Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-04 10:07:45
Əlimərdan bəy Topçubaşov hansı məktəbi bitirib? – Araşdırmaçıdan çağırış  

“Xalq Cümhuriyyəti” ili ərəfəsində tez-tez toxunmalı olduğumuz məsələlərdən biri ADR rəhbərlərinin, fədailərinin təhsilləri və təhsil, maarif istiqamətində gördüyü işlərdi.

AXC-nin təhsillə bağlı gördüyü bir çox işlər var ki, onların qısa – 23 ay ərzində həyata keçirilməsi hətta möcüzə kimi də görünə bilər. Lakin təəssüf ki, bütün bunlar ADR hökumətinin təhsil sahəsində görmək istədiyi işlərin heç 10 faizi də deyildi.

Hökumət rəhbərləri və üzvlərinin hamısının Avropa, Rusiya təhsilləri var idi.  Almaniya, Fransa, Türkiyə, Ukrayna  kimi ölkələrdə oxuyan bu fədailər ölkənin inkişafı üçün təhsilin nə dərəcədə əhəmiyyətli olduğunu bilirdilər.

Amma onlardan bəzilərinin həm ali, həm də ilk təhsillər barəsində qeyri-dəqiq faktlar səsləndirilib. Bu şəxslərdən biri də Əlimərdan bəy Topçubaşovdur. Onun ali təhsili Avropa ilə bağlıdır.

Araşdırmaçı, əməkdar müəllim Nazim Nəsrəddinov AzEdu.az-a açıqlamasında Topçubaşovun təhsili ilə bağlı konkret arxiv faktını irəli çəkib: 

“Sual olunur: Ə.M.Topçubaşov Qori (Zaqafqaziya) Müəllimlər Seminariyasını bitiribmi?

Şəxsi arxilərdə elə materiallar var ki, onların üzə çıxarılması bir çox problemləri həll edir. Tiflisdə ərəb əlifbası ilə Azərbaycan dilində çap olunmuş  “Ziyayi-Qafqasiyyə” qəzetinin 1884- cü ildəki 11-ci nömrəsində Qori Müəllimlər Seminariyasını bitirmiş iki azərbaycanlı haqqında söz açılır. Onlardan biri Tiflis bəyzadələrindən biri Əlimərdan bəy Topçubaşovdur. Bu fakta şübhə ilə yanaşmaq olmaz. Belə ki, "Ziyayi-Qafqaziyyə" qəzetinin naşiri və sahibi -imtiyazı, redaktoru Səid Ünsizadə Topçubaşovlar nəslini, aiəsini yaxından tanıyırdı. Bunu (bu tanışlığı)təsdiq edən faktlar çoxdur. Məsələ burasındadır ki, Ə.M.Topçubaşovun tədqiqatçıların , demək olar ki, hamısı onun 1884- cü ildə Qori Müəllimlər Seminariyasını yox, Tiflis Gimnaziyasını qurtardığını yazır.

Mən 1991-ci ildə "Yeni fikir " qəzetində "Tiflis liseyi, yoxsa Qori Müəllimlər Seminariyası? " adlı məqaləmdə bu məsələyə aydınlıq gətirmək istədim. Sonralar da bir neçə dəfə bu məsələni gündəmə gətirdim. Lakin heç kəs öz mövqeyini bildirmədi. Tiflis, Odessa, Moskva, Sankt Peterburq arxivlərində Ə.M.Topçubaşov haqqında, çox güman ki, hələ də qaranlıqda qalan materiallar vardır.

Həmin arxivlərə mənim əlim çatmır. Tədqiqatçılar mütləq bu məsələləri ciddi araşdırmalı, Ə.M.Topçubaşovun ali təhsilə qədərki təhsili ilə ilgili materialları üzə çıxarmalıdırlar”.