Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-25 18:00:00
Nazirliyin I sinfə qəbulla bağlı uzaqgörən addımı – Şagirdlərin təhsil taleyinin xilas kodeksləri

 Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi uğurlu addımlardan biri də birinci sinfə qəbul zamanı  digər dillərdə təhsil almaq istəyən uşaqlar üçün ilkin müsahibələrin  təşkil edilməsidir.

 Bu, fərd psixologiyası və uşaqların mühitə adaptasiyası, eləcə də özünütəsdiq meyarının nəzərə alınaraq, həyata keçirilən uğurlu təhsil siyasətidir.

 Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov  AzEdu.az-a açıqlamasında məsələ vaciblik kriteriyalarını əsaslandırmağa çalışıb. Onun fikrincə, bu, çox doğru addımdır, çünki artıq birinci sinfə qəbul olunan şagird təhsil aldığı dildə anlamağı, düşünməyi və eyni zamanda fikrini bildirməyi bacarmalıdır ki, təhsildə uğur qazana bilsin:

 “Tədrisin dili təhsil üçün çox vacibdir. Gərək, o dildə danışa biləsən ki, təhsildə də uğur qazanasan. Bu baxımdan, haqlı olaraq Təhsil Nazirliyi birinci sinfə qəbulda digər dillərdə təhsil almaq istəyən uşaqlar üçün ilkin müsahibələr təşkil edir.

Düşünürəm ki, bu, çox doğru addımdır, çünki artıq birinci sinfə qəbul olunan şagird təhsil aldığı dildə anlamağı, düşünməyi və eyni zamanda fikrini bildirməyi bacarmalıdır ki, təhsildə uğur qazana bilsin. Mən tərəfdarıyam ki, uşaqlar ibtidai təhsili öz ana dilimizdə alsınlar. "Ana", "Vətən" sözlərini ana dilimizdə öyrənsinlər.  Bəzən biz görürük ki, valideynlər dəb xətrinə övladlarının digər dillərdə təhsil almasını istəyir. Bu zaman uşaq digər dillərdə əziyyət çəkir, mənfi ovqata köklənirlər. Ona görə də pedaqoji, psixoloji mühitin düzgün qurulması üçün uşağın ilk siniflərdən daha  yaxşı bildiyi dildə təhsil alması vacibdir”.

 İctimai Şuranın katibi İlqar Orucov da məsələnin müsbət tərəflərini əsaslandırmaqla yanaşı, onun bir çox problemlərin qarşısını almasına səbəb olacağını da bildirib:

 “Birinci sinfə qəbulda digər dillərdə təhsil almaq istəyən uşaqlar üçün ilkin müsahibələrin  təşkil edilməsinin bir sıra müsbət tərəfləri var.

Son dövrlərdə digər dillərdə təhsilə  axının  olması, və onun bir növ,  dəb halını alması, cəmiyyətdə fikir müxtəlifliyinin  yaranmasına səbəb oldu.

 Məsələ bundan ibarətdir ki,  ailədə heç kim təhsilalanın tədris aldığı dili bilmir, heç həmin   şagirdin özünün  də  oxuyacağı dillə bağlı anlayışı olmur. Lakin yenə də valideynlərin istəyi, təkidi ilə bu cür şagirdlər  digər dillərdə  təhsil almalı olurlar.  Yəni nəzərə alsaq ki, o yaşda uşağın arzusu istəyi o qədər önəmli olmur, buna birbaşa valideynlər cəhd edirlər. Bu, təbii ki, yolverilməz haldır. Lakin elə qrup uşaqlar da var ki, onların mçəhz danışdıqları dildə də təhsil almaları gələcəkləri, təhsil uğurları üçün çox vacibdir.

Artıq Təhsil Nazirliyi bununla bağlı xarici dillərdə təhsil alacaq uşaqların müsahibəyə cəlb olunması ilə bağlı qərar verib. 

Bu qərar bir neçə ildir icra olunur.  Fikirləşirəm ki, qərarın müsbət tərəfləri var. Bu qərar məhz şagirdin sonradan yaşayacağı çətinliyin qarşısını almaq məqsədi güdür. 

Bu ildə birinci sinifə qəbul qaydalarında dəyişiklik edilib. Belə ki, əvvələr şagirdlərin məntiqi təfəkkürü yoxlanilirdisa, indi onların dil, nitq qabiliyyəti yoxlanılır.

Müsahibbə mərhələsi çox şəffaf şəkildə, kamera nəzarətində keçirilir və hər şey izlənilir. Kənar müdaxilədən söhbət gedə bilməz”. 

 İctimai Şuranın üzvü Elmina Kazımovanın məsələ ilə bağlı apardığı məntiqi mühakimə bir neçə vacib meyarları üzə çıxarır:

 “Məktəbə hazırlıq  psixoloji və təlim anlayışları kateqoriyasına daxildir. Onlar bir-biri ilə sıx şəkildə bağlıdır. Psixoloji cəhətdən uşaq şəxsiyyət olaraq  tədris prosesinin nizam-intizam qaydalarına əməl etməlidir. Tədris cəhətdən isə onun koqnitiv əsasları mənimsənməlidir. Yəni uşağın hadisəni dərk etməsi, onu qavrayıb təhlil etməsi əsasdır. Burada onun dil qabiliyyətləri də inkişaf edir. Buna məktəbə hazırlıq kompleksi deyilir. Əgər uşağın o dildə heç bir hazırlığı yoxdursa o, digərlərindən geri qalacaq. Məsləhət görərdim ki, valideynlər  məktəbdə  yoxlama aparsınlar . Əgər  heç bir dildə ünsiyyət olmayan  şagird birbaşa məktəbə göndərilərsə onda  stres yarana bilər. Bunun nəticəsidə onun psixoloji vəziyyəti korlanacaq. Belə olduqda uşağın təhsilə olan marağı da itəcək.

Əksinə, uşaq ailədə hansı dildə danışırsa, onun həmin dildə təhsil alması da bir o qədər məntiqli və əsaslıdır. Dil insan şüuru ilə birbaşa bağlı hadisə olduğu üçün uşağın təhsil taleyində də önəmli rola malikdir”