu gün hər kəsdən uzaqlaşıb, az qala, kimsənin yadına düşmürlər. Eybi yox, “Gözdən iraqdakı” layihəsində o cür insanları sizinlə görüşdürəcəyik.İlk səfərimiz Gəncəyədir. Müsahibimizin cəmi 30 yaşı var. Amma... 30 yaşı olmasına baxmayaraq, Azərbaycan elminə yetəri qədər fayda verə bilib. O - AMEA-nın Gəncə bölməsinin doktorantı, antropologiya və etnoqrafiya sahəsində elmi araşdırmalarına görə İsveç Kral Akademiyasının müxbir üzvi seçilən Elnur Həsənovdur. Elnur müəllim həm də Yaponiya Elm cəmiyyətinin və Frankfurt Höte (Almaniya) Universitetinin fəxri üzvüdür. Amma onun barəsində ən maraqlı xəbəri iki il bundan əvvəl eşitdik. Xəbər aldıq ki, İsveç Kral Akademiyası onun namizədliyini Nobel Komitəsinə təqdim edib. O zaman Elnur müəllimə söhbətləşdik. Dedi ki, hələ tələsməyək, hələ ki, namizədlik tövsiyəedici mərhələ üçün verilib. Bunun hələ ikinci, üçüncü... mərhələləri var.  Səsi Avropadan gəlsə də, doğma Gəncədən heç zaman ayrılmayan, hətta Bakıya da işləmək üçün gəlməyən 30 yaşlı Elnur müəllimlə söhbəti təqdim edirik. Amma əvvəlcə özünü tanıyaq, elə öz dilindən...

“200-dən çox elmi əsərlərimizin alman, ingilis, fransız və digər dillərdə nəşri mənə bu böyük uğuru qazandırdı”

- Mən, Həsənov Elnur Lətif oğlu 15 mart 1987-ci ildə qədim elm və mədəniyyət mərkəzi Gəncə şəhərində anadan olmuşam. Məhəmməd Hadi adına 10 saylı orta məktəbi fərqlənmə attestatı, Gəncə Dövlət Universitetinin Tarix fakültəsini tarix ixtisası üzrə Prezident təqaüdçüsü kimi fərqlənmə diplomu ilə və bu universitetin magistratura pilləsini isə Heydər Əliyev adına təqaüdçü kimi fərqlənmə diplomu ilə bitirmişəm. Sonra Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin doktoranturasını uğurla bitirərək dissertasiya müdafiə etdim. Hal-hazırda AMEA Gəncə Bölməsinin baş mütəxəssisi və Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədr müavini və Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvüyəm. 

- Cəmi 27 yaşında İsveç Kral Akademiyasının üzvü seçilmisiniz. Bu Azərbaycan elmi üçün böyük hadisədir. Bunun tarixçəsindən danışaq: Necə baş verdi və necə qarşılandı?

- Bu uğur gözlənilməz və bir o qədər də məsuliyyətli oldu. Çünki bu nüfuzlu beynəlxalq elmi qurum dünyada daha elmi kəşfləri və tətbiqi əhəmiyyətli elmi nəticələri olan tədqiqatçılarla bağlı zəruri məlumatları toplayır və müxtəlif istiqamətlər üzrə namizədliklərini irəli sürür. Mənim də müəllifim olduğum 200-dən çox elmi əsərlərimizin alman, ingilis, fransız və digər dillərdə nəşri bu sahədə uğura şərait yaratdı.

28313448_1649779055059548_1178747720_n.jpg

- Elmi fəaliyyət istiqamətiniz haqqında danışaq. Dünyanın bir çox nüfuzlu elmi jurnallarında məqalələriniz çıxıb. Üstəlik, bir neçə xarici ölkə alimləri ilə də ortaq elmi işləriniz olub...

- Müasir dünyada müştərək elmi işlər daha əhəmiyyətli hesab edilir və belə tədqiqatların tətbiqi yüksək olur. Multidissiplinar elmi araşdırmalar bizim sahədə də çox vacibdir. Bu səbəbdən də mənim çalışdığım AMEA-nın Gəncə Bölməsində ABŞ, Almaniya, Avstriya, İsveç, Polşa, Türkiyə, Rusiya kimi ölkələrlə birgə çoxsaylı elmi layihələr həyata keçirilir və biz bir sıra layihələrdə qalib olmuşuq. Mənim də məşğul olduğum etnoqrafiya, antropologiya elmləri sahəsində beynəlxalq səviyyədə ingilis, alman, italyan, fransız, türk, rus və digər elmi məqalələrimizin dərc olunması elmi işlərimizin dünya ictimaiyyəti tərəfindən də qəbul edilməsinə imkan verir.

- Gənc yaşda bu qədər elmi uğur qazanmanız AMEA-da necə qarşılandı?

- Mən 18 yaşımdan etibarən, yəni hələ adi universitet tələbəsi olduğum illərdən AMEA-nın Gəncə Bölməsində əmək fəaliyyətinə başladığım üçün artıq bu qeyri-adi məsələ kimi qəbul edilmədi. Sadəcə olaraq, çox qısa müddət ərzində yüzlərlə elmi əsərimin dünyanın fərqli ölkələrində əcnəbi dillərdə nəşri bir qədər şok effekti yaradıb. 200-dən artıq elmi əsərimin 7 xarici dildə dünyanın Yaponiya, ABŞ, İsveç, Sinqapur, Almaniya, Rusiya kimi 40-dan artıq ölkəsində nəşr edilməsi əslində, bizim elmi müəssisədə akademik Fuad Əliyevin rəhbərliyi ilə yaradılmış gənclər üçün hərtərəfli inkişaf şəraitinin nəticəsi kimi dəyərləndirilə bilər.

- Bildiyimizə görə, sizin xaricdə bu qədər məqalələrinizin çıxmasına akademiyada əvvəlcə inanmayıblar. Hətta yenidən yoxlama işləri də aparıblar. Bu fakt nə dərəcədə həqiqətə uyğundur?

- Həqiqətən də, mənim namizədliyim Azərbaycan Respublikasının Elm üzrə Prezident mükafatına irəli sürəndə hər kəs buna qeyri-ciddi yanaşdı. Çünki 2014-cü ilin oktyabr ayında bu məsələ üzə çıxanda mən Almaniyada elmi ezamiyyədə idim və beynəlxalq tədbirlərdə iştirak edirdim, üstəlik dissertasiya işim ilə əlaqədar bu ölkədə arxivlərdə elmi araşdırmalar aparırdım. Amma mənim mənəvi müəllimim., dəyərli ziyalı akademik Fuad Əliyevin təkidi ilə bu mükafata namizədliyimi irəli sürdüm. Nə qədər təəccüblü görünsə də, Bakı şəhəri və ölkəmizin digər şəhər, bölgələrindən olan universitetlər, Elmlər Akademiyasının İnstitutları, Elmi-tədqiqat müəssisələrinin 200-ə qədər namizədi sırasından məhz Gəncənin təmsilçisinin qəlib gələrək, ölkə Prezidentinin sərəncamı ilə 31 yanvar 2015-ci il tarixində layiq görülməsi hər kəsi sevindirdi.

- Elmi araşdırmalarınız Azərbaycan elminə nə kimi yeniliklər gətirdi? Siz ilk dəfə olaraq hansı meyarları üzə çıxardınız?

- Bizim tədqiqatlar ilk dəfə etnoqrafik və etnoloji faktlar nəticəsində xalqımızın Qafqazda ən qədim, yerli xalq olduğunu sübuta yetirmək istiqamətində mühüm addımlara səbəb oldu. Həmçinin ilk dəfə multidissiplinar biokimyəvi, antropoloji-coğrafi-toponimik innovativ elmi üsullar əsasında tarixi, etnoqrafik yeniliklərin üzə çıxarılmasının mümkünlüyü sübuta yetirildi. Hə, hörmətli oxucu, burada kiçik haşiyəyə çıxaq. Gördüyü işlərin kəmiyyət və keyfiyyətinə baxmayın, Elnur müəllim çox təvazökar insandı. Hətta bəzən, o alim deyəndə utanacaq qədər... Az qala, desin ki, alim olmağıma hələ çox var. Baxmayaraq ki, cəmi 30 yaşında bu qədər iş görüb. Baxmayaraq ki, İsveç Kral Akademiyası ona iki dəfə yüksək etimad göstərib. Amma o, yenə də öz elmi uğurları barəsində çəkinə-çəkinə danışır. Madam ki, işimiz gözdən iraqda olanı yaxına gətirməkdir, onda biz də bir-iki ağız nəsə deyək: Həyata keçirdiyi tədqiqatlarının bir qismi ABŞ, Yaponiya alimləri ilə müştərək aparılıb və nəticədə dünya tarixində ilk dəfə olaraq sənətkarlıq ənənələrinin mənşəyi, inkişaf xüsusiyyətlərinin tarixi təkamülü etnoqrafik və arxeoloji mənbələr, yeni, innovativ üsullar əsasında öyrənilib. Təqdirəlayiq haldır ki, onun tədqiqatları sayəsində ilk dəfə olaraq xalqımızın Qafqaz bölgəsinin yerli, aborigen əhalisi olduğu sənətkarlıq ənənələrimizin araşdırılması nəticəsində sübuta yetirilib.İnsan kimi də çox maraqlı birisidir. Ən maraqlı cəhəti odur ki, Gəncəsiz yaşaya bilmir. Bir dəfə bu sətirlərin müəllifinə Gəncəyə olan sevgisini belə izhar etmişdi: ”Şəxsən öz adımdan əminliklə deyə bilərəm ki, bu cür təkliflərin sayı çox olub, amma mən nəinki xaricdə, hətta paytaxtda belə, çalışmaq təklifini qəbul etməmişəm. Çünki, başqa yerlərə, xarici ölkələrə gedəndə doğma Gəncə üçün qəribə bir həsrət duyğusu hiss edirəm, tezliklə geri qayıtmaq istəyirəm, Gəncəsiz yaşaya bilməyəcəyimi dəfələrlə özümə sübut etmişəm. Bu şəhər, bu vətən uğrunda əcdadlarımız çox məhrumiyyətlərə qatlaşıblar, çox şəhid vermişik, torpaqlarımızın bir qismi düşmən tapdağı altındadır. Belə bir məqamda doğma vətənimdən qısa müddət üçün də ayrı olmaq mənim üçün ağır duyğu olar”.

28312980_1649779168392870_1841124217_n.jpg

- Bir neçə əcnəbi dili bilirsiniz və xaricdə xeyli sayda məqalələriniz də çap olunub. Nə vaxtsa xarici elmi qurumlardan, universitetlərdən iş təklifi gəlsə qəbul edərsiniz?

-Şübhəsiz ki, müxtəlif elmi, təhsil, sənaye-innovativ istiqamətli qurumlardan, şirkətlərdən dəfələrlə bu cür sərfəli iş təklifləri olunub, amma inkişaf edən ölkəmizdə, vətənimizdə gedən tərəqqidən qaçıb hansısa xarici qurumda çalışmaq mənim üçün bir qədər yolverilməzdir. Çünki doğma şəhərimizə, vətənimə olan sevgim maddi mənfəətdən daha üstündür mənim üçün. Amma bir məqamı da qeyd etməliyəm ki, hal-hazırda İsveç Kral Akademiyasının, Almaniyanın Frankfurt Höte Universitetinin, Yaponiya Elm Cəmiyyətinin, İtaliya Beynəlxalq Nəşriyyatının, ABŞ-ın Tətbiqi Elmlər Beynəlxalq Nəşrinin, Çexiyanın “Elm və dünya” nəşriyyatının fəxri üzvü və Redaksiya Şuralarının ekspertiyəm.

- 2016-cı ildə İsveç Kral Akademiyası Rəyasət Heyətinin qərarı ilə namizədliyiniz Nobel mükafatı Komitəsinə irəli sürülüb. Mümkünsə, bu barədə ətraflı danışaq...

(Elnur müəllim bu sualdan sonra yenə də təvazökarlığına qısılır. İki il bundan əvvəlki kimi yenə də “hələ tələsmək” deyib, başqa suala keçmək istəyir. Deyir, bunlar elə məsələlərdi ki, geniş müzakirəyə çıxarmaq o qədər də yaxşı çıxmaz)

- Bugünkü təhsilimizin inkişafından nə dərəcədə razısınız?

- Müasir Azərbaycan təhsili dünya təcrübəsinin bir çox mütərəqqi xüsusiyyətlərini uğurla özündə əks etdirir. Universitetlərimizdə təhsil alan əcnəbilərin sayı hər il artır. Təhsilimizin uğurlar ilbəil yüksəlir, dünya miqyasında tanınan ali təhsil ocaqlarımızın sayı artır. Demək bu sahədə tərəqqi vardır.

- Təhsilin keyfiyyəti elmin inkişafına nə dərəcədə təsir göstərir?

- Təhsilin keyfiyyəti elmin inkişafına birbaşa təsir göstərir. Bir faktı qeyd etmək istərdim ki, son illərdə AMEA-da magistraturanın yaradılması sayəsində çox istedadlı gənc tədqiqatçıların üzə çıxarılması faktı bu məqamı əsaslı şəkildə sübut edir. Elmlə təhsilin inteqrasiyası elmin, sənayenin, ictimai, sosial və mədəni həyatın tarazlı inkişafının və sağlam vətəndaş cəmiyyətinin formalaşmasının ən vacib məqamlarındandır.

- Bir alim kimi məktəblərdə tədris proqramlarına nələrin dəyişilməsini, nələrin olmasını istərdiniz?

- Məncə bu sahədə təhsil mütəxəssislərinin fikirləri daha əhəmiyyətlidir. Mən isə sadəcə şagird, tələbə deyil, həqiqi vətənpərvər şəxsiyyət yetişdirilməsinə yönələn təhsil islahatlarının aparılmasının tərəfdarıyam.

- Sonda.... hazırkı elmi fəaliyyətiniz və gələcək planlarınız haqqında məlumat vermənizi istərdik...

- Elm halal, gərgin və təmənnasız zəhmətə əsaslanan insan fəaliyyətidir. Bundan sonra elmin bu fundamental prinsiplərinə riayət edərək sonsuz məhəbbətlə sevdiyim bu işlə məşğul olmaq istərdim. Elmlə məşğul olan insanlar heç vaxt ölmürlər.

Lamiyə Süleymanlı
Elmin Nuri

İlin gənc müəllimi-Müraciət formu