Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 16:20:12
“Şagirdlərin belə cavablaya biləcəyi suallar var idi” – Ən yüksək bal toplayan gənc müəllimə  

Təhsil Nazirliyi mayın 26-dan orta məktəbdə çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsini keçirir.

29 may tarixində keçirilən imtahanlarda riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edib.

Eyni zamanda diaqnostik qiymətləndirmədə ən yüksək nəticəni göstərən gənc xanım 20.000 müəllimin arasında bu nəticəyə nail olub. 

O, riyaziyyat müəllimi olan Vəfa Babayevadır. 

AzEDu.az saytı gənc müəllimə ilə qısa söhbəti oxuculara təqdim edir: 

DOSYE:  “Mən Babayeva Vəfa Osman qızı 1990-ci ildə Ağsu rayonunun Kalva kəndində anadan olmuşam. 2007-ci ildə Yasamal rayonu 13 nömrəli məktəbi bitirib, həmin ildə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinə daxil olmuşam.

2016-ci ildə Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək, 55 balla Ağsu rayonu Dilman kənd tam orta məktəbində Riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişəm.

2017ci ildə Yerdəyişmə müsabiqəsində iştirak edərək Bakı Şəhəri Sabuncu rayonu Maştağa qəsəbəsi 187 nömrəli məktəbdə fəaliyyətimi davam etdirirəm. 

-Diaqnostik qiymətləndirmədən keçmək üçün xüsusi hazırlıq mərhələsinə ehtiyac varmı?

-Bu, davamlı bir hazırlıq deyildi. İki ildir,  müəllim kimi fəaliyyət göstərirəm. Fəaliyyətimin məntiqi  nəticəsi olaraq, Diaqnostik Qiymətləndirmədə  60 bal toplaya bildim.

-Suallar hansı səviyyədə idi? Çətinlik çəkdiyiniz oldumu?

-Suallar normal idi. Üç hissədə: asan, orta və çətin formada təqdim edilmişdi. Elə də çətinlik çəkmədim. Yəni həyəcan olmadığına görə, asanlıqla yerinə yetirə bildim. Bəzən müəllimlər vaxtın tənzimlənməsində problem yaşayırlar. Məncə, bir saat yarım sualları işləməyə bəs edir.

-Vəfa xanım, cəmi 2 bal toplayan müəllimlər olub. Sizcə, aşağı nəticə nəyin göstəricisidir?

-Artıq onlara  sözüm yoxdur. Çünki  elə sadə suallar var ki, onları orta məktəb şagirdləri belə cavablandıra bilər.

-2 bal toplayanların müəllimlik fəaliyyəti ilə bağlı nə düşünürsünüz?

-Daim öz üzərlərində  çalışmalıdırlar. Bu balı toplasam da, hər zaman üzərimdə çalışmağa üstünlük verirəm.

- Səhv etmirəmsə, 60 bal toplayan bir nəfər sizsiniz. Ətrafınızdakı digər müəllimlərin reaksiyası necə oldu?

-Ətrafımdakı insanlar sevindilər. Həmkarlarım təbrik etdilər.

-Sizcə, diaqnostik qiymətləndirmənin müəllim fəaliyyətində nə kimi əhəmiyyəti var?

-Məsələn, bilik səviyyəsi aşağı olan müəllimləri üzə çıxarır. Rəqabət ortamı yaradır. Müəllimlər daha da öz üzərlərində işləməyə başladılar.Mən 2016-cı ildə imtahan verib 55 bal toplamışdım. İndi isə balımı yüksəltmək üçün təkrar iştirak etdim.

-Sizcə, hazırda təhsilin inkişafı üçün nələrə ehtiyac var?

-Müəllimlər daim üzərlərində işləməlidirlər. Biz artıq ənənəvi üsuldan uzaqlaşırıq.Yeniliklərimiz məni qane edir. Məsələn, riyaziyyat əvvəllər əzbərçi şəkildə öyrədilirdisə,  kurikulumları tətbiq edəndən sonra şagirdlər bu fənni hansı sahələrdə istifadə edəcəklərsə ətraflı şəkildə öyrədilir və tətbiq edilir.

-Kurikulum sistemi uşaqlara nə verir? Tətbiqi hansı səviyyədədir?

-Yaxşı tətbiq edilsə, şagirdlərin gündəlik fəaliyyətində çox effektlidir. Buna bir əzbərləməli fənn kimi deyil, gündəlik həyatlarının müəyyən hissəsi olan dərs kimi yanaşırlar.

-Uğurlu müəllim modelini necə görürsünüz?

-İlk öncə ixtisasını yaxşı bilməli, üzərində daim çalışmalı, şagirdlərə həm motivasiya, həm də məsləhət verərək şagirdləri çalışdırmalıdır.