Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-24 16:21:00
Adil Qeybulladan gözlənilməz koronovirus təklifi: “Məktəb və universitetlər...”

 

“İnsanlarla çox ünsiyyətə daxil olmaq tövsiyə edilmir. Əhalinin sıx olduğu yerlərdən uzaq durmaq lazımdır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O, dünyada  son günlər xeyli insan tələfatına səbəb olan koronavirus epidemiyası haqqında fikirlərini bildirib:

“Koronavirus  epidemiya şəklində dünya miqyasında yayılıb. Əksər ölkələrdə bu xəstəliyə rast gəlmək olar. Virus Amerika, İtaliya, İran, Şimali Afrika və bir çox dövlətlərdə xeyli insan tələfatına səbəb  olub. Koronavirusun əvvəlki iki növü kimi Uhan tipi də qorxulu hesab edilir”.

Professor yaranan vəziyyəti Azərbaycan üçün də təhlükəli hesab edir.

“Dünya Səhiyyə Təşkilatı yaranan vəziyyətlə əlaqədar bir sıra ölkələrdə karantin rejimi elan edib . Düşünürəm ki, Azərbaycan da bu ölkələrin sırasına daxil olmalıdır. Bizdə koronavirusla bağlı marifləndirici tədbirlərə çox az yer verilir. Vətəndaşlar karantin tədbirlərini  həyatlarında  hiss etmirlər”.

Adil Qeybulla virusla əlaqədar yaranan  və  təşviş yaşadan informasiyalardan da bəhs edib:

“Müxtəlif məlumatlar yayılır. Gömrük keçid məntəqələrində qızdırması olan şəxslərin ölkə xaricinə buraxılmaması ilə bağlı şaiyələr yayılır. Lakin biz bu xəbərləri rəsmi şəkildə əldə edə bilmirik. Bu istiqamətdə olan işlərimizi gücləndirməli və milli maraqlarımızı qorumalıyıq. Biz dünyada gedən proseslərə təsir edə bilmərik , lakin özümüzü qoruya bilərik”.

Tibb elmləri doktoru infeksiyadan qorunmaq yolları barəsində danışarkən bunları tövsiyə edib:

“İnfeksiya   hava-damcı, hava-toz  nəfəs yolları   vasitəsi ilə keçir. Əllərimizi tez- tez yumalı və maskada gəzməliyik. İnsanlarla çox ünsiyyətə daxil olmaq tövsiyə edilmir . Əhalinin sıx olduğu yerlərdən uzaq durmaq lazımdır. Məktəblər və universitetlər bir müddət bağlanmalıdır. Sərhəd zonalarında karantin  rejimi gücləndirilməli və çoxsaylı tədbirlər görülməlidir”.

Adil Qeybulla dünüən yayılan səs yazısı haqqında öz fikirlərini bildirib.

“İnsanların qorxu şəklində yaşamaması üçün dürüst və doğru informasiyaları çatdırmaq lazımdır. Real məlumatlar insanlara çatdırılanda onlar   həqiqəti anlamış olurlar.  Doğru məlumat olmayanda şaiyələr onu əvəz edir.   Ona görə də informasiya dəqiq olmalıdır. Dünya Səhiyyə Təşkilatı  80 minə yaxın insanın yoluxması faktını təsdiq edir . Ölüm halları isə 10 faizə qədərlik bir qismi əhatə edir. 20 min insan isə bu xəstəlikdən qurtulub. Bu da  insanların immun sistemi ilə sıx şəkildə bağlıdır”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları