Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-24 17:28:00
Tələbələrin koronovirus təşvişi, DİM-in imtahan həyəcanları-Təhsil icmalı

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

17-23 fevral tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən tələbələr evə buraxılıb

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu haqda birgə məlumat yayıb. 

Səhiyyə Nazirliyindən  verilən xəbərə görə, fevralın 18-də  Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində olan iki tələbə evinə buraxılıb.

Rezidenturaya qəbul imtahanının vaxtı açıqlanıb

Fevralən 20-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020/2021-ci tədris ili üçün elan olunan rezidenturaya qəbul imtahanının vaxtı elan edilib.

DİM-dən  verilən məlumata görə, rezidenturaya qəbul imtahanının birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcək.

İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinifində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, imtahanın nəticələri fevralın 21-də saat 15:20-dən etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Çindən gələn iki tələbədə koronavirus aşkarlanmadı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri Çindən gələn azərbaycanlı tələbələrlə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, fevralın 21-də 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi olub. Belə ki, onlarda hər-hansı bir virus aşkarlanmayıb.

Fevralın 23-də  ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına imtahan keçirilib

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, magistraturaya qəbul imtahanı mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilib.

Bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunub. Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılıb.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları