Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-31 15:18:00
“İngilis dili müəllimlərinin özləri də bu dildə danışa bilmirlər” – DQ-də 60 bal toplayan müəllimə  

Təhsil Nazirliyi mayın 26-dan orta məktəbdə çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsini keçirir.

Diaqnostik Qiymətləndirilmədə daha iki müəllim ən yüksək nəticə göstərib.

Onlardan biri Qəbələ rayonu Vəndam kəndindəki 1 nömrəli məktəbin ingilis dili müəlliməsi Mədinə Qasımovadır.

Mədinə Qasımova 1977-ci ildə Vəndam qəsəbəsində anadan olub. 1998-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavr, 2015-ci ildə isə magistratura pilləsini başa vurub.

AzEdu.az  Mədinə Qasımova ilə qısa söhbəti təqdim edir:



- Mədinə xanım, imtahan necə keçdi?  

- İmtahan çox yaxşı keçdi. 80 faiz sual asan, 10 % orta, 10 % isə çətin səviyyədə tərtib olunmuşdu. Çətinlik çəkdiyim sual olmasa da, metodikadan 2,  ingilis dilindən 1 çaşdırıcı sual var idi.

- Bu nəticəni özünüzdən gözləyirdiniz?

-Bəli, keçən il 55 bal toplamışdım. Bu il isə yüksək nəticə göstərəcəyimdən əmin idim.

-Diaqnostik Qiymətləndirilmədə olduqca aşağı nəticə göstərən müəllimlər olub. Sizcə bir müəlimin 60 sualdan, sadəcə  iki suala cavab verə bilməsinin səbəbi nə ola bilər?

- Bu sualın cavabı çox sadədir. Tənbəllik. Müəllimlər öz üzərlərində işləmirlər.

-İmtahanda  uğur qazanmaq üçün xüsusi hazırlıq keçmisiniz?

 -Mən özümTəhsil Nazirliyinin  təlimçisiyəm. Amerikada dövlət xətti ilə ingilis dili üzrə 2 aylıq xüsusi təlimdə iştirak etmişəm.

-Mədinə xanım, maksimum nəticə göstərmisiniz. Sizi digər müəllimlərdən fərqləndirən bir sıra uğurlarınız var. Bu baxımdan, iş yerinizi dəyişmək kimi  fikriniz varmı?

-Xeyr.

-Yəni, daha  perspektivli məktəbdə çalışmaq istəmirsiniz?

-Dərs dediyim məktəbdə, hazırda direktorluq vəzifəsi üzrə vakant yer var. Bu vəzifəyə imtahan verib məktəbin direktoru olmaq istəyirəm. Rayonda mənə daha çox ehtiyac var. Kəndimizin,  şagirdlərimizin mənə ehtiyacı çoxdur. Bakıda uşaqlar üçün şans çox olsa da, rayonda vəziyyət belə deyil.

- Vəndam qəsəbə məktəbində yaradılan şərait sizi qane edir?

-Şəraitimiz yaxşıdır. Məktəbimiz pilot orta təhsil müəssisəsidir. Savadlı şagirdlərin sayına görə respublikada tanınırıq. Qəbul  faizimiz də həmişə yüksək olub.

-Mədinə xanım, bir çox ingilis dili müəllimi dil öyrənmək üçün şagirdlərə söz əzbərləməyi məsləhət görürlər. Müasir tədris metodları isə bunun əksini söyləyir...

-Dil elə bir şeydir ki, hər şey kompleks şəkildə olmalıdır. Əsas  olan dili hansı məqsədlə öyrənmək istəyindir. Sadəcə, söz əzbərləməklə dil öyrənmək mümkün deyil. Şagirdlərə bir çox metodları birləşdirib keçmək lazımdır.

- Hazırda birinci siniflərə də ingilis dili tədris olunur. 11 ilin sonunda isə şagird ingilis dilində sadə cümləni qurmaqda çətinlik çəkir. Bunun səbəbləri nələrdir?

-Bunun səbəbi müəllimlərin özlərinin ingiliscə danışa bilməməsidir. İngilis dili dərsini sinifdə Azərbaycan dilində aparırlar. Uşaqları sadəcə bir istiqamətdə öyrədirlər. Çünki heç özləri də bu dildə düzgün danışa bilmirlər.

- Dərsdə hansı metodlardan istifadə edirsiniz?

-İnteraktiv metodlardan yararlanıram. Uşaqlara ingilisdilli mühiti yaratmaq lazımdır. Müəllimə olaraq, sadəcə ingilis dilində danışmalıyam. Çünki uşaq eşitməli, yazmalı və  oxumalıdır. Bir sözlə tədris kompleks şəkildə aparılmalıdır.  

-Bəzi mütəxəssislər hesab edir ki, dil öyrənmək üçün illərlə kursa tökdüyün pul əvəzinə, 1 ay bu dilin danışıldığı ölkədə olmaq daha faydalıdır..

-Bəli, çox doğru ifadədir. Dil öyrənmək üçün mühit həlledicidir.

- Magistratura pilləsini başa vurmusunuz. Elmi fəaliyyətinizi davam etdirməyi düşünürsünüz?

-Bəli, düşünürəm. Sadəcə, işlərim bir qədər çoxdur. Keçən il Amerikaya getdim deyə, imtahan üçün sənəd verə bilmədim.

- Mədinə xanım, bildiyiniz kimi bir çox müəllim kurikulum sistemini bəyənmir. Bir müəllim və təlimçi kimi yəqin ki, bunu müşahidə etmisiniz...

- Çünki mahiyyətini başa düşmürlər. Yığdıqları ballardan da hələ bu sistemi başa düşmədikləri bilinir. Kurikulumun düzgün tətbiqi üçün vaxt lazımdır.

- Yəni, siz bu sistemin tərəfdarısınız...

-Bəli! Kurikulum şagirdlərə real həyati bacarıqları öyrədir. Bizim şagirdlərə mikrafon uzatsanız, iki cümləni düzgün deyə bilməyəcəklər.  Bunların hamısı ənənəvi təlimin nəticəsidir. Kurikulum həyatda nə lazımdırsa, şagirdə onu öyrədir və sinfi real həyat mühitinə çevirir. Ancaq təbii ki, düzgün qurularsa, bu metod yararlı ola bilər.  Bu işə Təhsil Nazirliyi tərəfindən nəzarət güclü olmalıdır. Müəllimlərə 10 günlük təlimlərin keçirilməsi ilə kifayətlənmək olmaz. İmtahan nəticəsinin dərs saatına təsiri çox olmalıdır ki, müəllim məcbur olub oxusun. Bizdə biraz məcburiyyət lazımdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları