Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-23 12:07:00
Göz həkimi deputatı dəstəklədi: “Valideynlər özləri uşaqların gözlərini korlayırlar”

“Olimpiadada iştirak edən 300 şagirddən 120-sinin gözündə eynək var idi. Bu, çox ciddi məsələdir. Niyə onların gözləri zəifləyib? Bəlkə, biz qida rasionunu dəyişməliyik, ya başqa addımlar atmalıyıq. Bütün hallarda məktəbliləri əhatə edən bu problemin həllinə yönəlik işlər görməliyik”.

Bu sözləri Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.

Bəs son zamanlar uşaqlarda, xüsusən də, zehni fəaliyyətə daha çox yer ayıran gənclərdə yaranan göz problemlərinin səbəbi nədir?

AzEdu.az-a açıqlamasında oftalmoloq Günay Əliyeva bildirib ki, Zahid Orucun dediyi say böyük göstəricidir. Onun sözlərinə görə, göz qüsurlarının yaranmasında valideynlərin günahı çoxdur:

“Uşaqlara gün ərzində planşet, kompüter, telefon veririk. Onların məktəb yükü normadan çoxdur. Uşaq bütün günü yaxına baxır, belə olduqda əzələlərin spazmına səbəb olur  və qüsurun yaranmasına şərait yaranır. Dərsi oxuyub bitirdikdən sonra  havaya çıxılmır, yeməyə, qamətə fikir verilmir. Bir sözlə gün ərzində gözün gigiyenasını qorumuruq. Valideynlər uşaqlardan bunu tələb etmir. Bundan əlavə onlara mobil telefon veririk. Bu, gözün yaxına yükünü daha da artırır. Bizim gözümüz uzağa baxdığı kimi yaxına da baxmalıdır.Amma uşaq bütün gün yaxına baxır. Göz əzələləri fizioloji olaraq quruluşunu dəyişir, başlayır uzağı zəif görməyə.

Genetik faktorlar da var. Əgər genetik meyillilik varsa, buna şərait yaradılır və zəifləmə olur. Biz istəyirik ki, uşağımız hər şeyi bilsin.Yaşına uyğun olmayan  yüklər veririk. Bu da qüsurun yaranmasına gətirib çıxarır. Qlobal bir problemdir. Oxumaq lazımdır. Amma uşaqları idmana qoymuruq, təmiz havada gəzdirmirik, yeməklərimizi xüsusi rasionlara uyğun vermirik. Bunların hamısı  gözə təsir edir. Uşaq 3 yaşında planşetlə oynamasa da olar, amma biz onu veririk ki, uşağın səsi gəlməsin. Son zamanlar qüsurlarla bağlı müraciətlər çox olur. Əgər nəsildə, ana-atada gözlərində zəiflik varsa,biz bilməliyik ki, uşaqda 50% yaranma riski var. Ona görə uşağı artıq 1 yaşında həkimə göstərmək lazımdır. 6-7 yaşını gözləmək lazım deyil”.