Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-26 13:47:00
Magistratura imtahanlarının ölkə ikincisi – “Bu səbəb tələbələrə çox mane oldu”

 

“Magistr hazırlığı ilə universitet imtahanlarını bir arada oxumaqda çətinlik yaşayırdım”.

Bu sözləri AzEdu.az-a açıqlamasında fevral ayının 23-də keçirilən magistraturaya qəbul  imtahanında 93 bal toplayaraq ölkə ikincisi olan Solmaz Əzimli deyib.

O, hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alır.

Müsahibimiz imtahanla bağlı fikirlərini bölüşüb:

“İmtahan prosesi normal şəkildə keçdi. Dərslərimlə ciddi məşğul olduğum üçün  testləri cavablandırmaqda problem yaşamadım. Suallar çətin deyildi, lakin gözlədiyim  kimi də olmadı. İnformatikaya aid suallar ağır idi və tələbələrin çoxu onları  cavablandıra bilmədilər. Həmin fəndən yeni tipli suallar salınmışdı və  çox vaxt aparırdı. Bu da tələbələrin bir qisminin  zəif nəticə göstərməsinə   səbəb oldu. Bu tip sualların cavablandırılması  məntiqi əsasa dayanırdı. İngilis dilindən  olan suallar isə   asan idi”.

Solmaz Əzimli ixtisas seçimi və hazırlıq prosesi haqqında danışıb:

“İxtisas seçimində Bakı Dövlət Universitetinin Hüquq fakültəsini və ya İdarəçilik Akademiyasını seçəcəyəm:

“Hazırlıq prosesində “Prestij-S”  kursuna gedirdim. Burada olan müəllimlər mənə yaxından kömək edirdilər. Hər üç fənni tədris edən şəxslərin üzərimdə böyük əməyi olub. Lakin magistr hazırlığı ilə universitet imtahanlarını bir arada oxumaqda çətinlik yaşayırdım. Çünki dördüncü kurs olduğum üçün universitet imtahanları ilə magistr dərsləri üst-üstə düşürdü. Lakin universitet müəllimlərim də bu məsələdə mənə yardımçı oldular. Çalışırdım ki, gecələr çox yatmayım və dərslərimi oxuyum”.

Müsahibimiz magistraturaya hazırlaşanlara bir sıra tövsiyələr verib:

“Magistraturaya hazırlaşan tələbələrə çox çalışmağı tövsiyə edirəm. Kitabı oxuyub onu əzbərləmək  yüksək nəticə əldə etməyə dəlalət etmir. Çünki imtahanda düşən suallar sübut etdi ki,  məntiqi rəfəkkürü olan  və mülahizə yürütmək bacarığı formalaşan şəxslər yüksək nəticə əldə edə bilərlər. İmformatikadan bu il düşən sualların cavablandırıla bilməməsinin əsas səbəbi də məhz bununla bağlı idi. Oxumaq deyil də, daha çox praktiki əsaslarla öyrənməklə daha yüksək nəticə əldə etmək mümkündür”.

Respublika ikincisi imtahanda bir sıra mənfi hallar  yaşayıb:

“İmtahan prosesində bir problemim və narazılığım olmadı. Lakin  imtahan verdiyim  42 nömrəli məktəbdə partalar  ibtidai sinif uşaqları üçün nəzərdə tutulduğundan  orada   oturmaqda çətinlik yaşadım. Həm də otaq soyuq olduğu üçün bu da əlavə  problem yaratdı. Sinifdə olan digər tələbələrin isə bu tip mənfi hallarla qarşılaşdığı haqqında məlumatım yoxdur. Lakin bu nüanslar mənim cavablarıma təsir etmədi”.

Müsahibimiz hazırki universitet həyatından da söz açıb:

“Universitetə 644 balla daxil olmuşam ,  iki smestr əlaçı, digər smestrlər isə zərbəçi olmuşam. Təhsil həyatımda yalnız  bir dəfə  “C” almışam, digər imtahanlardan nəticəm isə “A” və “B” olub”.

Qeyd edək ki, İmtahanın nəticələri mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Bu bakalavrlar iyunun 8-dən 18-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun proqramı və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları