Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-30 11:50:37
“Qabiliyyətsizlər, saxta diplom alanlar iş tapır, amma savadlılar işsiz qalır” – Partiya sədri

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun AzEDU.az -a müsahibəsi.

Müsahibədə hazırkı təhsil və elmimiz, onun problem və perspektivləri barəsində danışılıb:

- Sərdar müəllim, əvvəlcə bundan başlayaq: ümumiyyətlə, təhsil sizin üçün nə deməkdir?

-Təhsil ilk növbədə insanın öz heyvani təbiətindən ruhi təbiətinə keçidi deməkdir. Yəni insanı insan edən, heyvanlar aləmindən ayıran məhz təhsildir.

- Sizcə, təhsil sistemimizdəki əsas boşluqlar hansılardır?

-Birinci, Azərbaycanda ümumiyyətlə, təhsilin təşkil və keyfiyyətində çox ciddi problemlər var. İkincisi və əsası isə təhsilalanların özləri də problemlidirlər. Əgər bu gün məktəbə gedən uşaq, ona lazım olan kitabı, dəftəri ala bilmir, internetdən istifadəsi məhdud, üstəgəl sağlam qidalanmırsa, deməli, boşluqlarımız çoxdur. Qeyri-sağlam qidalanmaq uşağın zehni aktivliyinə bu və ya digər şəkildə təsir edir. Belə uşaqlar hansı təhsil müəssisəsində olmalarından asılı olmayaraq, kifayət qədər yüksək təhsil ala bilməzlər. Yəni həm öyrənənlərdən, həm də öyrədənlərdən qaynaqlanan çoxlu problemlərimiz mövcuddur. Məsələn, bu gün bizim bəzi müəllimlərimiz işdən sonra gedib bazarda alver edirlər. Hər dəfə öz üzərlərində işləyib inkişaf etmək əvəzinə, ailəsini dolandırmaq üçün başqa işlərlə məşğuldur. Bu cür problemlər olan yerdə təhsildən danışmaq günahdır. Nəhayət, ən vacibi isə təhsil əgər insanın cəmiyyətdəki mövqeyinə, statusuna təsir etmirsə, beləcə təhsilə maraq da azalır. Hətta xarici ölkələrdə təhsil alıb gələn tələbələr də iş tapa bilmirlər. Yüksək təhsil alıb, bir neçə dilə yiyələnənlər, demək olar ki, əksəriyyəti işsizdir. Belə bir halda vətəndaşların təhsilə münasibətinin dəyişməsi normaldır. Çünki təhsil almaqla cəmiyyətdə irəliləmək mümkün olmadığının şahidi olurlar. Halbuki, insanın cəmiyyətdə yer tuta bilməsinin yeganə vasitəsi təhsil olmalıdır. Dahi Azərbaycan şairi Nizaminin də dediyi kimi,- “bir insanın başqasında üstünlüyü ancaq elmlə ola bilər”.

-Xaricdə təhsil alanların da işsiz qaldığını dediniz. Sizcə, bu problem həqiqətən  qabarıq səviyyədədir?

- Son araşdırmalara əsasən, Azərbaycanda hər 7 tələbəyə 1 müəllim düşür. Nəyə lazımdır ki bu sayda müəllim? Niyə bu qədər müəllim yetişdirirsiz? Bəziləri fabrik, zavod açanda, bizdə məktəblər, universitetlər açıb lazımsız kadrlar hazırlayırlar. Nəticədə isə Azərbaycana 10 müəllim, 20 həkim lazım olduğu halda, 2000 həkim hazırlayıb guya, işlərini tamamlayırlar. Cəmiyyətin bu kadrlara ehtiyacı yoxdursa, müəyyən ixtisaslar üzrə qəbul azalmalıdır. Azərbaycanda hər şey pul üzərində qurulduğu üçün institut yalnız diplomunu satmaqda maraqlıdır. Onun üçün əhəmiyyətli deyil ki, verdiyi diplom məzuna yararlı olacaq, yoxsa yox. Əgər təhsil korrupsiya alətinə çevrilərsə, təbii ki, o ölkədə heç kim iş tapmaz. Qabiliyyətsizlər, saxta diplom alanlar qohum-qonşu köməyi ilə, adətən, iş tapır, amma savadlılar işsiz qalır. Demək istəyirəm ki, işsizlərin böyük əksəriyyəti məhz kasıb ailələrdən çıxan yüksək səviyyəli tələbələrdir. Bunun özü çox ciddi problemdir.

Bir məsələni də deyək: xaricdəki universitetlərin yüksək səviyyəli olmasının, universitetdə təhsil alan tələbəyə nə aidiyəti var?  Universitet qurtarmayan neçə-neçə insan olub ki, ali təhsillilərdən də yüksək nailiyyət əldə ediblər. Azərbaycanda böyük bir elmin əsasını qoyan yüzlərlə belə adam var. Bir insan universitet oxumadan da mükəmməl insan ola bilər. Onsuz da universiteti bitirəndən sonra insan öz üzərində işləməzsa, təkrar savadsızlaşar.

-Hazırda orta ixtisas təhsili verən müəssisələrin əksəriyyəti  formal xarakter daşıyır. Həmin kolleclərin diplomları, adətən, heç bir işə yaramır. Bu problemin həllini nədə görürsüz?

-Əvvəla, cəmiyyətdə hamı yaşayışın yeganə üsulunun təhsil almaq olmadığını başa düşməlidir. Azərbaycanda normal biznes mühiti olsa, hər kəs peşəsinə, bacarığına uyğun normal səviyyədə yaşaya bilər. Belə olan halda, hamı bir nəfər kimi təhsil müəssisələrinə getməz. Azərbaycanda başqa cür işləmək imkanı olmadığı üçün  insanlar saxta diplom almağa məcburdur. Nəzər yetirsək, görərik ki, xarici ölkələrdə insanlar könüllü olaraq universitet təhsilindən imtina edirlər. Onlar gedib müəssisə açır, qabiliyyəti ilə işləyir, pulunu qazanır. Hamı təhsildən çörək yeməməlidir ki! Hamının ağzını dayayıblar təhsil müəssisələrinə. Vəziyyəti belə görən müəssisələr də keyfiyyətə önəm vermədən fəaliyyət göstərirlər.

-Sərdar müəllim, bu gün Azərbaycanda müstəqil elmi mərkəzlər, demək olar ki, yox səviyyəsindədir. Sizcə, bu boşluq Azərbaycan elminə nə kimi zərbələr vurur?

- Azərbaycan gəlirinin 90%-i neftdən gəlir. İndi bütün dünya dövlətləri iqtisadi inkişafdan faydalanır. İqtisadi inkişafın təməl möhkəmliyi isə elmə ayrılan diqqətdən asılıdır. Bu baxımdan, bizim elmi göstəricilərimizin aşağı olması, iqtisadiyyatımıza da təsir edir. Ölkədə işsizliyin olması da elə elmə diqqətin az olması ilə bağlıdır. Belə bir söz var: Alim öldü, aləm öldü. Dövlət büdcəsindən elmə milyardlarla pul ayrılmalıdır. Yalnız o zaman biz iqtisadi, ictimai və mənəvi inkişafdan danışa bilərik.

-Elmlər Akademiyasında hansı islahatların həyata keçirilməsini istərdiniz?

-Ümumiyyətlə, dünya təcrübəsində Elmlər Akademiyası kimi bir institut yoxdur. Düzdür, dünyanın bir sıra ölkələrində Elmlər Akademiyası var, lakin onlar ictimai təşkilat kimi fəaliyyət göstərir. Azərbaycan Elmlər Akademiyasının da ictimai institut olmasını istəyərəm. Əslində, elm universitetlərdə inkişaf etməlidir. Yəni hazırda praktiki olaraq alimlər pedaqoji fəaliyyətlə elmi fəaliyyəti birləşdirilər. Akademiyanın institutlarının əksəriyyəti  istehsal sahələri ilə birləşməlidir. Çünki yalnız o halda elm verimli ola bilər.

Tutaq ki, alimlər başqa bir şey kəşf edir, zavoda, fabrikə isə tamam ayrı bir şey lazımdır. Belə olan halda, elmin bir xeyri olmur, nəticə vermir. Halbuki, hər bir iri müəssisənin öz tərkibində elmi müəssisə olmalı və həmin müəssisənin inkişaf etdirilməsi istehsalatın fəaliyyəti ilə bağlı olmalıdır. O zaman alimlərin kəşfləri nəticəsində iqtisadiyyatımız durmadan inkişaf edər. İndi akademiya ilə istehsal sahələri arasında ciddi uçurum olduğuna görə, elmimiz də effektsizdir.

-Elmlər Akademiyasının hansı institutunun fəaliyyətini az-çox bəyənirsiniz?

-Akademiyanın Tarix və Dilçilik İnstitutunun fəaliyyətini bəyənirəm. Çünki bu institutların iqtisadiyyat ilə çox da əlaqəsi yoxdur. Amma millətin haqlarını, hüquqlarını, kimliyini müdafiə edən əsas institutlardır. Bildiyimiz kimi, Dağlıq Qarabağ mübarizəsində haqlı olduğumuzu göstərmək üçün, tarixi faktlar çox əhəmiyyətlidir.  Tarix İnstitutunun son vaxtlarda  İrəvanla, Azərbaycanın sovet dönəmi və ondan əvvəlki illərə dair bir sıra faktları üzə çıxarması xalqın özünə qayıdışında önəmli rol oynayıb. Kiminsə institutun direktorundan xoşu gəlmirsə, durub boş-boş tarix institutunu tənqid edir. Hər bostana daş atmaqla iş düzəlmir. Mən bu institutun kitabların bir çoxunu öz hesablarına, ordan - burdan xeyirxah adamları cəlb etməklə çap etdirdiklərini bilirəm. Tarix İnstitutuna dövlət nə qədər pul ayırıb?! Gərək, dövlət böyük büdcə ayırsın, sonra desin ki, bu büdcəni xərclə filan kitablara. Elə bilirsiz, kitab çap etmək, tədqiqat aparmaq asandır? Elə tarixi mənbələr var ki o mənbələrə çatmaq üçün 10 minlərlə pul lazımdır. Bu pulu vermədən necə kitab yazmağı tələb edə bilərsən?

-Müasir Azərbaycan ədəbiyyatında gənc müəlliflərdən kimləri oxuyursuz?

-Özüm hazırda “Quran-i-Kərim”in izahı üzərində işlədiyimə görə ancaq elmi mənbələrdən yararlanıram. Ona görə də hələ ki bədii ədəbiyyat oxumağa imkanım yoxdur.

-Ədəbiyyatın bir siyasətçinin həyatındakı rolu nədən ibarətdir?

-Siyasətçini yetişdirən ədəbiyyatdır. Yəni, siyasətçi bu sahəyə qədəm qoyanda artıq dünya və Azərbaycan ədəbiyyatından məlumatlı olmalıdır. Mən özüm o mərhələni keçmişəm və ədəbiyyatın mənim üzərimdə olan rolunu başa vurmuşam.