Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-03 23:59:00
Çox sevdiyi xalqı üçün bəstəkarlıq, müğənnilik edən rektor

Günümüzdə azsaylı xalqa çevrilən Qaqauzlar toplu halda Moldovada, Ukraynada, Ruminyada, Bolqarıstanda yaşayırlar. Yunanistanda, Qazağıstanda və Rusyanın Stavropol vilayətində də bir necə kənddə qrup halındadılar. Bu topluluklardan yalnız Moldovada yaşayan Qaqauzların Qaqauz Yeri adlı Muxtar respublikaları var. Ruminya, Ukrayina və Bolqarıstanda yaşayan qaqauzlar da Qaqauz Yeri adlı Muxtar respublikanın yaxınlığındadırlar.

AzEdu.az xəbər verir ki, Moderator.az bütün qaqauzların qəhrəmanı olan, tanınmış elm xadimi, şair Dəniz Tanasoğlu haqqında yazını təqdim edir. Yazıda araşdırmaşı Əli Şamilin TRT Azərbaycan üçün hazırladığı materiallardan da istifadə edilib.

Stalinin ölümündən sonra Sovetlər Rusyasında bir çox sahədə olduğu kimi, milli məsələdə də bir çaşqınlıq yarandı. Bu çaşqınlıqdan qaqauz ziyalıları da bacarıqla istifadə etdilər. Xalqın önündə gedən, yaranmış şəraiti vaxtında dəyərləndirib ondan millətinin xeyrinə istifadə edən ziyalılardan biri də gənc şair Dionis Tanasoğlu idi.

Sov.İKP-nin 20 qurultayında Stalin səxsiyyətə pərəstiştə suçlanıb quruluşun bütün nöqsanları onun adına yazılanda Dionis Tanasoğlu və əqidə yoldaşları bu hərəkatın başında duran Nikita Sergeyeviç Xuruşşova qaqauzca bir təbrik məktubu yazaraq Moldava mətbuatında yayınlatdılar. Bununla da Qaqauz dili üçün yeni əlifbanın yaranmasına, dərslik kitablarının hazırlanmasına, qəzetlərdə səhifələrin ayrılmasına şərait yaratdılar.

Bütün qaqauzlar kimi kilsədə Dionis adı qoysalar da, Türk dünyasında böyük də, kiçik də onu Dəniz ağa kimi tanıyırdı. Çünki özünü bu adla təqdim edir, şeirlərini bu imzayla yazırdı. Ömrünün son illərində tez-tez güzarı düşdüyü Bakıya gələ bilmirdi, amma əvvəllər tez-tez gələrdi. Televiziya və radiodakı çıxışları, qəzetlərdəki müsahibələri böyük maraqla qarşılanardı.

O, ilk yaradıcılığa şeirlə başlamışdı. Sonralar onun adı qarşısında nasir, müğənni, bəstəçi, rejissor, aktyor, alim, ictimai-siyasi xadim sözləri yazıldı. Zaman və xalqının düşdüyü vəziyyət onu bu işləri görməyə məcbur edib. 1957-ci ildə ilk qaqauz əlifbasını yaradan da, ilk qaqauz romanını yazan da, qaqauzların ilk peşəkar rejissoru və dramaturqu da Dionis Tanasoğlu olub.

1922-ci ilin iyulun 7-də Kiriyet kəndində Nikolay Tanasoğlunun ailəsində dünyaya göz açan Dəniz ilk təhsilini doğma kəndində alıb.

Sonra Kişinyov Pedaqoji İnstitutunun Tarix-Ədəbiyyat, Leninqrad Teatr İnstitutunun aktyorluq fakültəsini bitirir, 1965-ci ildə Bakıda Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda Məmmədağa Şirəliyevin rəhbərliyi altında «Çağdaş qaqauz dilində tabeli mürəkkəb cümlə» mövzusunda dissertasiya yazaraq filologiya elmləri namizədi alimlik dərəcəsi alır. 1964-cü ildə “Çal, türküm”, 1969-cu ildə “Adamın işləri”, 1970-ci ildə «Xoşluq», 1975-ci ildə “Gənclik türküləri” şeirlər kitablarını çap etdirən D.Tanasoğlu bununla yeni qaqauz ədəbiyyatının inkişafına güclü təisir göstərmiş oldu. “Uzun Karvan” romanı(1985), “Oğlan həm Lanka”(1981), “Bucakta yalın”(1974)pyesləri, tarixi mövzuda yazılmış “Keykavus” pyesi yalnız ona deyil, qaqauz ədəbiyyatına şöhrət qazandırdı.

Onun pyesləri yalnız Komratda qaqauz teatrında oynanmadı, başqa dillərə də tərcümə edildi. İstər radio və televizya verilişlərində, istər pyeslərində xalq ədəbiyyatından gen-bol istifadə edən Dəniz Tanasoğlu «Uzun karvan» romanında xalq yaradıcılığından bəhrələnərək qaqauzların tarixini bədii əsər kimi yazmışdır. Bu roman qaqauz folkloruyla zəngindir.

D.Tanasoğlu qaqauz xalq mahnılarını toplayıb çap etdirməklə kifayətlənməmiş, həm də onların Ən coşğun təbliğatçısı olmuşdur. Məhz buna görə onun şeir və mahnıları da xalq mahnılarına qaynayıb qarışmışdı.

“Ana dilim” adlı şe'rində ana dilini şirin bala, salxım çiçəyinin qoxusuna, gözəl səsə bənzədərkən dilin qorunmasının vacibliyini belə təbliğ edir:

 

Dili lazım biləlim

Biz ona, inan, övladız;

Dili hiç kaybetməyəlim

Salt onunnan biz insanız!

 

D.Tanasoğlu A.S.Puşkinin, M.Y.Lermantovun, A.A. Nekrasovun, A.Krılovun, V.V. Mayakovskinin, A.T.Tvardovskinin, M.Emineskonun, E.Bukovun, Aşıq Ələsgərin, M.P.Vaqifin və b.eserlerini qaqauzcaya çevirdiyi kimi öz şeirləri də Azərbaycan, Rus, Moldavan, Türkmən, Tatar dillərinə çevrilib.

Müəllimlik, rejissorluq edən, musiqi və teatr kollektivləri yaradan, yeni qaqauz əlifbasıyla “Bucaktan səslər”, “Almanax” toplularını çapa hazırlayan, dünya ədəbiyyatının seçmələrini ana dilinə çevirən, vətəni və milləti üçün çalışan insanın düşmənləri də az deyildi. Onun işgüzarlığına da, istedadına da paxıllıq edənlər həmişə ayağının altını qazırdılar. Bu da Sovet orqanlarının onu tez-tez cəzalandırmasıyla, sıxışdırmasıyla nəticələnirdi. Lakin Sovetler Birliyi dağılandan sonra ona münasibət dəyişməyə başladı. Öncə yeni açılan Kornrat Qaqauz Universitetinə rektor tə’yin etdilər. 1988-ci ildə Balkanlarda Türk Kültürü Böyük Hizmət Ödülünü aldı. Ömrünün son illərində isə Kişinyovda Pedoqoji Universitetdə professor işləyirdi.

Azərbaycan ziyalıları ilə də sıx dostluq edən, ədəbiyyatımızın yorulmaz təbliğatçısı Dəniz ağa 23 Avqust 2006-cı ildə 84 yaşında dünyaya gözünü qapadı.

Lakin onun arzu və əməlləri yaşayır. Qaqauz ziyalıları ana dilində yazıb-yaradır, Komratdakı Unversitetdə qaqauz dilində dərslər keçilir, bu dildə radio və televizya verlişləri efirə çıxır.

Oğuz qrupuna daxil olan qaqauz ləhcəsi işləndikcə cilalanır və zənginləşir. Bütün bunlarda isə Dəniz Tanasoğlunun xidmətləri olduqça böyükdür.