Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-27 13:22:59
“Kursa getmədən dil öyrənmək olar, qrammatika  önəmsizdir” - Mütəxəssis sadə üsulları  açıqlayır

Xarici dillərin öyrənilməsi hər zaman dünyaya inteqrasiya baxımından vacib addım  sayılıb. Bu  gün xarici  dil bilmək müasir dövrün əsas tələblərindən  biridir. Həm yaxşı iş yeri tapmaq, həm dünyaya səyahət etmək, həm də  ölkəmizdə turizm  potensialının artması səbəbilə çoxsaylı turistləri qarşılamaq baxımından xarici dilə tələbat daha da artıb. Bu gün demək olar ki, hamı, hətta məktəb yaşlı uşaqlarda belə xarici dili - ingilis dilini, rus dilini öyrənmək həvəsi var.Eyni zamanda Azərbaycanda əcnəbi dillərdə  təhsilə də maraq artır. Övladının xarici dildə və xaricdə təhsil almasına çalışan valideynlərin sayı artmaqda davam edir.

Bəs bu gün xarici dili necə öyrənmək olar?  Kursa getmədən dil öyrənmək mümkündürmü? Bu suallar da aktualdır.

Məsələ ilə bağlı AzEdu.az-a danışan  müsahibimiz ingilis dilini kursa getmədən özü öyrənən, 8 ildən çoxdur ki,  danışıq  klublarında moderatorluq edən Nural Səfəralıdır.

- Öncə sizi tanıyaq: İngilis dili öyrənmək həvəsi necə yarandı? Nə qədər müddətə bu dili tam  öyrənə bildiniz?

- İngilis dilini anamın və xalamın təkidi  ilə uşaq yaşlarından öyrənməyə başladım. İlk olaraq, lüğətdən sözlər öyrənməyə çalışırdım. Müəyyən müddətdən sonra məndə  çox böyük söz bazası yarandı. Yəni 8-9 yaşlarımda 1000-ə yaxın ingiliscə söz bilirdim. Hələ də öyrənib bitirmişəm deyə bilmirəm.  Çünki ingilis dilini nə qədər mükəmməl bilsəniz  də, əgər zənci, amerikalı qadının və amerikalı reperlərin hələ də ingilis dilində dediklərini tam anlaya bilmirsinizsə, deməli ingilis dilini hələ də öyrənmək lazımdır. Buna görə də dili öyrənməyə başlama tarixi var, amma bitirmə tarixi yoxdur. Çünki bir dili heç vaxt öyrənib bitirmisiniz. Ömrü boyu bu dili öyrənmək, təkmilləşdirmək lazımdır.

- Hazırda əsas aktual problemlərdən biri məhz xarici dillə bağlıdır. Xarici dil öyrənmək istəyənlərə nə məsləhət görərdiniz?

- Ümumiyyətlə, xarici dil öyrənmək üçün insan birinci özünə sual verməlidir ki, mən bu dili niyə öyrənmək istəyirəm. İngilis dilini öyrənməyin çox yolları var. İlk növbədə hansısa dili öyrənmək üçün insanın söz bazası çox geniş olmalıdır. Bunun üçün səviyyələrə uyğun kitablar alıb  oxumaq, bu kitablarda bilmədiyimiz sözlərin altından xətt çəkib onları öyrənib müxtəlif cümlələrdə istifadə etmək lazımdır. Bir müddət sonra kinolara “subtitr” ilə, “subtitr”siz və “listening” formada qulaq asmaq lazımdır. Maksimum qədər conversation klublarda iştirak etmək çox önəmlidir. Eyni zamanda ingilis dili öyrənmək üçün xəbərlər çox önəmlidir. Yadıma gəlir ki, 16 yaşımdan sonra hər gün Əl-Jaizire, BBC, CNN kimi kanallara baxıram. Bu kanalların dediklərini təqlid edirdim. Bir müddət sonra gördüm ki, bu məndə uğurlu alınır.

- Kursa getmədən xarici dil öyrənmək mümkündürmü? Mümkündürsə, hansı üsullardan istifadə etməklə tez nəticə əldə etmək olar?

- Kursa getmədən də ingilis dilini öyrənmək mümkündür. Doğrudur, kursa getdikdə daha rahat öyrənmək olur. Çünki bu zaman müəllim sizə istiqamət verir. Amma kursa getmədən də ingilis dilini öyrənə bilərsiniz.  Siz bunu çoxlu kitablar oxuyaraq,  filmlərə baxaraq,  xarici dostlar qazanaraq,  xarici dostlarınızla tez-tez ünsiyyət quraraq edə bilərsiniz. Hətta özünüz üçün dil mühiti yaratmalısınız. Məsələn, ingilis dilli radiolara, ingilis dilində olan mahnılara qulaq asaraq bunu etmək olar.  Qeyd edim ki,  bu dediklərim təkcə ingilis dilinə aid deyil. Digər dilləri öyrənmək istəyənlər də bundan  istifadə edir. Eyni zamanda,  kurs dil öyrənməkdə sadəcə  50%  rol oynayır. Dil öyrənmək 50% insanın özündən asılıdır.  Siz  kursdakı  müəlliminiz  yaxud da kursun özü də çox yaxşı ola bilər, amma sizin özünüzün istəyiniz, motivasiyanız yoxdursa, siz dili öyrənə bilməyəcəksiniz.

- Universitetə qəbul olan, istərsə də universiteti bitirən tələbələrin iş tapmasında çətinlik yaradan amillərdən birincisi xarici dil bilməmələridir. Universitet vaxtı tələbələr necə xarici dil bilgilərini yaxşılaşdıra bilər?

 -Universitetdə oxuyan tələbələr əsas təhsil aldığı müddətdə şirkətlərin beynəlxalq əlaqələr departamentində təcrübəçi kimi çalışa bilərlər. Bu, onların dil qabiliyyətini yüksəltməsinə kömək edər. Hazırda ölkəmizə çoxlu xarici şirkətlər gəlir. Yerli və xarici şirkətlərin çoxu isə beynəlxalq əlaqələr qurmaqda maraqlıdır. Bu şirkətlərdə demək olar müəssisə daxili işlərin çoxu ingilis dilində aparılır. Bu gün Azərbaycanda kimdən soruşsanız ingilis dilində müəyyən qədər biliklərə malik olduğunu deyir. Amma maraqlıdır onlar ingilis dilini hansı səviyyədə bilir? Çünki ingilis dilini bilmək və danışmaq  arasında çox böyük fərq var. Yəni dil bilmək artıq vacib  bir məsələyə çevrilib.

- Hazırda ingilis, yoxsa, rus dilini bilmək daha vacibdir?

- İnsan nə qədər dil bilsə, o qədər də yaxşıdır. Hətta çox gözəl bir söz var ki, bir dil bir insan deməkdir. Ona görə də hər kəs maksimum qədər dil öyrənməyə çalışmalıdır. Sözsüz ki, ingilis dili də, rus dili də hər ikisi vacibdir. Amma dil öyrənmək istəyən şəxslər hər şeydən öncə öz dilimizi mükəmməl bilməlidir. Amma sovet dövrü ilə müqayisə etsək, artıq ingilis dili daha önəmli və daha vacib bir məsələyə çevrilib. Ona görə də hazırda bir çox şəxslər ingilis dilini öyrənməyə meyl göstərir. Digər tərəfdən ingilis dilli ölkələrdə gənclərin təhsil almaq istəyi ingilis dilini daha da aktual edir.

- Dil öyrənməyə nədən başlamaq lazımdır?

- Dil öyrənmək üçün lazım olan vaxt insanın potensialından asılıdır. Məsələn, elə insanlar var ki, 3 ay ərzində müəyyən səviyyəyə gəlir. Bəziləri 1 ay ərzində artıq “Begining” səviyyəni keçir. Eyni zamanda illərlə dil öyrənməklə məşğul olub istənilən səviyyəyə çatmayan insanlar da var. Dil öyrənərkən qrammatika ilə gündəlik (daily) danışığı ayırmağı bacarmaq lazımdır. Ona görə də maksimum  qədər çalışmaq lazımdır ki, dil öyrənməyə “Begining” səviyyədən başlanılsın. Addım-addım bunu etmək lazımdır. Birdən-birə qrammatikanı öyrənərək, dil öyrənməyə başlamaq düzgün deyil.

- Qrammatikanı bilmədən dil öyrənmək mümkündürmü?

- Əlbəttə. Qrammatikanı bilmədən xarici dil öyrənmək mümkündür. Yəni dil öyrənərkən qrammatikanı tam öyrənməyə ehtiyac yoxdur. Qrammatikada əsas şeyləri - zamanlar, söz önləri, artikllar və digər məsələləri bilmək lazımdır. Bunları bildikdən sonra, ingilis dilində gündəlik danışıq zamanı sözləri artıq avtomatik şəkildə istifadə etdiyinizi  görəcəksiniz.  Ona görə də qrammatika önəmli olduğu qədər də önəmsizdir. Məsələn, xaricə gedib uzun illər orda yaşayan azərbaycanlılar qrammatikanı bilmədən ingilis dilini öyrənə bilirlər.

 Firuzə  Vahid