Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-24 17:07:23
Məktəb direktorundan rüşvət alarkən yaxalanan reket jurnalistin məhkəməsi başlayıb  

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Amerikapress.com" saytının rəhbəri, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədr müavini Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzEdu.az Trend-ə istinadən  məlumat verir ki,  hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə vəsatətlə çıxış edən R.Sultanov bildirib ki, vəzifəli şəxs olmadığı halda ona rüşvətalma maddəsi ilə ittiham verilib və 5 aydır qanunsuz olaraq həbsdə saxlanılır: "Xahiş edirəm mənə bəraət verəsiniz və bunun üçün kifayət qədər də əsas var. Heç olmasa barəmdə seçilmiş həbs-qətimkan tədbirini başqa yerə getməmək tədbiri ilə əvəz edin".

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesdə məhkəmə istintaqının başlanılması barədə qərar qəbul edilib, prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən R.Sultanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Prosesdə şahid qismində ifadə verən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova bildirib ki, 2017-ci ilin avqustundan onun barəsində internetdə xoşagəlməz yazılar dərc olunub: "Sonra mənə zəng etdilər, amerikalı jurnalistlər olduğunu dedilər. Məndən 5 min manat istədilər. Sonradan bir neçə nəfərlə görüşdüm, məbləği 5 min manatdan 2 min manata qədər düşdülər:

İki min manata razılaşdıqdan sonra Rauf məni tez-tez rahatsız edirdi. Gecə saatlarında mənə zəng edirdi. Ona yalvarırdım ki, bu işdən əl çək, amma əl çəkmirdi. İstənilən vaxt zəng edirdi, məni narahat edirdi. Mənə görüntülü zənglər də edirdi. Onun görüntülü zənginə cavab verdim, şəkər xəstəsi olduğumu dedim. Dedim ki, məni narahat etmə. Amma bu əməlindən əl çəkmirdi. Evdə gənc oğlum, ailəm var. Onlar da narahat olurdular. Məcbur qalaraq korrupsiya idarəsinə müraciət etdim. Pulu vermək üçün məni evinə çağırdı".

N.Məmmədova ifadəsində qeyd edib ki, R.Sultanovdan bir neçə ay əvvəl başqa bir jurnalist ona zəng edib: “Həmin jurnalist mənə sual verəndə, ona kobud cavab verdim. Həmin jurnalistə dedim ki, sən bilirsən, kimə zəng edibsən, başın üstünə ağırlıq edir. Düzdür, həmin ifadələri işlətmək məktəb direktoruna yaraşmazdı, amma məni həmin dövrdə çox sıxırdılar, əsəbi olduğum üçün kobud cavab vermişəm. Buna görə də rəhbərlik tərəfindən töhmət almışam”.

N.Məmmədova deyib ki, R.Sultanovla bağlı olan söhbətini rəfiqəsi və həm də qohumu olan Samirə Mirzəyevaya izah edib, onun Raufla görüşməsini istəyib.

N.Məmmədova qeyd edib ki, Samirə Mirzəyeva və onun həyat yoldaşı Rasim Mirzəyevlə birlikdə R.Sultanovla görüşməyə gediblər: “Mən maşında qaldım, Samirə və Rasim Raufla görüşdülər. Rasim mənim xahişimlə bu problemi həll etmək üçün 1200 manat verməyi təklif etdi. Amma Rauf israrla 5 min manat tələb edirdi”.

R.Sultanov bildirib ki, ona qarşı sürülən ittiham saxtadır. Onun sözlərinə görə, haqqında korrupsiya idarəsinə yazılan şikayəti N.Məmmədova yazmayıb:

“Mən Nailə Məmmədovanın xəttini çox yaxşı tanıyıram”.

Növbəti proses iyunun 4-də davam edəcək.

 

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində R. Sultanov yaşadığı evdə rüşvət alarkən yaxalanıb.

O, 187 saylı orta məktəbin direktoru N.Məmmədovadan rüşvət almaqda təqsirli bilinir.

R.Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb.

Bundan əvvəl o, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilib.

Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.

R.Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə məhkum olunub. Hökm üzrə R.Sultanov ötən ilin dekabrın 2-də cəzasını başa vurub.

Xəzər rayon Məhkəməsinin hökmü ilə R.Sultanovun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Hökmdən narazı qalan R. Sultanov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, hökmdə yenə də xətşünaslıq ekspertizasının rəyi saxtalaşdırılıb. R.Sultanov barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət verilməsini xahiş edib. Həmçinin Baş Prokurorluq da apellyasiya protesti verərək, R.Sultanovun cəzasının ağırlaşdırılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Xəzər rayon Məhkəməsinin hökmü dəyişdirilib. Rauf Sultanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi həmin məcəllənin 178.1 və 178.2-ci maddələrinə tövsüf edilib və onun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

R.Sultanov sonradan Nizami rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

R.Sultanov azadlığa çıxandan sonra Amerikapress.com saytını yaradıb və həmin sayta rəhbərlik edib.

Sayt rəhbəri olandan sonra onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər daxil olub.