Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-28 13:58:00
Təlim prosesində səmərəliliyin artırılmasında dərs cədvəlinin elmi-pedaqoji tələblər əsasında tərtibi vacib amillərdəndir

 

Məktəbin keyfiyyətli idarə olunmasında, təlim prosesində səmərəliliyin artırılmasında dərs cədvəlinin elmi-pedaqoji tələblər əsasında tərtib edilməsi  vacib amillərdəndir. Dərs cədvəlinin düzgün tərtib olunması şagirdlərin təlim materiallarını yaxşı mənimsəməsinə  də müsbət təsir göstərir.

 Dərs cədvəlinin tərtibində həftənin ayrı-ayrı günlərinin çətin fənlərlə həddindən  artıq  yüklənməsi şagirdlərin iş qabiliyyətinin aşağı düşməsinə  səbəb olur. Həm də düzgün tərtib olunmayan dərs cədvəli  şagirdlərdə yorğunluq, diqqətsizlik kimi halların baş verməsinə gətirib çıxarır. Bundan başqa, tələblərə cavab verməyən dərs cədvəli tədris prosesində həmçinin intensivliyi azaldır, şagirdlərin yorğunluğu həftə ərzində  getdikcə artır, eyni zamanda müəllim əməyinin səmərəsinə mənfi təsir göstərir.

 Ona görə də dərs cədvəli tərtib edilərkən şagirdlərin yaş xüsusiyyətləri, fənlərə verilən saatların miqdarı, fənlərin çətin, orta çətin, asan olmaqla cədvəldə yerləşdirilməsi mühüm amillərdəndir. Bütün siniflərdə dərs cədvəli tərtib olunarkən fənlərin gün ərzində ardıcıllıqla düzgün yerləşdirilməsi çox vacibdir.

 Bəs, dərs cədvəlində fənlərin ardıcıllığı necə olmalıdır?

 Azərbaycan dili, riyaziyyat, kimya, fizika fənləri cədvəldə gunün ilk saatlarında yerləşdirilməlidir.

 Coğrafiya, tarix, biologiya, xarici dil fənlərinin cədvəldə sonrakı saatlarda yerləşdirilməsini isə daha məqsədəuyğun hesab etmək olar. 

 Texnologiya, musiqi, təsviri incəsənət, fiziki tərbiyə, çağırışaqədərki hazırlıq dərslərini isə sonuncu saatlara yerləşdirilməsi daha düzgündür.

 Əlbəttə, bu fikirlərim nisbidir. Hər hansı bir fənn şagird üçün çətin, digəri üçün isə asan ola bilər. Bir məsələni də qeyd edək ki, şagirdlərin hər hansı fənni mənimsəməsində müəllim metodikasının, səriştəliliyinin, onun fənninə qarşı şagirdlərdə yaratdığı  marağın da çox böyük əhəmiyyəti var.

 Dərs cədvəlinin tərtibində subyektivçiliyə də yol vermək olmaz. Eyni gündə  cədvəldə tarix və coğrafiya, fizika və kimya dərsi varsa, əvvəl coğrafiya, sonra tarix, əvvəl fizika, sonra isə kimya dərslərini salmaq daha məqsədəuyğundur.

Cədvəli tərtib edərkən həftə ərzində günlərin də məhsuldarlığı nəzərə alınmalıdır. Həftənin 2-ci, 3-cü və 4-cü günləri şagirdlərin iş qabiliyyətinin məhsuldarlıq günləri hesab etmək olar.

 Cədvəl fənlərə görə necə qurulmalıdır?

 I-IV siniflərin dərs cədvəlində dərslər ana dili, riyaziyyat, xarici dil, sonra texnologiya, informatika, musiqi, fiziki tərbiyə, həyat bilgisi fənləri ilə sıralanır.

 V sinifdə isə Azərbaycan dili, riyaziyyat, xarici dil, tarix, həyat bilgisi, informatika, təsviri incəsənət, musiqi, fiziki tərbiyə, texnologiya fənləri  ilə yerləşdirilir.

 VI sinifdə Azərbaycan dili, riyaziyyat, xarici dil, fizika, tarix, ədəbiyyat, biologiya, coğrafiya, informatika, həyat bilgisi, texnologiya, təsviri incəsənət, musiqi, fiziki tərbiyə, VII sinifdə Azərbaycan dili, riyaziyyat, kimya, fizika, tarix, ədəbiyyat, biologiya, coğrafiya, həyat bilgisi, informatika, texnologiya, təsviri incəsənət, musiqi, fiziki tərbiyə, VIII sinifdə Azərbaycan dili, riyaziyyat, xarici dil, kimya, fizika, biologiya, ədəbiyyat, coğrafiya, tarix, informatika, həyat bilgisi, texnologiya, təsviri incəsənət, musiqi, fiziki tərbiyə fənlərinin ardıcıllığı mütləq qorunmalıdır.

 IX siniflərə gəldikdə isə ardıcıllıq belə olmalıdır. Riyaziyyat, fizika, kimya, biologiya, ədəbiyyat, tarix, coğrafiya, informatika, fiziki tərbiyə, həyat bilgisi, texnologiya, təsviri incəsənət, musiqi, fiziki tərbiyə.

 Cədvəl qurularkən ən həssas yanaşmalı olduğumuz siniflər isə X-XI siniflərdir. Burada siniflərin təmayüllər üzrə formalaşması da xüsusi əhəmiyyət daşıyır. Qaydalarda da qeyd edildiyi kimi dərslərin ardıcıllığı bu qaydada həyata keçirilməlidir. X sinifdə - fizika, kimya, riyaziyyat, tarix, xarici dil, coğrafiya, Azərbaycan dili, ədəbiyyat, informatika, çağırışaqədərki hazırlıq, fiziki tərbiyə, XI sinifdə isə Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, kimya, tarix, biologiya, coğrafiya, informatika, çağırışaqədərki hazırlıq, fiziki tərbiyə fənlərinin ardıcıllıqla yerləşdirilməsi məqsədəuyğun hesab edilə bilər.

 1,5,6,7-ci saatlarda şagirdlərin iş qabiliyyətinin aşağı düşməsini nəzərə almaqla dərs cədvəlinə orta çətin və asan dərslərin yerləşdirilməsi daha məqsədəuyğundur.

 Məsələn, ədəbiyyat, xarici dil, tarix, biologiya  birinci saata, texnologiya, təsviri incəsənət, musiqi və nəğmə, fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, informatika dərslərinin altıncı, yeddinci saatlara salınması tövsiyə olunur.

 Bir sözlə, gün və həftə ərzində şagirdlərin iş qabiliyyətinin dəyişməsinin nəzərə alınması ilə tərtib edilən dərs cədvəli  təlimin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsində birmənalı şəkildə əsas rola malikdir.

 Pedaqoji prosesin vacib amillərindən olan  sinif-dərs məşğələsinin keyfiyyətində  də dərs cədvəlinin  düzgün tərtibinin çox böyük əhəmiyyəti var.

 Fakültativ məşğələlər V və VIII siniflərdə 1 saat olmaqla, məktəbdə əsasən Azərbaycan dili, riyaziyyat, xarici dil (ingilis dili), tarix, coğrafiya, kimya, fizika, biologiya fənlərinin tədrisinə verilir.

 Fakültativ məşğələlər əsas dərs cədvəlində dərslər qurtardıqdan sonra başlayır. Burada şagirdlərin istirahət vaxtını nəzərə almaq vacib amillərdəndir.

 Dərnək məşğələləri isə 5 günlük iş həftəsində əsasən şənbə  gününə salınır və 1 akademik saat, fakültativ məşğələ isə 1 dərs saatı müddətində fəaliyyət göstərir.(Azərbacan müəllimi)