Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 12:13:13
Qəbul imtahanının düzgün cavabları cavab kartında gizlədilir? – Mütəxəssis rəyi

Ali məktəblərə qəbul imtahanlarının cavabları 2 gün ərzində elan olunur. Təxminən 33.000-dən çox abituriyentin nəticələrinin qısa müddət ərzində elan olunması şagirdlər arasında bir sıra şayiələrin yayılmasına səbəb olub. Onlar iddia edir ki, cavab kartının üzərinə lazer işığı düşdükdə düzgün cavablar vərəqin üzərində əks olunur.

Bu o deməkdir ki, Dövlət İmtahan Mərkəzi cavab kartlarının emalını həmin vərəqlərin elektronlaşdırılması üsulu ilə həyata keçirir.

Belə bir iddianın mümkün olub-olmadığını və nə dərəcədə reallığı əks etdirdiyini dəqiqləşdirmək üçün İT mütəxəsisləri ilə əlaqə saxladıq.

İT üzrə mütəxəsis Tural Əsgərov AzEdu.az-a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzinin cavab kartlarının yoxlanılması prosesində hansı sistemdən istifadə etdiyini dəqiq bilmir:

“Texniki cəhətdən cavab kartlarının yoxlanılması çox sadə üsulla həyata keçirilir. Adlar həmin kartda kodlaşdırılmış olur, şagirdlər isə düzgün bildikləri cavabı vərəqə kodlaşdırırlar. Sonra kompüter qara xanaları ardıcıllıqla scan edir. Bazaya daxil olan məlumatlar kompüter tərəfindən oxunur. Məsələn, şagirdin adının Nərgiz olduğunu oxuyur, sonra Nərgizin qeyd etdiyi cavabları ardıcıllıqla oxuyur. Bu cavabları Nərgizin şəxsi məlumatlarına qeyd edir. Balları hesablayır və nəticəni göstərir. Yəni, proses bu qədər sadədir. Şagirdlərə həmişə doğru kodlaşdırmağın tapşırılmasının səbəbi də onu oxuyanın insan olmamasıdır. Məsələn, kompüter eyni sırada həm A, həm də B hərfi görsə, bunu necə oxusun?”

Tural Əsgərov qeyd edib ki, şagirdlərin iddia etdikləri fikirlər tamamilə mənasızdır:

“Bəlkə vərəqdə nəmişlik olacaq? Bəlkə nəsə baş verəcək? Əgər kompüterdə hazır məlumatlar varsa, onu oradan götürmək sadə olar, yoxsa hansısa kağıza, dəri üzərinə, daş kitabələrə həkk edib yenidən kompüterə oxumaq? Bu çox absurddur”.

İT üzrə mütəxəsis Orxan Əhmədovun sözlərinə görə, şagirdlərin iddia etdikləri sistemi hazırlamaq texniki cəhətdən mümkündür:

“Bu sistem mümkün olsa da, belə bir şeyi Dövlət İmtahan Mərkəzi heç vaxt etməz. Yəni cavablar gizli halda əvvəlcədən kağız üzərində yazılmır”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları