Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-25 12:56:08
Müəllimlər üçün vacib dəyişiklik – Yeni qayda təhsil sisteminə nə verəcək?

2009-cu ildən etibarən əvvəlcə Bakı şəhəri üzrə, 2011-ci ildən isə bütün ölkə ərazisində orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş test imtahanı ilə həyata keçirilir. Müəllimlərin işə qəbulu imtahanında iştirakçılara 60 test tapşırığı təqdim olunur. Onlardan 40 test tapşırığı iştirakçının ixtisası, 10 test tapşırığı məntiqi biliklərini yoxlamaq üçün, 10 test tapşırığı isə kurikulum və təhsil metodikası üzrə təqdim olunur.

Diaqnostik Qiymətləndirilmə zamanı da iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Namizədlərə test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılır. Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01. 2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur.

Təhsil üzrə ekspert Nadir İsrafilov AzEdu.az-a açıqlaması zamanı deyib ki, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə attestasiyanınmı, yoxsa sertifikasiyanın keçiriləcəyi barədəki ziddiyyətli fikirlər yenidən diqqət mərkəzindədir:

“Son açıqlama isə hələ ki, ondan ibarətdir ki, müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlı Təhsil Nazirliyində işçi qrup yaradılıb. Həmin işçi qrupa müvafiq tapşırıqlar verilib: Tapşırıqlardan biri də müəllimlərin hansısa formada qiymətləndirilməsi və qiymətləndirmənin nəticəsindən asılı olaraq işdə qalıb-qalmamağı məsələsinin gündəmə gətirilməsindən ibarətdir. Hazırda bu prosesin attestasiya, ya sertifikasiya formasında icra ediləcəyi tam bəlli deyil. Bu proseslə bağlı işlər həmin yaradılmış işçi qrupuna həvalə edilib. Onların yekun təkliflərindən sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

Qeyd edək ki, respublika müəllimlərinin sonuncu dəfə attestasiyadan keçmələri 1994-cü ildə baş tutub.

Əmək Məcəlləsinin 67-ci və 70-ci maddəsinə görə, attestasiyadan keçməyən müəllimlərin işdən azad olunma məsələsi qanunvericiliklə tənzimlənir və müəyyən olunur. Attestasiyanın qərarları yalnız tövsiyə xarakterlidir. Onu işdə saxlayıb-saxlamamaq müəssisə rəhbərinin səlahiyyətində olan bir məsələdir. Əmək Məcəlləsinin tələblərinə görə, attestasiya nəticəsində müəllimlərin işdən azad edilməsi yolverilməzdir. Ötən dövr ərzində ölkəmizdə müəllimlərin bilik və bacarıqlarının yoxlanılması həyata keçirilməyib.

N.İsrafilov qeyd edir ki, uzun illik bir dövr ərzində biganəlik göstərilən məsələni həll etmək istiqamətində ilk addım nəhayət ki atılıb:

“Təhsil Nazirliyi Bakı Şəhəri üzrə təhsil İdarəsinin xidməti məktubunu əsas götürərək "Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə” (06 may, 2014-cü il, № – 526) əmr verdi. Qərara alındı ki, "sınaq qiymətləndirilməsi müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan, zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Sınaq qiymətləndirilməsi diaqnostik xarakter daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədi ilə keçirilir”.

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 nömrəli Sərəncamına əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının isə orta hesabla 2 dəfə artırılması nəzərdə tutuldu.
Həmin sərəncama müvafiq olaraq, Təhsil nazirinin 7 oktyabr 2016-cı il tarixli 723 №-li əmri ilə “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları” təsdiq olundu.

Nadir İsrafilov qeyd edir ki, qaydalara əsasən, diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılmasıdır:

“Diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi, nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi kimi müəyyənləşdirildi.

Ən başlıcası isə Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işəqəbulu və yerdəyişməsi qaydalarının 2.2. maddəsinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir”.

Ekspert qeyd edib ki, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin attestasiya və ya sertifikasiyaya formasında icra ediləcəyindən asılı olmayaraq, müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməlidir:

“Qiymətləndirmənin gedişatı prosesində “Qaydalar”a zidd olaraq müxtəlif versiyalar irəli sürüldü ki, bu da bir müddət müəyyən etiraz və narazılıqlarla müşayət olundu. Belə ki, ixtisasdan 4-6 bal toplayanlara 6, 11-15 bal toplayanlara 7-8, 16-20 bal toplayanlara 9-12, 21-30 bal toplayanlara 12-18, 31-40 bal toplayanlara 18-26 saat dərs yükü veriləcəyi, ibtidai sinif müəllimlərindən 15 baldan aşağı yığanlara isə sinif verilməyərək, ancaq yığma dərslər veriləcəyi kimi əsassız və dolaşıq açıqlamalar təhsil ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmadı, baxmayaraq ki, bu kimi ideyaların bızilərnə müəyyən aydınlıq gətirildi, bir çoxuna isə sonradan fərqli təkziblər verildi. Ümumiyyətlə, dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunan, lakin diaqnostik qiymətləndirməyə buraxılmayan yüzlərlə müəllimin taleyinə nəhayət ki, bir aydınlıq gətirilməlidir”.