Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-26 09:03:00
Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzi əlaqələrini genişləndirir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Otokoç Azərbaycan” MMC və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) nümayəndələri ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, əməkdaşlığın qurulması məqsədilə keçirilən görüşdə mərkəzin pedoqoji-mühəndis heyəti və tələbələri də iştirak edib.

Görüş zamanı mərkəz direktoru Rəşad Xanlarov rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ətraflı məlumat verib, strateji inkişaf hədəflərindən danışıb. 

R.Xanlarovun sözlərinə görə, mərkəz istedadlıları aşkar etməyi, onların müvafiq sahədə inkişafına şərait yaratmağı, fərqli yaş qruplarından olan şəxslər üçün təhsil imkanları təqdim etməyi qarşısına məqsəd qoyub.

Görüş iştirakçıları mərkəzin cari standartlara tam cavab verən maddi-texniki bazası, təcrübəli və ixtisaslı kadrları ilə yaxından tanış olmaq imkanı əldə ediblər. 

Nümayəndə heyəti peşə təhsili müəssisəsinin infrastrukturu ilə yaxından tanış olub, burada çalışan mütəxəssislər ilə gələcək perspektivlərə dair fikir mübadiləsi aparıb, emalatxanalarda və tədris-mühazirə otaqlarında dərs prosesini izləyiblər.

Bildirilib ki, “Otokoç Azərbaycan” MMC ilə birgə fəaliyyət peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığı və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində müsbət nəticələr verəcək.