Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-26 14:35:00
Biologiya və Tibb Elmləri Bölməsində doktorantura və dissertanturaya qəbulun nəticələri təsdiqlənib

Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) ümumi yığıncağı keçirilib.

 Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, BTEB üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin direktorları və aidiyyəti üzrə dəvət olunan qonaqlar iştirak ediblər.

 Ümumi yığıncaqda BTEB elmi təşkilatlarının 2020-ci il üçün elmi-tədqiqat planları, bu təşkilatlarda 2020-ci il üçün doktorantura və dissertanturaya qəbulun nəticələri təsdiqlənib.

 Təqdim olunan dissertasiya mövzularının adları ilə bağlı bir sıra vacib məqamlara toxunan akademik İradə Hüseynova alimlərə öz tövsiyələrini verib. Mövzuların aktuallıq dərəcəsi nəzərə alınmaqla və fərqli yanaşmalarla elmə yeniliklər gətirməyin mümkünlüyünü vurğulayan akademik elmdə yeni bir istiqamət açmaqla elmi işin tədqiqinə başlamağın vacib olduğunu diqqətə çatdırıb.

 Gündəlikdə yer alan digər məsələ Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri arasında əməkdaşlığa dair təkliflər haqqında olub. Akademiyanın Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən İ.Hüseynova bu əlaqələrin genişlənməsinin AMEA-nın büdcədənkənar gəlir əldə etməsi baxımından zəruri olacağını vurğulayıb.

 Sonda gündəlikdə duran digər məsələlərə də baxılıb.(Azərbaycan müəllimi)