XƏBƏRLƏR

25.05.2018 14:38
İki diplomunu, universiteti kənd müəllimliyinə dəyişən gənc: “Siniflərdəki qırıq pəncərələri sellofanla örtürlər”

Ucqar kənd müəllimi: “Palçıqlı siniflərdəki odun sobası da bərbad vəziyyətdədir”

Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 

AzEdu.az  “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir. 

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib. 

Budəfəki müsahibimiz Lerik rayonu Ənvər Nəciyev adına Vistən kənd tam orta məktəbin riyaziyyat və fizika  müəllimi Rusif Məmmədovdur. 

Rusif  Məmmədov də özünü ucqarlarda, dağ kəndlərindəki şagirdlərə tamamilə həsr edən fədakar müəllimdir. Təsəvvür edin, Rusif müəllim ali təhsilli olmasına baxmayaraq, sırf müəllimlik peşəsinə vurğun olduğu üçün ikinci universiteti oxuyur. Əvvəlcə müxtəlif kurslarda müəllim işləyir, daha sonra isə universitetdə çalışır. Amma… Bir gün bütün bunların hamısından imtina edərək, ucqar  kənddə müəllim olmağı üstün tutur…Onunla söhbətə başlayanda yarızarafat - yarıciddi belə dedi: “filmlərdə, bədii əsərlərdə, romanlarda  müəllimlər olur, bax,  mən də sanki onlara bənzəyirəm”

Əziz oxucu, yaxşısı budur ki, mən sizə mane olmayım. Bu “roman”ı elə birlikdə oxuyaq. Amma hərdən bizim də müdaxiləmiz olacaq.

 

“Yağmurlu yollar”  - Yaxud, bura necə gəldim

- Əvvəlcə, özümdən başlayım. Hə, onu deyim ki,  kəndə işləməyə Bakıdan gəlsəm də, mən elə buralıyam. 1988-ci ildə Lerikdə anadan olmuşam. Lakin təhsillə əlaqədar Bakıya köçüb,  ailəlikcə paytaxtda yaşamışıq. Bakıda - Binə qəsəbəsində 117 nömrəli orta məktəbi bitirmişəm. İmtahan verib Memarlıq və İnşaat Universitetinin “Kompüter mühəndisliyi və informasiya sistemləri ” ixtisasına  qəbul olunmuşam. Amma hər zaman müəllimlik peşəsini sevmişəm. Bu səbəbdən, elə tələbəlik illərində özümü müəllim kimi sınamaq istədim.

Böyük yolun başlanğıcı 

-Mən işə başlayan zaman - 2006-cı il - müəllimlərin testlə işə qəbulu yox idi. Maaşlar da indiki qədər deyildi. İxtisasım müəllimlik olmasa da, riyaziyyat fənnindən kurslarda hazırlıq keçirdim. Daha sonra bu peşənin məndə uğurlu alındığını, həmçinin, işlədiyim kurslarda da diqqətin çox olduğunu görüb, riyaziyyat-fizikanı daha dərindən öyrənməyə başladım. Sonradan, düşündüm ki, nəyə görə mənim pedoqoji diplomum olmasın?! 2011-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra yenidən ali məktəbə imtahan verib, Azərbaycan Pedoqoji İnstitutuna qəbul olundum. Beləcə, ikinci bakalavriat təhsilimi də aldım.

2012- ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində müfəttiş (nəzarətçi) işləmişəm. Diplomumu aldıqdan sonra Memarlıq və İnşaat Universitetinin nəzdində olan İnşaat Kollecində pedoqoji fəaliyyətlə məşğul oldum. Bu müddətdə Bakıda oxuyub-işləsəm də, kənd məktəbində çalışıb, daha çox fayda vermək istəyirdim....

“Mən həmin oğlanam, a qarlı dağlar”

 

Əsl “kino” elə  bundan sonra başlayır... Dövlət Universitetinin əməkdaşı olan Rusif müəllim hər şeydən imtina edərək, ucqar dağ kəndinə - Vistənə- gəlir. İnsanlardan əvvəl onu uşaqlıq xatirələrinin silinməz məkanı olan Lerik təbiəti, dağlar, yaşıl düzlər qarşılayır. Rusif təkcə, “elə buna görə buralara gəlmək olarmış” düşüncəsi ilə yeni işinə böyük sevgi ilə yanaşır... 

Ucqar kənddə dərs demək istəyim məni tərk etmədi. Şəhərin müxtəlif kurslarında, universitet və kollecində müəllim işlədim. Amma yenə də... Yenə də çox narahat idim; Oradakılardan narahat idim – həmişə istəmişəm ki, kənddəki uşaqlar təhsildən geri qalmasınlar. Buna görə də müəllimlərin işə qəbul imtahanına qatılıb, yaxşı nəticə topladım. Beləcə, Lerik rayonunun Vistəm kəndinə riyaziyyat müəllimi kimi təyinat aldım. Bu ildən həmin  kənddə işləyirəm.

Əvvəlcə o təbiət; uşaqlığımın silinməz xatirələri, dağlar, sonra isə hər kəs məni xoş qarşıladı, hörmət göstərdi. Düşündüm ki, həqiqətən də bura gəlməyə dəyərmiş; valideyn və uşaqların üzündəki təbəssüm sanki onlara nə dərəcədə lazım olduğumu göstərən bir mesaj idi. Elə o vaxtdan bu “mesaj”ın icrasına başladım. İndi də  onların övladları üçün əlimdən gələni edirəm. 

“Deyirdilər ki, orada işləyə bilməyəcəyəm” 

-Bundan əvvəl universitet və kollecdə işləmişəm. Lakin məktəb mühiti, xüsusən də kənd məktəbinin mühiti təmamilə fərqlidir. Burada işləməyin müəyyən  çətinlikləri var. Məsələn,  şəhər məktəbində şagirdlərlə işləmək, tapşırıqlar vermək, müxtəlif kitablardan istifadə etmək üçün lazımı şərait və avadanlıqlar var. Amma işlədiyim kənd məktəbində isə bu imkanlar çox aşağıdır. Həmçinin, aşağı siniflərdə oxuyanların bazası çox zəif olur. Elə şagird var ki,  9-cu sinifə çatır, amma vurma cədvəlini bilmir. Belə uşaqlarla işləmək çətin olur. Zəif şagirdlərin fəallığı üçün dərsdən sonra əlavələr, dərnəklər təşkil etmişəm. Bu dərnəklərin hesabına zəif şagirdlərdən güclənənləri də oldu.

Məni kəndə bağlayan da ən çox  belə işlərdi. Hə, bir də oranın təbiəti...   Qohumlarım, tanışlarım kəndə gələndə mənə orada çətin olacağını bildirdilər, “səndə alınmaz” dedilər. Lerik də ucqar yerdir. İşıq, qaz problemləri olsa da, kimsə gəlib, buralarda müəllim işləməlidir. Bu, bizim vətəndaşlıq borcumuzdur. Artıq ailəm və yaxınlarım buna öyrəşib. Onlar fikirləşirdilər ki,tez bir zamanda şəhərə qayıdacam. Ancaq elə olmadı. İşimi sevərək görürəm, bunu da hamı hiss edir. 

Möhtəşəm yanılqı

 

- Bura gəlməzdən öncə məktəb direktoru ilə əlaqə saxladım. Kənd, oradakı yaşam tərzi  haqqında fikirlərim fərqliydi. Düşünürdüm ki, valideynlər uşaqların məktəbdən yayındırarlar. Lakin düşüncələrimin  əksi ilə qarşılaşdım. Şagirdlərin 70%-i qızlar olsa da, məktəbə gəlir, öyrənməyə can atırlar. Bu göstərici dövlətimizin uğurlu təhsil layihələri əsasında olub. Əvvəllər kənddə qızların dərsə dəvamiyyəti belə olmayıb. Kəndin daxilində iki çay yerləşir. Əsasən, dərsdən sonra meşəyə, çay ətrafına gedib dincəlirəm. Bakıda yerləşən parklardan dəfələrlə daha təbiidir. Vaxt olduqda ovçularla ova da gedirik. Tətil olub, Bakıya gələndə kənd üçün darıxıram.

Məktəbdə müəllimlər sizi necə qarşıladı? Kənddə yaşamaq üçün ev məsələsi necə həll olundu?

Bura gəlməzdən öncə müəyyən qədər pulumun kirayə haqqına çıxacağını düşünürdüm. Ancaq burada mənə çox güzəşt və hörmət  olundu. İlk gəldiyim gün müəllim yoldaşım məni evində qonaq etdi. Təmənnasız evinə yerləşdirdi. Elə bu gün də müəllim yoldaşlarımın birinin evində yaşayıram. Pulsuz-parasız...

SÖZ!

-2017-ci il sentyabrın 15-i... Kənd məktəbindəki ilk dərsimə başlayacaqdım. Rəsmi tədbirdən, açılışdan  sonra hər bir müəllim artıq sinifə girib dərsini keçməyə başladı. Elə o gündən şagirdlərin köməyə çox ehtiyacı olduğunu gördüm. Özümə söz verdim ki, uşaqların təhsili üçün əlimdən gələni əsirgəməyəcəm.

İndi də çalışıram uşaqlarla dost münasibəti qurum. Hava isti olanda dərsi çöldə keçirəm. Bu uşaqların çox xoşuna gəlir. Şagirdlər yorulanda müxtəlif oyunlar təşkil edirik. Əsasən, voleybol oynayırıq. Mən neçə dəfə sinifdən çıxıb təkrar qayıdıramsa,uşaqlar da o qədər ayağa qalxır. Onların bu hörməti əvəzsizdir. Heç şəhərdə belə diqqət yoxdur.

Günlər, yollar və mən

Rusif müəllim söhbətin bu yerində özünün gündıəlik dərs qrafikindən danışır. Hətta dərsdən sonra “zəif” şagirdlərə əlavə məşğələlər də keçir. Pulsuz, parasız... Özü də deyir ki, hava yaxşı olan kimi riyaziyyat-fizika dərslərini açıq havada  keçir... Kəndin yolları haqqında soruşanda isə..

-İş günüm səhər 8-də  başlayır. Gündəlik 6-7 saat dərsim olur. Günorta 2-də evə qayıdıram. Yemək fasiləsi etdikdən sonra yenidən məktəbə qayıdıb, uşaqlara əlavə dərs keçirəm, zəif bildikləri mövzuları işləyirik. Yaz və payız aylarında günlər nisbətən uzun olduğu üçün saat 3-dən 7-yədək dərs prosesində oluruq. Riyaziyyat-fizikadan müxtəlif mövzuları işləyirik.

...Və... Məktəb yolları haqqında “ballada” 

-Yol problemi daimi olaraq qalır. Qış vaxtı palçıq olduğundan siniflər də bulanır. Şagirdlər dərsə qaloşla gəlir. 200-yə yaxın şagirdimiz var. Nə qədər təmizlənsə də, palçıqlı siniflərdə dərs keçirik. Məktəbimizdə 4-5 kəndin uşaqları təhsil alır. Məktəbimiz qəzalı vəziyyətdədir. Yeni məktəbin tikiləcəyinə söz verilsə də, hələ ki heç bir tədbir görülmür. Sinif otaqları azlıq təşkil edir. Akt zalımız, kitabxanamız yoxdur. İnanıram ki, dövlətimiz bu məktəbə də diqqət edəcək.

“Tək bu deyil ki?!”

-Lerik bol yağıntı olan bölgədir. 9 tədris ayının  7-8 ayı burada çox soyuq keçir. Məktəb odun “peç”iylə qızdırılır. Səhər  soba qalandıqdan 2-3 saat sonra otaq isinir. Otaqlar soyuq olur deyə, şagirdlər xəstələnir, dərsdə iştirak edə bilmirlər. Belə hallar olduqda yüksək nəticə əldə etmək çətinləşir. Tədris zəncirvaridir. Bir saat belə itirilməməlidir. Pəncərələrdə şüşələr də sınıqdır. Otaqlar isinə bilmir. 24 saat belə odun peçi qalansa da, təsiri zəif olur. İnternetdən istifadə imkanımız yoxdur.  İnternet olsa, nə qədər əlavə deyiləsi məlumatlar əldə edib, şagirdlərə göstərərik.

Otaqda işıq zəif olur, tez-tez kəsilir. Bu mənfi hallar 50% işimizi zəiflədir. İdman zalımız yoxdur. Sinifdə keçirilir. İnanıram ki, bu yazını lazımi orqanlar görüb nəzərə alacaqlar. Yeni təhsil nazirimiz Ceyhun Bayramovla görüş zamanı məktəbin problemlərini bildirdim. Qeyd olundu ki, bu işə baxılacaq. Biz də gözləyirik. Bu şəraitsizlik kurikulum sisteminin tətbiqinə də mane olur.

Sonluq üçün.. Yaxud, bir ümid naminə...

 

Rusif müəllim, nə qədər nikbin, gələcəyə parlaq baxan insan olsa da, yenə də bəzi reallıqları gizləməyi lazım bilmir:

-Məktəbimiz sovet dövründən qalıb. Sinif otaqlarının döşəmə-tavanları bərbad gündədir. Məktəb binasının divarlarının çox hissəsi ümumiyyətlə, çiy kərpicdən hörülüb.

Sinif otaqları o dərəcədə bərbaddır ki, döşəmədəki aralıqlardan zirzəmi hissə, torpaq görünür. Bütün bunların hamısı uşaqların sağlamlığına birbaşa mənfi təsir göstərir. Xüsusən də qış aylarında bu, öz sözünü deyir.

Sinifləri qızdırmaq üçün lazım olan odun sobalarının özləri belə bərbad gündədir.  Yanacaq üçün odunlar vaxtı-vaxtında olmur. Şagirdlər yalnız 1-2 odun parçasının hesabına “qızınmaq”a çalışırlar.

Sinif otaqlarının pəncərələri dağınıqdı. Bəzi siniflərdə pəncərələrin heç şüşələri də  yoxdu. Skoç və sellofanla “örtülüb”.

Bədbin notlarla köklənməmək üçün söhbəti dəyişmək istəyirik. Kənddəki şagirdlərin vahid məktəbli formaları haqqında sual veririk. Sualımızın heç yerinə düşmədiyinin fərqinə varıram. Elə Rusif müəllimin cavabı da bu “yersizliyi” təsdiqləyir.

-Vallah, məktəbimizdə o qədər problemlər var ki, biz şagirdlərin məktəbli forması haqqında heç düşünə də bilmirik. Yadımıza da düşmür...

P.S. Universitetdəki işini yarım qoyaraq ucqar dağ kəndinə gələn, Rusif müəllim! Möhkəm olun,  sinif otaqlarında “sellofan şüşələrin” arxasında, dağların-düzlərin yanında gələcəkdən xəbər verən bənzərsiz Günəş var... Və siz o Günəşi “sallofan şüşələrdən” bu tərəfə- sinif otağına gətirmisiniz...